Yeni Təhsil nazirindən gözləntilər nədir?
"Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoyub. 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir. Bundan başqa, ən vacib nüans odur ki, Mikayıl Cabbarovun komandası ilə başlayan və sonra Ceyhun Bayramovun komandası ilə davam edən nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünün kəsilməsi prinsipləri davam etməlidir. Son 6 ildə yüksək səviyyədə belə hallara rast gəlmək mümkün deyil. Son 6 ildə təhsil sistemində ciddi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşib, kadr islahatları aparılıb".
K.Əsədov qeyd edib ki, yeni nazirdən təhsildə forma yox, məzmun dəyişikliyinin edilməsini gözləyir.
"İnanıram ki, bütün fəaliyyətini kabinetdə yox, birbaşa təhsilin olduğu orta məktəblərdə siniflərdə, ali təhsil müəssisələrində, auditoriyalarda görəcəyik. İnanıram ki, mütəmadi olaraq nazirin məhz çatışmazlıqları görməsi üçün bu yerlərə səfərlərinin şahidi olacağıq.
Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Yeni nazirdən təhsildə baş verən hadisələrə daha çevik reaksiya və cavab verəcək bir komanda gözləyirəm.
Dərslik sahəsində ciddi işlər görülməlidir. Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır".
Ekspert hesab edir ki, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də addımlar atılmalıdır.
"Misal üçün 1 stafka dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet lahiyələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa, yerləri dəyişdirilməlidir".
K.Əsədov yeni nazirin Azərbaycan təhsili üçün uğurlu olacağına inandığını əlavə edib.
Qeyd edək ki, Emin Əmrullayev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Təhsil naziri təyin edilib.
Aytən Zəhra
Azvision.az