AzVision: Ötən həftənin REAL təhlili (12 iyul) - VİDEO

      AzVision:    Ötən həftənin REAL təhlili    (12 iyul)    -    VİDEO
  13 İyul 2020    Oxunub:19852
Ötən həftənin əsas hadisələrinin təhlilini REAL TV-də efirə gedən AzVision verilişindən izləyə bilərsiniz.
Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Dünyada baş verən hadisələr bir çox dəyərləri, meyarları yenidən nəzərdən keçirməyi aktuallaşdırıb. Məsələn, “güclü dövlət”nə deməkdir? Bu haqda xeyli nəzəriyyələr irəli sürülüb, kitablar yazılıb. Tutalım, dövlətin güc indeksini formalaşdıran göstəricilərdən biri onun hərbi potensialıdır. Amma hərbi potensial məqsəd yox, vasitədir axı – insanların həyanı qorumağın vasitəsi. Əgər dövlət son nəticədə insanlarının həyatını qoruya bilmirsə, onda bu amil onun gücünü artıran inqridiyentlərdən sayılmalıdırmı?
Yaxud olsun iqtisadiyyat, sosial siyasət, səhiyyə… Bunların hamısı ölçülür, biçilir, vurulur-çıxılır-toplanır, sonda dövlətin güc indeksini əmələ gətirən elementlər kimi qəbul edilirlər. Amma yenə də, indiki kimi xüsusi hallarda vəziyyətə qiymət vermək üçün istər-istəməz başqa kriteriyalar tələb olunur. Bəlli olur ki, döyüş təkcə müharibə meydanında getmir, itkilər təkcə orada verilmir, güc təkcə orada göstərilmir.
Bu gün dünya və dünyanın güclü sayılanlarına baxanda gözə çarpan ilk növbədə bu olur ki, nəhəngin ayaqları palçıqdan imiş. Dünyanı cənginə almış koronavirus pandemiyası heç 6 ay deyil davam edir, amma artıq 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət ediblər. Təssüf ki, hamısına da yardım çatmayacaq. Bu, dünya ölkələrinin təxminən dörddə üçü deməkdir. Çünki sözügedən vəziyyət əksər ölkələri ikitərəfli vurur - həm kənardan, həm də daxildən. Kənardan ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, daxildən isə sərt karantin rejiminə görə. Bəziləri dözməyib, karantini vaxtsız yumşaldır, fəsadını da ən ağır şəkildə görürlər.

Virusla mübarizədə Amerikanın vəziyyətini ağırlaşdıran xeyli absurd amillər var. Məsələn, president Donald Tramp bu günə qədər demonstrativ şəkildə maska taxmırdı. Seçki ili olduğundan, Trampı dəstəkləyənlər və onun fanatları da bunu nümayiş etdirmək üçün maskasız gəzirdilər. Baydenin tərəfdarları isə əksinə, Trampın siyasətini bəyənmədiklərini maska taxmaqla qabartmaqla çalışırlar. Sanki Amerika iki yox, üç namizədin arasında seçim edir: Tramp, Bayden və Əlahəzrət Koronavirus. Belə getsə, qalib Koronavirus olacaqdı. Yaxşı ki, Tramp maska taxmaqla bu ağılsız yarışa son qoydu. Axı belə ağılsızlıq bütün dünya üçün təhlükəlidir: Çünki Amerika iqtisadiyyatının böhranı istər-istəməz özünü planetin bütün əhalisinin həyatında göstərir.
O cümlədən, biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Hamıya pis olanda bizə yaxşı olması mümkün deyil. Amma bununla belə, Azərbaycan hökuməti “mənim evim - mənim qalamdır” prinsipini praktik tətbiq etməyi bacarıb. Bugünlərdə Azərbaycan bizim təkcə evimiz yox, həm də həqiqətən, qalamızdır və onun divarları daxilində özümüzü planetdə çoxlarından daha yaxşı hiss edə bilirik. Və dünyada gedən karonatənəzzülün bizim dövlət büdcəmizə, sosial-iqtisadi layihələrə hələ heç bir təsiri yoxdur. Bəli, pandemiya olmasa, hər şey indi olduğundan daha yaxşı olacaqdı, amma hazırda da hər şey pandemiyanın təsirilə ola biləcəyindən daha yaxşıdır.

* * *

Pandemiya dövrü əslində çox vacib, hamını daim daxilən narahat edən bir suala real həyatda əyani olaraq, necə deyərlər, praktikada cavab vermis oldu. O sual bu idi: Əgər neft kəskin ucuzlaşsa, nə olacaq? Neft ucuzlaşdı və məlum oldu ki, heç nə! Tamamilə heç nə! Bizim bu il üçün dövlət büdcəmizdə neftin qiyməti 55 dollardan hesablanıb, amma altı ay ərzində orta qiyməti 38 dollar olub. Bəzən isə lap aşağı düşmüşdü, hətta o qədər düşmüşdü ki, neftin qiymətinin düşməsini arzulayan və buna sevinənlər bir-birini təbrik edir, az qalırdılar əllərinə xına da qoysunlar. Bu yanaşma qaragüruhun indiyə qədər yaratdığı miflərə özlərinin də inanmasının nəticəsi idi. Bəli, neft düşdü, amma nəticə nə oldu?! Heç nə! Xədicə bəzəkdə qaldı. Hər şey ortadadır: altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb. 51 milyard dollara yaxın valyuta ehtiyatının qarşısında bu, çox cüzi bir rəqəmdir. Məhz bu vəziyyətdə aşkar görünür ki, ölkənin gəlirlərini düzgün xəcləmək və düzgün saxlamaq nə demək imiş, nə üçün lazımmış. Və ölkə gecə-gündüz “neftin pulu camaata paylansın” tipli ucuz populizmlə xal qazanmağa çalışanların əlinə düşsəydi, indi nə baş verərmiş. Bax, o halda neftin hətta 1 dollar ucuzlaşması da təhlükəli olardı, indi isə qorxusu yoxdur – çünki təhlükəsizlik yastığı var.
Bəli, koronavirus pandemiyasını heç kim proqnozlaşdırmırdı. Amma Azərbaycan hakimiyyəti son illərdə elə addımlar atıb ki, sanki bunu proqnozlaşdırırmış və hazırlaşırmış. Peşəkar dövlət idarəçiliyi bu deməkdir – hətta bilinməyən risklərə də hazır olmaq. Bu gün neft gəlirləri azalıb, turizm sıfır səviyyəsindədir (bu da daha 2 milyard dolların itirilməsi deməkdir), ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb ediblər. Biz islahatların real pula çevrildiyi siyasət və idarəçilik əlkimyasının şahidi oluruq. Bu, həm də o deməkdir ki, Azərbaycanın guya saman çöpü kimi neft gəlirlərindən yapışmasını hökumətin başına qaxınc etmək dövrü artıq bitib, sadəcə, bəziləri hələ də həmin dövrün havası ilə yaşayır, o vaxtın siyasi atmosferindən çıxa bilmirlər. Müasir dövrün ab-havası isə belədir ki, islahatların effektivliyini artıq manatla ölçmək olur və həmin manatlar da Prezidentin tapşırığı ilə prinsipial olaraq, sosial layihələrə, o cümlədən, COVİD-19 ilə mübarizəyə yönəldilir. Bunu düşünmək doğrudan da maraqlı, hətta bir az həyəcanlıdır ki, indi haradasa bir vətəndaşımıza vurulan iynənin, xəstəxanada verilən yeməyin pulu büdcədən yayındırılmasına cəhd edilən, amma qarşısı alınan vəsaitin hesabına ödənilir.
Bütün bunlar o deməkdir ki, kim nə deyir-desin, amma dövlət həqiqətən də etməli olduğunu edir. Heç nəyə baxmayaraq, vəziyyət nəzarət altındadır. Əgər dövlətin gördüyü işlər vətəndaş məsuliyyətilə tamamlansaydı, şübhəsiz ki, biz daha yaxşı nəticələrin şahidi olardıq.

