AZAL biletlərin baha olmasına aydınlıq gətirdi

 AZAL biletlərin baha olmasına aydınlıq gətirdi
  27 İyun 2020    Oxunub:10424
26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

Bu barədə Azvision.az -a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir. Bundan əlavə, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

"AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır".

Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti