“Fransada vəziyyət olduqca acınacaqlıdır” - Mirvari Fətəliyeva

  “Fransada vəziyyət olduqca acınacaqlıdır” -    Mirvari Fətəliyeva
  30 Mart 2020    Oxunub:4536
“Bütün dünyanı təşvişə salan Covid-19 virusu təəssüf ki, məndən də yan keçmədi. Elm aləmi, eləcədə hər birimiz üçün yeni olan bu virus haqqında doğru olmayan bir çox məlumatlar yayılıb”.
Azvision.az xəbər verir ki, bu barədə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva “Facebook” hesabında yazıb.

Paylaşımda deyilir: “Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəsilin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma çox təəssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və diğər ölkələrdə artıq biz bunun şahidiyik. Hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər.

Məndə simptomlar ilk olaraq bir necə gün halsızlıqla başladı, daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcburən yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skayner vasitəsilə müayinədən keçdim və Covid-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi.

Qeyd edim ki, Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur. Yalnız yüksək temperaturu olan və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir. Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər.

Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyiş olduğunu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngnəfəsliyim isə get-gedə azalmağa başlayıb.

Sevinirəm ki, Azərbaycanda vaxtında, yoluxma sayının çox az olduğu andan ciddi tədbirlər görüldü ki, bu da sürətlə yayılmanın qarşısını almağa köməklik etdi. Təəssüf ki, Fransada çox gec xüsusi rejim tətbiq edildi. Vəziyyət o yerdədir ki, artıq xəstəxanalarda yer məhdudiyyətindən yaşa görə seçim etmək məcburiyyətindədirlər.

Məqsədim sizə bu müraciətimlə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaq eləcə də özünüzü , yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləməkdir. Həyatlarını təhlükəyə ataraq gecə-gündüz bizləri qorumaq üçün çalışan tibb işçilərinə öz dəstəyimizi qayda-qanuna riayət etməklə göstərək”.

Azvision.az


Teqlər: Mirvari-Fətəliyeva   Koronavirus   Fransa  





Xəbər lenti