* * *

“Qaydaları pozan insanların məsuliyyətli olması” – Bu, bizim xalq olaraq, əsas dərdimizdir. Söhbət təkcə pandemiya dövründən getmir. Pandemiya dövrünə qədər də bu vardı, yəqin sonra da olacaq – söhbət ondan gedir ki, bizdə qaydaları pozanlara, çox vaxt da bunu nümayişkaranə şəkildə edənlərə qarşı yersiz və lazımsız bir tolerantlıq var. “Əşşi, xatasını o yana eləsin”,- deyib, etiraz bildirmirik. Nəticədə ayrı-ayrı şəxslərin fərdi harınlığı ictimai laqeydlik mühitinə düşərək, boy atır, çiçəklənir, hətta meyvə də verir. Sonra da o meyvələri hamımız dadmalı oluruq. Təbii ki, “harınlıq” hüquqi anlayış olmadığından, onun dəqiqi təyinini vermək çətindir, amma bu, elə bir şeydir ki, üzləşəndə dərhal hiss edirsən. Məsələn, bu həftə özünü “bloger” adlandıran bir nəfərin dövlətdən aldığı 190 manata 100 ədəd qarpız alıb, partlatması harınlıq idi.
Burada bir tərəfdən adam dövləti aldadıb – açqı-aşkar görünür ki, heç bir ehtiyacı olmadığı halda, sosial yardım alıb. Lap tutaq ki, adamın 190 manata hüquqi olaraq haqqı çatır, amma ehtiyacı yoxdur. O halda, həmin pulu alıb, ehtiyacı olan bir ailəyə versəydi, heç kim onu qınamayacaqdı. Əksinə, bir növ Robin Qudluq görəcəkdilər bu hərəkətdə. İndi isə adam bütün cəmiyyətin gözündə Robin Bəd oldu, çünki hərəkətində yalandan başqa, bir də harınlıq var. Bütün ictimai davranış formalarının arasında cəmiyyəti ən çox qıcıqlandıran məhz harınlıqdır. Hərçənd, öz payıma deyim ki, uşaq vaxtı qapızın ləti israf olmasın deyə, qabığına qədər gəmirən, hər zaman qənaətlə yaşayan bir ailədə böyüyən mənim üçün hətta bir qarpızı boşuna partladıb, hayıf etmək də təbiətə və cəmiyyətə qarşı mənəvi cinayətdir. Amma kiminsə pulu çoxdursa, öz puluna lap bir milyon qarpız da alıb, istəsə partladar, istəsə ehtiyacı olanlara paylaya bilər. Amma bunu 1) dövlətin sosial yardımı ilə və 2) cəmiyyətin üzünə irişərək edirsə, artıq məsələ ictimai rəng alır. Yeri gəlmişkən, məşhur otelin hovuzundan paylaşılan şəkillər də insanları məhz ona görə qıcıqlandırmışdı ki, orada cəmiyyətin üzünə irişmək vardı – yəni “siz aya 190 manat alıb, evdə oturursunuz, biz isə gecəsi 200 manat olan oteldə dincəlirik, baxıııııın…” Pulu olan hər kəs qanunu və vicdan normalarını pozmamaq şərtilə onu istədiyi kimi xərcləyə bilər. Amma pul xərcləməklə harınlıq arasındakı incə sərhədi həmişə yadda saxlamaq lazımdır.
Bəzən orta yaşlı insanlarda hələ də müşahidə edilən sovet nostaljisinin səbəbi bilirsinizmi, nədir? O, heç də yaxşı, arzulanacaq, can atılacaq bir quruluş deyildi. Əksəriyyət heç vaxt ora qayıtmaq istəməz. Amma o vaxt yeganə üstünlük bu idi ki, orada heç kim imkanlarını və pulunu başqasının gözünə soxa bilmirdi. Vəssalam. Bircə dənə bu cəhət cəmiyyət üçün o qədər qiymətli bir xüsusiyyət idi ki, hələ də sovet nostaljisini bitməyə qoymur.
Yanlış anlaşılmasın. Qaydaları nümayişkaranə şəkildə pozmaq heç də pul və imkan məsələsi deyil, daha çox tərbiyə və vətəndaş məsuliyyəti məsələsidir. Və mahiyyətinə nəzər salsaq, 100 qarpız alıb partlatmağın növbədə maskasız dayanmaqdan, çirkli əllərlə market piştaxtalarındakı mallara toxunmaqdan heç bir fərqi yoxdur. Hamısı vətəndaş məsuliyyətsizliyinin və cəmiyyətinin sifətinə irişməyin müxtəlif təzahür formalarıdırlar.
İctimai narahatlığın onsuz da çox, əsəblərin onsuz da tarım olduğu indiki karantin dövründə bütün bu davranışlar heç kimə lazım olmayan, yersiz gərginlik yaradır. Üstəlik, hazırda hər gün 500-dən çox yoluxmanın olması da bizi narahat edir, cəmiyyəti təlaşda saxlayır. Hərçənd, sağlam ehtiyatlılığı saxlamaqla, bu gərginliyi bir qədər azaltmaq da olar. Əvvəla, bizdə sağalanların sayı da kəskin artıb. Məsələn, dünən 531 yeni yoluxana qarşı 514 sağalan var idi. Bu, o deməkdir ki, bir gündə aktiv xəstə sayı cəmi 17 nəfər artıb. Azərbaycanı əhalisi bizim qədər olan ölkələrlə müqayisə edəndə də görürük ki, əslində vəziyyət heç də çox pis deyil.

