Qazaxda top mərmisi və iki mina tapılıb

  07 Yanvar 2020    Oxunub : 2021
Qazaxda top mərmisi və iki mina tapılıb
Qazax rayonunda top mərmisi və piyada əleyhinə mina aşkarlanıb.
Bu barədə Azvision.az -a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, 2020-ci il yanvarın 7-si saat 12:25-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Quşçu Ayrım kəndi ərazisində mərminin və minanın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 2 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən 7-dək 3 siqnal (əməliyyat çağırışı) əsasında 3 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Qazax, Tovuz rayonları və Bakı şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilmiş, 150 kv.m ərazi yerüstü və 6 kv.m ərazi yeraltı yoxlanılıb.

Azvision.az

Teqlər: ANAMA