“Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olundu

  16 Mart 2020    Oxunub : 774
“Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olundu
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda “Təhsil haqqında” qanuna dəyişiklik layihələri müzakirə olunub.

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) təklif edilən dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.

Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Komitə   İclas