Azərbaycan ilk ölkə oldu – TƏQDİMAT

Azərbaycan ilk ölkə oldu – TƏQDİMAT
  20 Yanvar 2014    Oxunub:1018
Ötən il sentyabrın 23-25-də Parisdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) tərəfindən Üçüncü Dəyərləndirmə Raundu çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul olunub. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasından verilən məlumata görə, 2014-cü il yanvarın 17-də OECD-nin nümayəndələri bu hesabatın ölkə ictimaiyyətinə təqdimatının həyata keçirilməsi məqsədi ilə Azərbaycana gəliblər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binasında keçirilmiş təqdimat mərasimində dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib və bu sahədə qazanılmış nailiyyətlər qeyd olunub. Azərbaycan tərəfi təşkilatın əvvəlki hesabatlarında müəyyən edilmiş 19 tövsiyənin icrası üzrə tədbirləri həyata keçirib.

Komissiya xüsusilə vurğulamaq istəyir ki, Azərbaycan OECD-nin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçən ilk ölkə olub.

Sənəddə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviqinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planları, xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və vətəndaşlara uğurla xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanmış fərman və sərəncamlar bu sahədə mövcud siyasi iradə kimi göstərilir.

Hesabatda Azərbaycanda korrupsiya qarşı mübarizə ilə bağlı qanunvericiliyin beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və bu quruma xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi yaxşı təcrübə kimi göstərilir. Həmçinin şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) iştirakı, “Vətəndaş iştirakçılığı haqqında” Qanunun qəbul edilməsi müsbət hal kimi qeyd olunur.

Sənəddə korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma, sorğuların aparılması və digər məsələlərlə bağlı tövsiyələr müəyyən olunub.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən bu tövsiyələrin icrasının təmin olunması üzrə tədbirlər həyata keçirilir və ictimaiyyətə mütəmadi məlumatlar təqdim ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti