“AŞPA bu məsələdə heç bir qətiyyət göstərmədi” - Kamal Cəfərov

  12 İyun 2020    Oxunub : 10430
 “AŞPA bu məsələdə heç bir qətiyyət göstərmədi” -  Kamal Cəfərov
"Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatı artıq hər kəsə məlumdur. Hesab edirəm ki, bu bəyanat Dağlıq Qarabağın və ətraf rayonlarının Ermənistan tərəfindən işğalı ilə bağlı verilmiş hüquqi və eyni zamanda siyasi qiymətdir".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, bəyanatın əsas əhəmiyyəti ondan ibarətdir ki, artıq Avropa institutları işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz fəaliyyətinə ilk dəfə reaksiya verir, bu cür fəaliyyətin beynəlxalq hüquq normalarına, sülh danışıqlarına zidd olmasını göstərir:

"Ona görə də Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olanda, bu cür beynəlxalq reaksiyalara hazır olsun. Çünki bu bəyanat əslində yeni presedent yaratdı. Bununla yanaşı qeyd edtməliyəm ki, AŞPA da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətdə aktiv rol oynamalıdır. AŞPA Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalmamalıdır. AŞPA-nın 2005-ci il 1416 nömrəli qətnaməsi çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəd Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində alt-komitənin yaradılmasını tələb edir. Lakin Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində alt-komitə fəaliyyətini dayandırdı. AŞPA bu məsələdə heç bir qətiyyət göstərmədi. Ancaq AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennak hüquqi və demokratik dövlətlərdə baş verən epizodik hadisəni ölkənin əsas siyasəti kimi təqdim etməyə cəhd elədi".

Deputat çıxışına əlavə olaraq bildirib: "Dünən Avropa Parlamentinin məlum bəyanatı barədə Facebook səhimdə paylaşım etdim. Bu bəyanat həm hüquqi həm də siyasi baxımdan nə qədər əhəmiyyətli olsa da, müşahidəm onu göstərdi ki, ictimaiyyətin beynəlxalq təşkilatların reaksiyalarına etimadı qalmayıb. Ona görə buradan Stefan Şennaka səslənirəm! Sizin reaksiyalarınızın ölkəmizdəki nə ictimai rəyə, nə də siyasi diskusiyalara heç bir təsiri yoxdur. İnstagramda sosial bloqerlerin ictimai rəyə təsiri Stefan Şennakdan çoxdur. Nə vaxtki Stefan Şennak Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyət göstərəcək, polis qəddarlığı baş verən qərb ölkələrinə reaksiya verməyə cəsarət edəcək, onda ehtimal var ki, Azərbaycan xalqı da ona inansın".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Kamal-Cəfərov   Deputat