`20 yanvar` faciədir, yoxsa qəhrəmanlıq? - SORĞU
Üstündən yetərincə çox vaxt keçməsinə baxmayaraq, "Qara yanvar" hadisələri cəmiyyətdə hələ də birmənalı qiymətləndirilmir: bəziləri o zaman ümumxalq faciəsinin baş verdiyini düşünür, digərləri isə həmin günü milli ruhun dirçəldiyi gün sayır. Onların fikrincə, 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan xalqı qəhrəmanlıq salnaməsi yazaraq, müstəqillik yolunda öz qanından və canından keçib.
AzVision.az xəbər verir ki, "Rəy" Monitorinq Mərkəzi ötən il dekabrın əvvəlində "omnibus" tipli ümumrespublika ictimai rəy sorğusu çərçivəsində respondentlərə belə bir sualla müraciət edib: "Sizcə, 1990-cı ilin 20 yanvarı ilk növbədə ümumxalq faciəsidir, yoxsa millətin qəhrəmanlıq tarixi?"
Qeyd edək ki, respondentlər qarşısında konkret seçim qoyulub və hansısa aralıq cavab variantları istisna edilib. Sorğunun nəticəsi göstərir ki, əgər dörd il əvvəl vətəndaşların əksəriyyəti 20 yanvarı ilk növbədə faciə sayırdısa, bu gün əhalinin yarısı (sorğunun nisbi xətası nəzərə alınmaqla) bunu milli qəhrəmanlıq səhifəsi hesab edir.
Ötən illərin nəticəsi:
_______________________________________________________
"Sizcə, 1990-cı ilin 20 yanvarı ilk növbədə ümumxalq faciəsidir, yoxsa millətin qəhrəmanlıq tarixi?"
2014-cü il 2010-cu il 2008-ci il 2006-cı il
bu, ümumxalq faciəsidir 48% 59% 63% 68%
bu, millətin qəhrəmanlığıdır 52% 41% 37% 32%
___________________________________________________
Daha çox 35-44 yaşlı vətəndaşlar bu hadisələrin qəhrəmanlıq kimi qiymətləndirilməsinə tərəfdardırlar.
Sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfərə yaxın respondent iştirak edib.