Çində 500-ə yaxın azərbaycanlı təhsilini davam etdirir - RƏSMİ

   Çində 500-ə yaxın azərbaycanlı təhsilini davam etdirir -    RƏSMİ
  25 Fevral 2020    Oxunub:3152
Çin Xalq Respublikasında HTP çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarından yerli ali təhsil müəssisələrinə köçürülmək üçün yalnız 1 nəfər transfer.edu.az portalında qeydiyyatdan keçib.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Çin Xalq Respublikasında yayılan 2019-nCoV koronovirus orada təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ciddi narahatlığına səbəb olduğundan, tələbələrin əksəriyyəti ölkəmizə geri qayıdıb.

“Diplomatik kanallar vasitəsi ilə Təhsil Nazirliyinə daxil olan məlumata əsasən bildiririk ki, Çin Xalq Respublikasında yayılan 2019-nCoV koronovirus ilə əlaqədar olaraq 2019/20-ci tədris ilinin II semestri üçün tədris prosesinin başlama tarixi qeyri-müəyyən müddətə təxirə salınıb. 2019/20-ci il tədris ilində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Çin Xalq Respublikasında 62 nəfər Azərbaycan Respublikası vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) ilə təhsil alır. Təhsil Nazirliyində olan məlumata əsasən Çində 500-ə yaxın Azərbaycan Respublikası vətəndaşı təhsilini davam etdirir”, - deyə məlumatda qeyd edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çin   Təhsil   Nazirlik  





Xəbər lenti