Vətəndaşlara ödənişsiz hüquqi yardım göstərildi

Vətəndaşlara ödənişsiz hüquqi yardım göstərildi
  25 Fevral 2020    Oxunub:1963
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində kollegiyanın təşəbbüsü ilə Qəbələ və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

“Kredo” vəkil bürosu tərəfindən Qəbələ Rayon Mədəniyyət Mərkəzində 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti