Parlament təkzib etdi, deputat sözündən dönmədi
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu parlamentdə telefon qadağasının hər kəsə şamil olduğunu desə də, millət vəkili Zahid Oruc yenidən belə bir qadağanın millət vəkillərinə aid olmadığını israr edib.
Deputat AzVision.az-a açıqlamasında bildirib ki, indiki halda millət vəkilləri sərbəst olaraq, android və smartfon tipli telefonlar və planşetlə Milli Məclisə daxil ola bilirlər:
“Mən Akif Təvəkküloğlunun fikirlərinə hörmətlə yanaşıram. Amma hazırkı dönəmdə bütün millət vəkilləri istənilən tip mobil telefonla, planşetlə Milli Məclisə daxil ola bilirlər. Dəqiq deyə bilərəm ki, bu qayda millət vəkillərinə aid edilməyib”.
Qeyd edək ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu saytımıza bildirib ki, sözügedən qadağa kimliyindən asılı olmayaraq, hər kəsə aiddir.
Nihadə Eyyubova