3D printerdə insan qaraciyərinin analoqu çap ediləcək

3D printerdə insan qaraciyərinin analoqu çap ediləcək
  02 Yanvar 2014    Oxunub:1695
Transplantologiyada inqilab. Amerikalı biotexnoloqlar 3D printerdə insan qaraciyərinin analoqunu çap edəcəklər.
Kaliforniyanın “Organovo” biotexnoloji şirkəti 2014-cü ilin sonunadək 3D printerinin köməyi ilə insanın qaraciyərinin analoqunu yaratmağa hazır olduğunu bəyan edib. Qaraciyərin “istehsalı” üçün fiziki obyektin laylarla yaradılması metodundan istifadə edilir. Orqanın süni toxumalarının hazırlanması üçün material qismində canlı hüceyrələrdən istifadə olunur.

Şirkətin məlumatına görə, mühəndislər layihənin inkişafını ləngidən əsas problemi - damar və kapillyar torunun hazırlanması məsələsini praktiki olaraq həll ediblər. Biomühəndislərin fikrincə, bu mərhələdən keçid yararlı insan orqanının yaradılması imkanından danışmağa əsas verəcəkdir. Lakin 2014-cü ildə yaradılacaq süni qaraciyər transplantasiya üçün yararlı olmayacaq, orqandan yalnız dərmanların təsirinin, həmçinin onkoloji xəstəliklərin müalicəsi üsullarının öyrənilməsi üçün geniş istifadə olunacaq.

Şirkətin vitse-prezidenti Mark Renarın sözlərinə görə, insan həyatı üçün zəruri olan bu orqanın yaradılması dərmanların testdən keçirilməsinə sərf olunan vəsaitə yetərli qənaət etməyə imkan verəcək. Dərman preparatlarının əlavə təsirinin, o cümlədən qaraciyərə təsirinin öyrənilməsi əczaçılıq sənayesinin nəhənglərinə milyardlarla dollar məbləğində vəsaitə başa gəlir.

AzVision.az hitech.newsru.com saytına istinadən xəbər verir ki, 2011-ci ilin noyabrında şirkət 3D-printeri ilə hazırlanan damarsız qaraciyər toxumalarının kiçik nümunələrini nümayiş etdirib. Toxumalar istənilən dəyişikliyə, o cümlədən zəhər və dərmanların daxil edilməsinə reaksiya verməklə 40 gün fəaliyyət göstərə bilib.

Ekspertlər qeyd ediblər ki, 3D printerinin köməyi ilə orqanların yaradılması imkanı transplantologiyada inqilab edəcək ki, bu da gələcəkdə şuntlama əməliyyatı üçün süni damarların, sinir ucluqlarının birləşdirilməsi üçün implantların yaradılmasına böyük imkanlar açacaq.


Teqlər:





Xəbər lenti