“İslahatlara şərait yaradan əsas amil mövcud sabitlik və təhlükəsizlikdir” - Fuad Ələsgərov

   “İslahatlara şərait yaradan əsas amil mövcud sabitlik və təhlükəsizlikdir” -    Fuad Ələsgərov
  23 Yanvar 2020    Oxunub:11187
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd etdiyi kimi ölkəmizin inkişafına, həyata keçirilən islahatlara şərait yaradan əsas amil mövcud sabitlik və təhlükəsizlikdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxışında deyib.

Prezidentin köməkçisi bildirib ki, sabitliyin və təhlükəsizliyin təmin edilməsində heç şübhəsiz hüquq mühafizə, xüsusi ilə daxili işlər orqanlarının mühüm rolu var: "Bu sahədə görülən işlər mötəbər beynəlxalq təşkilatların reytinqlərində də öz əksini tapır. Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına əsasən, 141 ölkə arasında Azərbaycan son 3 ildə “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 45 pillə irəliləyərək 30-cu, “Təhlükəsizlik” indikatoru üzrə 18 pillə irəliləyərək 22-ci, eləcə də “Mütəşəkkil cinayətkarlıqla mübarizənin səviyyəsi” indikatoru üzrə 25 pillə irəliləyərək 18-ci mövqedə qərarlaşıb".

Fuad Ələsgərov vurğulayıb ki, ötən il ölkəmizdə həyata keçirilən islahatlar daxili işlər orqanlarını da əhatə edib. Onun sözlərinə görə, Azərbaycan polisinin fəaliyyəti durmadan təkmilləşdirilir:

"Daxili İşlər Nazirliyində həyata keçirilən kadr islahatları, idarəetmənin səmərəliliyinin daha da artırılmasına yönələn və planlı surətdə həyata keçirilən tədbirlər daxili işlər orqanları qarşısında duran vəzifələrin uğurlu icrasına şərait yaradır. Görülən tədbirlər nəticəsində cinayətkarlığa qarşı mübarizə daha böyük əzmlə aparılır, insanların həyatının, hüquq və azadlıqlarının, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması işində müsbət nəticələr əldə edilir.

Cinayətlərin açılması, axtarışda olan şəxslərin tutulması və cinayətkar qrupların vaxtında zərərsizləşdirilməsi sahəsində aparılan tədbirlər ötən il də səmərəli olmuşdur. Ümumilikdə cinayətlərin açılma göstəricisinin neçə illərdir 85 faizdən yuxarı olmasının arxasında daxili işlər orqanlarının cinayətkarlıqla gündəlik, gərgin və barışmaz mübarizəsinin dayandığı xüsusi vuğulanmalıdır".

Prezidentin köməkçisi əlavə edib ki, ötən il ərzində narkotik vasitələrin dövriyyəsi, xüsusilə narkotik vasitələrin satışı ilə bağlı cinayətlərin artması müşahidə olunub: "Daxili işlər, gömrük, sərhəd və təhlükəsizlik orqanlarının birgə ciddi mübarizəsi nəticəsində ölkə ərazisində ümumilikdə 3,3 tondan artıq narkotik vasitə müsadirə edilmişdir. Onlardan 1.2 ton narkotik vasitə daxili işlər orqanları tərəfindən müsadirə edilib. Bu mübarizədə bütün hüquq mühafizə orqanları yaxından əməkdaşlıq etməli və əsas diqqət narkotik vasitələrin mənbəyinin müəyyən edilməsinə, narkotik vasitələrin qanunsuz olaraq ölkəyə gətirilməsinin və onların qanunsuz satışının qarşısının alınmasına yönəldilməlidir".

Fuad Ələsgərov, eyni zamanda qeyd edib ki, statistik təhlilə nəzər saldıqda, diqqəti cəlb edən mühüm pozitiv dəyişikliklərdən biri də yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin 30 faiz azalmasıdır.

Daha sonra diqqətə çatdırılıb ki, 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamaqla bu sahədə də islahatların yeni mərhələsinin başlanğıcını qoyub:

"Fərmanda vahid məhkəmə təcrübəsinin yaradılması və ona riayət edilməsinə xüsusi əhəmiyyət verilmiş, dekabr ayında prosessual qanunlara edilən dəyişikliklər vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmlərini təsbit etmişdir. Təhqiqatçı, müstəntiq və prokurorların məhkəmədə formalaşdırılan vahid hüquq tətbiqi təcrübəsini daha dərindən öyrənməsi, ona riayət etməsi və təkmilləşdirilməsinə töhfə verməsi bütövlükdə cinayət təqibi sahəsində ədalət mühakiməsinin inkişafına səbəb olacaqdır".

Onun sözlərinə görə, ötən il Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar qanunvericilik bazası da təkmilləşdirilib və bir sıra normativ hüquqi aktlar qəbul edilib.

"Ölkə tarixinin ən taleyüklü anlarında daxil işlər orqanları hər zaman dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi rol oynamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və xəbərsiz itkin düşmüş 389 daxili işlər orqanları əməkdaşının ailə üzvlərinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli Fərmanına əsasən təmin edilmişdir.

Bu gün Nazirliyin orqan və hissələrində idarəçilik mexanizminin təkmilləşdirilməsi, qüvvə və vasitələrin çevikliyinin artırılması, dəyişən şəraitdə fəaliyyətin optimallaşdırılması, əməliyyat mövqelərinin möhkəmləndirilməsi üzrə davamlı şəkildə görülən tədbirlər ölkədə kriminogen durumun nəzarət altında olduğunu deməyə əsas verir", - deyə Prezidentin köməkçisi vurğulayıb.

Azvision.az


Teqlər: Fuad-Ələsgərov   Prezidentin-Köməkçisi  





Xəbər lenti