Qanlı Yanvar Buxarestdə anıldı

Qanlı Yanvar Buxarestdə anıldı
  21 Yanvar 2014    Oxunub:1136
Buxarestdə Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Bu gün Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar paytaxt Buxarestdə anma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, Azərbaycansevər rumınlar və türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir başlamamışdan öncə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən foto guşə ilə tanış olublar. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan aəfirliyin 3-cü katibi Tehran Şükürov 1990-cı il 20 yanvar tarixində Sovet İKP rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açıb, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb. Bu faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib.

T.Şükürov həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirib. Səfirlik nümayəndəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin direktoru İqbal Hacıyev Azərbaycan xalqının özünün qəhrəmanlığını, torpağa, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Sonra mərasim iştirakçıları "İmperiya ilə toqquşma" sənədli filminə baxıblar.

Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz Rumıniyadakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, bu ölkənin nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılıb.

Rumıniya KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilib.


Teqlər:





Xəbər lenti