Vəkilliyə namizəd 84 nəfər icbari təlimə buraxılıb

  29 Yanvar 2020    Oxunub : 1152
Vəkilliyə namizəd 84 nəfər icbari təlimə buraxılıb
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə keçən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin birinci hissəsinə əsasən, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslərdən 103 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə noyabrın 17-dən yanvarın 28-dək ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a bildirilib ki, imtahanların nəticəsinə görə, vəkillərin ixtisas komissiyasından peşə yararlılığına dair rəy almış 84 namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsindən müvəffəqiyyət qazanmış namizədlərin fevralın 17-də saat 09:00-dan gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına (Bakı şəhəri Vidadi küçəsi 158) gəlmələri xahiş edilir. Əlavə məlumatı 012 594-14-95 telefon nömrəsindən öyrənmək mümkündür.

İxtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış, əvvəllər vəkil və ya hakim olmuş üç nəfər vəkillik haqqında qanunvericiliyin tələblərinə əsasən icbari təlimə cəlb edilmədən andiçməyə buraxılıb.

Azvision.az

Teqlər: Vəkillər-Kollegiyası