* * *

Bu dilemma lap əvvəldən bütün ölkələrin qabağında dayanmışdı: Əhalinimi xilas edək, iqtisadiyyatımı?! Azərbaycan hökuməti isə heç vaxt belə bir seçim qarşısında qalmadı. Lap əvvələdən cavab birmənalı belə oldu ki, insanların həyatı hər şeydən üstündür. Yəqin, pandemiya bitəndən, ara sakitləşəndən sonra bu məsələyə siyasi fəlsəfə çərçivəsində də baxmaq lazım gələcək. İnsanın ən böyük və ən vacib haqqı onun yaşamaq haqqıdır. Bütün digər haqlar bununla müqayisədə ikinci yerdə gəlir. Amma ayrı vaxt insan haqlarından danışan dövlətlərin hökumətləri bu ən böyük, ən təbii haqqı qorumaq məsələsi ortaya çıxanda cinayətkarcasına tərəddüd etməklə, on, hətta yüz minlərlə insanın yaşamaq haqqını pozmuş oldular. Di gəl ki, həmin o dövlətlərdə fəaliyyət göstərən bəzi təşkilatların quraşdırdıqları insan haqları reytinqlərində o qədər də yaxşı yer vermədikləri Azərbaycan insanların ən vacib haqqından – yaşamaq haqqından söhbət düşəndə ani də olsa, tərəddüd etmədi. Azərbaycanda heç kimin ağlından belə keçmədi ki, iqtisadiyyatı bada verməmək naminə insan həyatlarını fəda etmək olar. Ümumiyyətlə, bu yöndə heç bir müzakirə də olmadı. Qərb dövlətlərində isə bu gün də həmin müzakirələr səngiməyib. Bəs hanı insan haqlarının müqdəssliyi haqqında başqa vaxt gözümüzə dürtülən o məşhur fundamental mətnlər, ideologiyalar, prinsiplər?
Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev ilə BMT-nin baş katibi Antonio Quterreşin arasında vacib bir telefon danışığı oldu. Söhbət zamanı həm hər iki tərəf, həm ümumiyyətlə, hazırda dünya üçün aktual olan bir sıra məsələlər müzakirə edilib. Bu siyahının başında isə şübhəsiz ki, hazırda koronavirusla mübarizə gəlir. Azərbaycan prezidenti bu problemə çox geniş miqyasda, bütün bəşəriyyətin ümumi işi kimi baxır və məsələni də belə qoyur ki, hər bir dövlət, lider və ümumiyyətlə, hər bir insan ümumi işə bacardığı töhfəni verməlidir. Buna görə də, BMT-nin səylərini, çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Məhz buna görə Azərbaycan COVID-19 ilə mübarizədə Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırıb, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı göstərib. Bir çox böyük dövlətlərin belə bunu etmədiyi vaxtda belə addımlar atmaqla, Azərbaycan göstərir ki, əsla kiçik problem və lokal qayğılarla yaşayan regional bir dövlət deyil. Dünya siyasətinin nəinki ucqarlarında yerləşmir, hətta əksinə, tam mərkəzindədir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının “COVID-19”a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciəti də məhz bu yanaşmanın nəticəsidir. Bu çağırış qısa müddətdə BMT-nin 130-dan çox üzvü tərəfindən dəstəklənib. Maraqlısı budur ki, Azərbaycan həmin xüsusi sessiyanın təkcə təşəbbüskarı kimi qalmaq fikrində deyil, o cümlədən, təşkilatçısı olmağa da hazırdır. Prezident İlham Əliyevin BMT-nin baş katibilə söhbətində dediyi kimi, xüsusi sessiyanın texniki-logistik məsələlərinin həllində də Azərbaycan öz töhfəsini verə bilər.
Qəribə də olsa, cənab İlham Əliyevin insanlığın əsas probleminin həlli üçün irəli sürdüyü bu təklifindən ancaq bir dövlət boyun qaçırıb. Özünü görünür, insanlığın bir hissəsi saymayan Ermənistan. Məsələnin gülünc və tragikomik tərəfi ondadır ki, hazırda koronovirusla mübarizədə köməyə ən çox ehtiyac duyan da məhz elə ermənilərdir. Bir anlıq onların vəziyyətini təsəvvür edin: Koronavirusla döyüşdə uduzur və böyük itkilər verirlər, amma BMT-nin bununla bağlı xüsusi sessiyasının çağırılmasının da əleyhinə çıxırlar, nə var-nə var, bu təşəbbüs Azərbaycan prezidentindən gəlib. Özü də tamamilə bihudə yerə: çünki bu təşəbbüsün reallaşması üçün cəmi 97 səs lazım olduğu halda, qısa vaxtda 130-dan çox ölkənin səsini onsuz da qazanmışdıq. Nəticədə, faktiki belə alındı ki, Azərbaycan prezidenti bu təşəbbüsü ilə ermənilərin koronovirusa bioloji məğlubiyyətini dünyannın gözündə həm də diplomatik, siyasi və mənəvi məğlubiyyətə çevirməyi bacardı. Əlbəttə, təşəbbüsü irəli sürməkdə əsas məqsəd heç də bu deyildi, amma bu da, nə gizlədək, yaxşı bonusdur.

