Deputat Əli İnsanovun cavabını verdi

Deputat Əli İnsanovun cavabını verdi
  21 Yanvar 2014    Oxunub:1174
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə keçirilən məhkəmə prosesində Ə.İnsanovun açıqlamaları ilə bağlı Penitensiar sahədə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi və millət vəkili Çingiz Qənizadə öz münasibətini bildirib.

Deputat AzVision.az-a bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qəbul etdiyi qərara hörmətlə yanaşıram. Azərbaycan dövlətinin də qəbul edilmiş qərara uyğun olaraq yeni məhkəmə prosesinin keçirilməsini və işin yenidən Bakı Apellyasiya Məhkəməsində baxılmasının təmin edilməsini alqışlayıram.

“Sabiq səhiyyə nazirinin məhkəmə prosesindəki açıqlamalarına gəlincə isə İctimai Komitə olaraq mən və həmkarlarım cəzaçəkmə müəssisələrində keçirdiyimiz monitorinqlər zamanı Əli İnsanovla dəfələrlə görüşmüşük. Saxlanma şəraiti və işgəncə faktı ilə bağlı Ə.İnsanov tərəfindən bizə heç bir zaman hər hansı bir şikayət edilməyib.

CÇM-də və İstintaq Təcridxanalarında saxlanılan şəxslərə və məhkumlara başqa məhkumlardan fərqli olaraq keçmiş vəzifələrinə və titullarına görə hər hansı ayrı-seçkilik göstərmək və daha yaxşı şərait yaratmaq yolverilməzdir və bu gün mümkün də deyil. Müəssisə rəhbərləri belə hallara yol vermirlər. İctimai Komitə monitorinqlər zamanı bu cür faktların olub-olmamasını araşdırır və nəzarətdə saxlayır, qanun qarşısında hamının bərabərliyinin təmin edilməsinə üstünlük verir.

Onu da qeyd edim ki, Penitensiar sahədə son illərdə aparılmış əsaslı və köklü islahatlar nəticəsində məhkumların saxlanma yeri və şəraiti Avropa normalarına və standartlarına tam uyğunlaşdırılıb”.

Ç.Qənirzadə həmçinin əlavə edib ki, ötən il Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Milli Məclis tərəfindən Qanunlara edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların ailə üzvləri ilə görüşü və telefon danışıqlarının sayı ötən ildən etibarən iki dəfə artırılmış, eyni zamanda Milli Məclis tərəfindən 2012-ci ilin 22 may tarixində qəbul edilmiş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əlaqədar olaraq İstintaq Təcridxanalarında saxlanılan şəxslərin hüquqları genişləndirilib.

“Bu gün CÇM-də kiməsə işgəncə verilməsi ilə bağlı hər hansı iddianın irəli sürülməsi qərəzli və diqqəti özünə cəlb etməkdən başqa bir şey deyildir.

Məhkəmə prosesində Ədliyyə Nazirliyinin təmsilçisinin iştirakına gəldikdə isə tərəf kimi bu qanunauyğundur. Bu Penitensiar Xidmətin nümayəndəsi də ola bilər. Çünki Penitensiar Xidmət Ədliyyə Nazirliyinin tərkibində olan və ona tabe olan bir qurumdur. Lakin məhkəmə prosesinə Ədliyyə naziri Fikrət Məmmədovun şəxsən gəlib iştirak etməsinin Ə.İnsanov tərəfindən tələb edilməsi hər hansı bir məntiqə və qanuna söykənmir”.

Millət vəkilinin sözlərinə görə, son on ildə Azərbaycanda Ədliyyə və Penitensiar sahədə Avropa standartlarına və Beynəlxalq normalara uyğun aparılmış bütün islahatlar cənab Prezident İlham Əliyevin və Ədliyyə naziri Fikrət Məmmədovun adı ilə bağlı olaraq tarixə düşəcəkdir.

“Qeyd edim ki, Milli Məclis tərəfindən 2013-cü ilin dekabr ayında qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” qanun artıq cənab Prezident tərəfindən imzalanaraq qüvvəyə minib.

Son olaraq onu da vurğulamaq istəyirəm ki, qeyd etdiyim qanunun qəbulundan hələ 10 il əvvəl öz qapılarını ictimaiyyətin üzünə açan Ədliyyə Nazirliyi onun fəaliyyətinə nəzarəti həyata keçirən İctimai Komitə kimi bir qurumun yaradılmasına imkan və şərait yaratmışdı. Yeni qəbul olunmuş qanun imkan yaradır ki, digər ali və yerli icra orqanlarında, yerli özünüidarə bələdiyyə qurumlarında da ictimai nəzarəti həyata keçirəcək İctimai Şuralar yaradılsın və həmin qurumların fəaliyyətinə ictimai nəzarət həyata keçirilsin”.

AzVision.az


Teqlər:





Xəbər lenti