Qarsda 20 Yanvar faciəsinin qurbanları anıldı

Qarsda 20 Yanvar faciəsinin qurbanları anıldı
  21 Yanvar 2014    Oxunub:1675
Türkiyənin Qars şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu tərəfindən anma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, konsulluqdan Trend-ə verilən məlumata görə, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan baş konsul Ayxan Süleymanov tədbir iştirakçılarına mərasimdə iştirak etdikləri və faciə qurbanlarının xatirəsinə göstərdiyi hörmət və ehtirama görə öz təşəkkürünü bildirib. O, Yanvar faciəsinin yaranma tarixinə toxunaraq azadlıq mübarizəsinə qalxmış xalqımızın ermənilərin qəsbkarlıq siyasətinə qarşı nümayiş etdirdiyi dinc etirazına Sovet rejimi və onun rəhbərləri tərəfindən qanlı divan tutulması haqqında ətraflı danışıb. Baş konsul 1990-cı ilin 20 yanvar tarixində baş vermiş faciə nəticəsində 147 nəfərin həlak olduğu, 700-dən çox insanın yaralandığı və yüzlərlə insanın itkin düşdüyünü diqqətə çatdırıb.
Bundan əlavə, A.Süleymanov xalqımıza qarşı törədilmiş cinayətin səhəri günü, o ağır günlərdə həyatını təhlükə altına atan ümummilli liderimiz Heydər Əliyevin Moskvadakı Daimi nümayəndəliyimizə gəlməsi və Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdə M.Qorbaçov başda olmaqla Sovet imperiyasını kəskin şəkildə qınamasından söz açmışdır. Baş konsul, həmçinin faciə ilə bağlı o zamanlar Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Qars və İqdır vilayətlərində etiraz əlaməti olaraq keçirilən aksiya və mitinqlərə görə türk xalqına öz dərin təşəkkürünü bildirərək, bunu yüksək qiymətləndirib.

Sonra söz Qafqaz Universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiri, professor və həmyerlimiz Hacıəli Nəcəfoğluna verilib. H.Nəcəfoğlu öz çıxışında 20 Yanvar faciəsini törədənləri qəti şəkildə pisləyərək, bu hadisəni xalqımızın şanlı səhifəsi kimi dəyərləndirib.

Tədbir çərçivəsində Qars şəhər bələdiyyəsinin sədri Nevzat Bozkuşun istəyini nəzərə alaraq, Baş konsulluğun binasında 20 Yanvar faciəsi ilə bağlı yerli KİV-ə müsahibə verilməsinə şərait yaradılıb. O, KİV-ə verdiyi açıqlamasında 20 Yanvar faciəsinin Azərbaycan xalqı üçün azadlıq uğrunda bir milli mübarizə günü, bu faciənin bəşəriyyətin ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. N.Bozkuş o ağır günlərdə Türkiyə dövləti və türk xalqının Azərbaycan xalqının kədərinə şərik çıxdığını və millətimizin hər zaman apardığı haqlı mübarizəsində yanında olduğunu bildirərək, şəhidlərimizi rəhmətlə yad etdiyini qeyd edib.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar film nümayiş etdirilib, mərasim iştirakçıları Baş konsulluq tərəfindən hazırlanmış fotostend, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də erməni terroru və ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən bəhs edən müxtəlif növ kitab və jurnallarla tanış olublar.

Mərasimdə Qars vilayəti valisinin müavini Hakan Alkan, Qars şəhər bələdiyyəsinin sədri N.Bozkuş, Qars vilayəti Jandarm alay komandirinin müavini Yarbay Tuncay Koçak, Qars vilayəti polis rəisinin müavini Hayri Özcan, Qars Qafqaz Universitetinin rektor müavini Mitat Şahin, hakim Ədalət və İnkişaf Partiyası (AKP), müxalif Milliyyətçi Hərəkət Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyasının (ÇHP) rəhbər və üzvləri, Qafqaz Universitetinin professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələr, KİV-in və yerli ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir Azərbaycan və yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Sonda mərasim iştirakçıları Baş konsulluğun təşkil etdiyi ehsan süfrəsinə dəvət olunublar.


Teqlər:





Xəbər lenti