Nərminin ölümü ilə bağlı məsələ nəzarətə götürülüb - RƏSMİ

  07 Yanvar 2020    Oxunub : 4666
Nərminin ölümü ilə bağlı məsələ nəzarətə götürülüb - RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva ilə bağlı rəsmi məlumat yayıb.
Komitədən Azvision.az -a verilən məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılır.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda baş verən bu hadisə nəticəsində azyaşlının qətlindən kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Bildirmək istəyirik ki, hadisə ilə bağlı bütün lazımi və təxirəsalınmaz tədbirlər görüləcək, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, eləcədə cinayətkarın öz layiqli cəzasını alması üçün bütün addımlar atılacaq.

Baş vermiş hadisə bir daha valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxardır. Komitə valideyn məsuliyyətini bir daha vurğulayaraq, valideynlərə uşaqlara nəzarətin artırılmasını, onlarla mümkün qədər çox ünsiyyətdə olmalarını, övladlarının davranışlarını daim nəzarətdə saxlamalarını, eyni zamanda valideynlərə öz uşaqlarına qarşı məsuliyyətli, həssas və qayğılı olmalarını tövsiyə edir.

Bir daha qeyd edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlıq üçün gedib. Babası ondan evə gedib, gödəkcəsini gətirməsini istəyib. Bundan sonra qızdan heç bir xəbər alınmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: