AzVision: Həftənin real təhlili - VİDEO

      AzVision:    Həftənin real təhlili -    VİDEO
  02 Avqust 2020    Oxunub:34757
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


...Hazırda dövlətin başçısı təhsilin ümumi səviyyəsinin qalxması ilə yanaşı, onun ölkənin iqtisadi və sənaye inkişafı ilə uzlaşmasını da istəyir. Bura qədər biz “təhsil ölkəyə insan qazandırmalıdır” kateqoriyası ilə düşünürdürksə, bu andan etibarən “təhsil ölkəyə həm də pul qazandırmalıdır” kateqoriyasına keçirik.
İnkişaf üçün iqtisadiyyata nə lazımdır? İnfrastruktur – yaradılır; kapital – qoyulur və kadr bazası – o da formalaşdırılır. Beləliklə, təhsilin inkişafına həm insan yetişdirməyin vasitəsi, həm də ölkənin ümumi inişafının bir elementi kimi yanaşılır. Amma təhsilin çox vacib olan üçüncü bir ölçüsü də var: milli və dövlətçilik şüuru güclü olan Vətəndaş formalaşdırmaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:
- Sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər.

Bu son dərəcə vacib məsələ artıq təkcə təhsildən asılı deyil. Burada bütün cəmiyyətin birgə işi tələb olunur. Prezidentin dediyi kimi, “gənc nəsli manqurtlaşdırılmadan qorumaq” hamının bir nömrəli vəzifəsinə çevrilir. Xüsusilə də bu işin əsas aləti olan sosial şəbəkələrdə. Çünki milli dəyərlərə zidd olan nə varsa, hamısına orada rast gəlinir. Söyüş-təhqir, böyüyə hörmətsizlik, antipatriotizm, psevdokosmopolitizm, milli əxlaqın bünövrəsində dayanan dəyərlərin inkarı – bunların hamısı sosial şəbəkələrdə gəncliyin şüuruna zondaj edilir. Ona görə də, öz ənənəsi, özünəməxsus dəyərləri olan dövlətlər üçün sosial şəbəkələrdəki atmosfer xüsusilə təhlükəli hal alır və onların nizamlanması getdikcə bir nömrəli vəzifəyə çevrilir. İstisna deyil ki, yaxın gələcəkdə əksər dövlətlər sosial şəbəkələrin nizamlanması ilə bağlı öz modellərini hazırlayacaq və tətbiq edəcəklər. Həmin istiqamətdə böyük addımlardan birini bu həftə Türkiyə atdı.

Maraqlıdır ki, qanun layihəsini AKP və MHP – yəni həm iqtidar, həm də müxalifət partiyaları birlikdə hazırlayıb, Məclisə təqdim etmişdilər. Bu, ondan xəbər verir ki, sosial şəbəkələrin nizamlanması məsələsi iqtidar üçün də, müxalifət üçün də eyni dərəcədə əhəmiyyətlidir. Nədir bunu əhəmiyyətli edən?!
Məsələ ondadır ki, sosial şəbəkə ictimai şüurun xarici təsirlərə qarşı ən zəif, hazırlıqsız və həssas olduğu yerdir. Orada siyasi, ictimai mövzulara hazırlıqsız olan insanlar qəfil yaxalanır, buna görə də tez və ağır şəkildə təsir altına düşürlər. Məqsədi heç də siyasət, müxalifət-iqtidar münasibəti olmayan bir insan – bir gənc, yaxud bir nənə hansısa məqsədlə ora daxil olur. Tutaq ki, biri qızla tanış olmaq üçün, o biri nəvəsinə youtube-da cizgi filmi tapmaq niyyətilə... Və bu zaman onların hazırlıqsız beyni aqressiv siyasi çıxışların hücumuna məruz qalır. Sanki yolla getdiyin yerdə qəfildən sifətinə bir boksçu yumruğu dəyir.

Həmin o insanlar əvvəlcədən hazırlıqlı vəziyyətə, nəyin necə olduğu haqda informasiya ilə silahlandırılıb, sosial şəbəkəyə girsələr, heç bir təsirə məruz qalmayacaqdılar. Məsələn, mənə orada deyilənlərin heç bir təsiri yoxdur. Amma hazırlıqsız insan qəfil yaxalanır, zərbə alır, şüuruna yad və qorxulu ideyalar zondaj olunur. Nəticədə onu dövlətinə xeyirli vətəndaş edən keyfiyyətləri zədələnir.
Bu, cığallıq və eyni zamanda həm vətəndaşımıza, həm də dövlətimizə qarşı haqsızlıqdır. Türkiyədə sosial şəbəkələrə nəzarətlə bağlı qanun parlamentə təqdim olunan kimi, bəzi dairələr bunun söz və fikir azadlığına zidd olduğunu deyərək, boğazlarını yırtmağa başladılar. Halbuki, sosial şəbəkədə fikir azadlığından danışmaq özünü aldatmaqdan başqa heç bir şey deyil. Bəli, formal olaraq hər kəsin fikirlərini ifadə imkanları bərabərdir, amma o fikirlərin tirajlanması imkanları bərabər deyil. Dövlət əleyhinə olan fikirlər daha çox və daha geniş yayılır. Üstəlik, plüralizmdən əsər-əlamət də yoxdur. Məsələn, dövlətə qarşı hücumların olduğu yerlərdə siz əks fikir desəniz, sadəcə, söyülüb təhqir olunacaqsınız, fikriniz isə heç kimə çatmayacaq. Budurmu “azad və bərabər ifadə imkanı”?!

* * * * *

Avqustun 5-də sərtləşdirilmiş karantin başa çatacaq. Bundan sonra hansı rejim tətbiq olunmalıdır? Bu, hazırda cəmiyyətdə ən aktiv müzakirə olunan məsələlərdən biridir. İnsanlar karantindən bezdiklərini deyir, rayonlara və dənizə getmək istəyirlər. Bir də əlbəttə ki, şoppinq, əyləncələr... Əlbəttə, bütün bunların nə qədər məqsədəuyğun olduğu haqda son sözü Operativ Qərargah deməlidir. Biz isə gəlin, baxaq görək, dünya ölkələri koronavirusla nə edirlər, necə edirlər.
Hazırda ən tragikomik vəziyyətlərdən biri İtaliyadadır: Burada koronavirus siyasi mübarizənin predmetinə çevrilib. Senatda qızğın müzakirələrdən sonra, karantin oktyabrın 15-nə qədər uzadıldı. Düzdür, “3-cü faza” adlanan bu yumşaq karantin mərhələsində məhdudlaşdırmalar o qədər də sərt deyillər, amma buna baxmayaraq, ölkənin 3 əsas müxalifət partiyası Cüzeppe Kontenin hökumətini “koronpovirus diktaturası” yaratmaqda ittiham edir. Baş nazir Kontenin özü bu qərarı belə əsaslandırıb ki, “Epidemiya zəiflədilsə də, məğlub edilməyib. Virus hələ də bizim aramızdadır”.

Ümumilikdə dünyaya baxanda belə bir vəziyyət görürük: O ölkələrdə ki, vəziyyət pisdir, amma karantin yumşaqdır, oranın ictimaiyyəti məhdudiyyətlərin sərtləşdirilməsini istəyir. Məsələn, bu həftə ABŞ-da 150 həkim və alimin prezident Trampa yazdığı məktubda deyilirdi ki, “Noyabrın 1-nə qədər koronavirusdan ölən amerikalıların sayı 200 minə çata bilər. Buna baxmayaraq, hazırda əksər ştatlarda insanlar sərbəst şəkildə barlarda içki içir, bərbərdə başını qırxdırır, restoranda yemək yeyir, tatu salonlarında şəkil döydürür, bir sözlərlə, cürbəcür xoş, amma vacib olmayan işlərlə məşğul olurlar. Əgər biz insan həyatlarını xilas etmək istəyiriksə, karantini sərtləşdirmək lazımdır”.
Və əksinə, o ölkələrdə ki, məhdudiyyətlər sərt, yoluxmalar az, vəziyyət yaxşıdır, orada ictimaiyyət karantinin yumşaldılmasını tələb edir. Biz də bu ikincilərə aidik. Görünür, bu, insanın təbiətindən irəli gələn psixoloji məsələdir: Təhlükə azalan kimi onu unudur və eyni qorxulu yola təzədən baş vurmaq istəyirik.

Az öncə baxdığımız süjetdən başqa bir nəticə də çıxır: Karantin yumşaldılan və sayıqlıq itən kimi demək olar, bütün ölkələrdə, hətta yoluxmaları praktik olaraq sıfıra endirən Vyetnan və Monteneqroda belə, qısa vaxtda sıçrayışlı artım baş verir. Bizdə buna oxşar təcrübə may ayında olmuşdu. Bəs nə etmək lazımdır? Təmkinli, hövsələli və səbrli olmaq və heç bir halda insanların həyatını təhlükə altına atmamaq. Ən əsası budur. Elə dövlət başçımızın bu həftə dediyi sözlərdən də əsas o qayə çıxırdı:
- Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.

Bu sözləri dövlət başçımız Şəkidə modul tipli xəstəxananın açılışında dedi. Daha bir modul tipli xəstəxana isə Qəbələdə açıldı. Beləliklə, artıq 9 modul tipli xəstəxanamız var, biri də bu ay açılacaq. Bu həftə həmçinin Prezident ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobillərinə də baxdı. Bütün bunlar o deməkdir ki, Azərbaycan heç nəyə baxmayaraq, koroavirusla mübarizə potensialını gücləndirir və ölənlərin sayı artıq 750-yə çatan Ermənistandan fərqli olaraq, əhalisini qorumaq üçün hər şey edir. Vətəndaşdan isə ancaq bircə şey tələb olunur: Operativ Qərargahın verəcəyi qərarların doğruluğuna inanmaq və əməl etmək. O halda virusla bütün dünyanın indidən qorxduğu payız döyüşünə cəsarətlə girə bilərik. Cücəni payızda sayarlar. AXCP sədri Əli Kərimlini də həmçinin. Bu həftə o, hökumətə belə bir absurd, anormal təklif ünvanladı ki, Milli Məclisin binasına qanunsuz soxulduğuna görə tutulan AXCP üzvlərini buraxıb, əvəzində onu həbs etsinlər. Ya da onlara yer ayrılsın, partiyanın payızda keçirilən qurultayında istefa versin.

Adamın ağlına gələn ilk fikir bu olur ki, deyəsən, hamısı “Eşkiya dünyaya hökmdar olmaz” serialına çox baxmağın fəsadlarıdır. Bu, nə partizanlıqdır belə?! Əli Kərimli özünü hansı yola qoysa da, uşaq deyil axı, gözəl bilir ki, heç bir hakimiyyət “Onları burax, məni tut” təklifinə reaksiya verməz. Bəs bunu bilə-bilə, həmin təklifi niyə səsləndirir?
Birincisi və hər şeydən əvvəl o, özünü həyatı ilə oynadığı bu qədər gəncin ailələrinin, yaxınlarının, onların taleyinə görə narahatlıq keçirən insanların və ümumən cəmiyyətin gözündə necəsə reabilitasiya etməlidir. Zarafat deyil e. Bir partiya rəhbəri, siyasətçi gənc insanların beynini yozub, dövlətə qarşı qoyur və qanunsuzluğa sövq edərək, həyatları, gələcəkləri ilə oynayırsa, bunun cavabını vermək lazımdır. O qədər gəncin həyatının ən gözəl günləri niyə Əli Kərimlinin boş və çürük siyasi iddialarına görə məhbəsdə itməlidir? Bunun mənəvi məsuliyyətini daşımaq, cavabını vermək lazımdır. Və Kərimli həmin məsuliyyətin altından çiynini çəkmək, verməli olduğu cavabda qabaqdangəlmişlik eləmək üçün “Onları buraxın, məni tutun” deyir. Belə şeyin mümkün olmadığını bildiyi üçün deyir. Dövlət hüquqi əsas olmadan nə kimisə tutur, nə də buraxır; o, ancaq qanunu tətbiq edir. Qanunda isə təəssüf ki, bu şəkildə dəyiş-düyüş anlayışı yoxdur. Çox təəssüf. Kaş ki, olaydı. Onda biz yalançını evinə qədər qovardıq.

Milli Məclisin binasına soxulduqlarına görə tutulan insanların hüquqdan əlavə, bir də siyasi-mənəvi məsuliyyətləri var. Onlar xalqın Qarabağ və Orduya dəstək aksiyasını cılızlaşdırıb, xuliqanlığa çevirməklə, cəmiyyətin qarşısında həmin məsuliyyəti daşıyırlar. Amma məhz bu məsuliyyəti Əli Kərimli də bölüşməlidir. Onun özü Milli Məclisin binasına girmədiyi üçün bu əmələ görə hüquqi məsuliyyət daşımır, amma insanların saf niyyətlə çıxdığı aksiyanın biabırçılıqla yekunlaşmasına görə mənəvi-siyasi məsuliyyətdən ən böyük pay ona düşür. Və bu günahı yumaq üçün əslində o, özü istefa verməli idi. Qeydsiz-şərtsiz. Payızı və qurultayı gözləmədən. Bir siyasətçinin partiyasının və üzvlərinin başına daha hansı pisliklər, uğursuzluqlar gəlməlidir axı ki, o, xəcalət çəkib, istefa versin?! Əli Kərimlinin siyasətdən getməsilə ölkədə siyasi mühitə böyük bir sağlamlıq və təravət gələr, əxlaqsızlıq, söyüş, aqressiya azalar, yeni müxalif düşüncənin yolu açılardı. Kərimlinin 90-cı illərdən daşıyıb gətirdiyi siyasi marazm bu günün Azərbaycanının siyasi reallığı kontekstinə heç cür girmədiyi, uyğunlaşmadığı halda o, zorla həmin marazm yükünü ölkə siyasətinə dürtməyə çalışır. Nəticədə çoxdan bir növ siyasi rudimentə çevrilib. Bu adamın siyasətdən getməsilə 90-cı illərdən günümüzə uzanan atavizmin kökü kəsilərdi. Onun siyasətdən getməsi Azərbaycana, xalqa və siyasətə maraq göstərən gəncliyə ən böyük xidmət olardı. O isə qeydsiz-şərtsiz getmək əvəzinə şərt qoyur ki, bizə yer versəniz və tutulan üzvlərimizi buraxsanız payızda namizədliyimi irəli sürmərəm. Məncə, əslində başqa cür olmalı idi. Kərimli dərhal istefa verib, sonra postfaktum dövlət başçısından xahiş edə bilərdi ki, mən daha siyasətdə yoxam, siz isə mənə aldanıb, özlərini bəlaya salmış o insanları əfv edin. Amma biz nə qoyub, nə axtarırıq. Kərimli üçünn AXCP – kiçik biznes obyektidir. O, sahibi oldupu bu partiyadan pul qazanır. Harada görünüb ki, sahibkar öz biznesindən istefa versin?! Hətta hipotetik olaraq, istəsə belə, Kərimli istefa verəcək qədər özbaşına deyil axı – onun siyasi biznesinin, elə özünün də daha böyük sahibləri var. Sadəcə, belə siyasət alverçilərini tanımaq və ulrapopulist çıxışlarına aldanmamaq lazımdır.




Teqlər: AzVision   Real-TV  





Xəbər lenti