Nazirlik: 88 nəfər əvvəlki işinə bərpa olunub

  14 Yanvar 2020    Oxunub : 1897
Nazirlik: 88 nəfər əvvəlki işinə bərpa olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 178,7 min manat məbləğində vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 95,4 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Azvision.az

Teqlər: ƏƏSMN