* * *

Bu məqamda Azərbaycan prezidenti faktik olaraq, bir dünya lideri kimi çıxış edir, planetar çapda düşünür, danışır və addımlar atır. O, məsələni qlobal qoyur: Bu vəziyyətdə Dünyada kasıb ölkələrin, imkansız əhalinin halı necə olacaq? Onlara vaksin çatacaqmı? Onları kim düşünür və kim düşünməlidir? Özü də təkcə pandemiya vaxtı yox, pandemiyadan normal həyata keçidin sərhədində də. Çünki o sərhədi adlamaq bəzi ölkələr, xalqlar üçün çox ağır ola bilər. Pandemiyadan sonra milli iqtisadiyyatların bərpası azı iki il vaxt və xeyli maliyyə tələb edən ciddi, ağır bir proses olacaq. Bu zaman bütün ehtiyacı olan ölkələrə həmin dəstək bərabər şərtlərlə göstəriləcəkmi, kreditlər veriləcəkmi? Baxmayaraq ki, bizim özümüzün bu dəstəyə heç bir ehtiyacı yoxur, amma işin bu tərəflərini də Azərbaycan prezidenti düşünür.
O, təşəbbüs irəli sürür, qabağa düşür, belə deyək, dünyanın ən ali məclisində ağaqqallıq funksiyasını öz üzərinə götürür. Və dünya da bunu qəbul edir. Aydındır ki, BMT Ali Məclisinin həmin xüsusi toplantısı tarixdə qalan bir iclas olacaq. Azərbaycanın imzası ilə. Bir çox ölkənin və xalqın yaddaşında qalacaq ki, böyük, daha doğrusu, iri dövlətlərin ancaq öz maraqlarını güddükləri vaxtda məhz Azərbaycanın rəhbəri onların da mənafeyini düşünmüş və müdafiə etmişdi. Biz boşuna “iri dövlət” demədik. İri dövlət olmaq başqadır, böyük dövlət olmaq başqa. İri dövlət böyük olmaya da bilər. Necə ki, yekəpər olmaq hələ böyük insan olmaq anlamına gəlmir. Böyüklük fiziki ölçülərlə müəyyən edilə bilən anlayış deyil. Böyüklük – sənin daşıdığın ideologiyadır, can atdığın məqsədlərdir. Bu mənada, Azərbaycan hazırda böyük dövlətdir.





Teqlər:





Xəbər lenti