Senator Qrəntam: Azərbaycana minnətdarıq- VİDEO

Senator Qrəntam: Azərbaycana minnətdarıq- VİDEO
  18 Yanvar 2014    Oxunub:1116
Kolorado Ştat Senatında Azərbaycana dair təqdimat keçirilib.

AzVision.az xəbər verir ki, ABŞ-ın Kolorado ştatının ali qanunverici orqanı olan Ştat Senatının plenar iclasında Azərbaycana dair təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Senatorlar Kevin Qrəntam, Lərri Krauder və Kent Lambert çıxış edərək, Azərbaycanın mütərəqqi tarixi, regionda oynadığı önəmli rol, enerji sənayesinin inkişafı, ətraf mühitə göstərdiyi diqqət və ABŞ ilə sıx tərəfdaşlıq münasibətləri barədə danışıblar.

Senator Lambert çıxışında Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının ən fəal üzvlərindən biri olduğunu və ABŞ ilə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayaraq, onun Kosovo, İraq və Әfqanıstanda aparılan əməliyyatlara böyük töhfələr verdiyini qeyd edib. O, həmçinin Azərbaycanın regionda sülhün qorunmasında açar rolu oynadığını bildirib. Sabiq ABŞ senatoru Riçard Luqara istinad edən Lambert deyib ki, Azərbaycan ABŞ-ın Xəzər regionundakı ən mühüm müttəfiqlərindən biridir. Lambert Azərbaycan-ABŞ strateji tərəfdaşlığının böyük önəm daşıdığını bildirərək, bu dostluğa və dəstəyə görə Azərbaycana minnətdar olduqlarını söyləyib.

Senator Qrəntam Azərbaycanın çox unikal tarixə malik olduğunu vurğulayaraq, onun 1918-ci ildə müsəlman dünyasında ilk parlament respublikasını yaratdığını, öz vətəndaşlarına cinsindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verdiyini, hətta qadınların səsvermə hüququnu ABŞ-dan öncə tanıdığını bildirib. O, bu kimi mütərəqqi məsələlərdə Azərbaycanın regionda və dünyada daim ön sıralarda olduğunu qeyd edib. Azərbaycanda çoxəsrlik tarixə malik yəhudi icmasının yaşadığını bildirən senator Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Ölkəmizin ABŞ-ın həm də mühüm ticarət tərəfdaşı olduğunu söyləyən senator Azərbaycanın ABŞ-da fəaliyyət göstərən şirkətlərlə çoxmilyardlı kontraktlar bağlayaraq, Amerikada minlərlə yeni iş yerinin açılmasına töhfə verdiyini bildirib.

Senator Krauder isə Azərbaycanın inkişaf etmiş enerji sənayesinə malik olduğunu qeyd edərək, ölkəmizdə alternativ enerji sənayesinin inkişafı sahəsində görülən işlərdən söhbət açıb və ətraf mühitə məsuliyyətlə yanaşan mütərəqqi dövlət olduğunu vurğuladı.

Qeyd edək ki, Koloradoya səfər müddətində baş konsul N.Ağayev yerli hökumət nümayəndələri, bir sıra yerli qanunvericilər, o cümlədən Kolorado Nümayəndələr Palatasının spikeri Mark Fernandino ilə görüşüb.




Teqlər:  





Xəbər lenti