ABŞ-İran gərginliyi Azərbaycan turizminə təsir etməyib

  14 Yanvar 2020    Oxunub : 1822
 ABŞ-İran gərginliyi Azərbaycan turizminə təsir etməyib
ABŞ və İran arasında münasibətlərin gərginləşməsi, eləcə də İranda baş verən son hadisələr bu ölkədən Azərbaycana gələn turistlərin sayında azalmaya səbəb olmayıb.
Bu barədə Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, regionda gərginlik olanda hər kəsə təsir edir və turizmə mənfi təsirləri görünür.

“Qonşuluqda baş verən hadisə istər-istəməz Azərbaycana həm İrandan gələn turistlər, həm də ümumən regiona gələn turistlər üçün sıxıntı yarada bilər. Məsələn, ötən il Rusiya ilə Gücüstan arasında gərginlik baş verdi və bunun regiona təsiri oldu. Turizm geosiyasi, geostrateji, coğrafi və digər məsələlərə həssasdır. Bu gün turist sayında İrandakı vəziyyətə görə azalma dinamikasının olmasını müşahidə etmədik. İranlı turistlərin, o cümlədən Azərbaycana gələn ümumi turistlərin sayında fərq görsənmir”.



K.Quluzadə əvvəlki dövrlə müqayisədə 2019-cu ilin sonuna doğru iranlı turistlərin sayında artımın müşahidə edildiyini qeyd edib.

“Təxminən il yarım əvvəl İrandan gələn turistlərin sayında azalma var idi. Çünki İrandan çıxış problemli idi, sanksiyalar təsir göstərirdi, valyuta məsələsi var idi, turizm vergisi artırılmışdı. Lakin 2019-cu ilin sonuna doğru müsbət rəqəm qeydə alındı. Mənfi tendensiya müsbət tendensiyaya çevrildi. Bu, həm də bizim orada apardığımız təşviqat işləri ilə bağlı idi. Həmçinin iranlı turistlər oradakı vəziyyətə adaptasiya olub, çıxış yolunu tapmağa başladılar ki, ölkədən kənara daha çox səfər edə bilsinlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   ABŞ   İran   Kənan-Quluzadə