İlham Əliyev: `Digər qurumlarda ASAN-ın səviyyəsinə çatmaq üçün iş gedir`

İlham Əliyev: `Digər qurumlarda ASAN-ın səviyyəsinə çatmaq üçün iş gedir`
  22 Yanvar 2014    Oxunub:4648
Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısı “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllülərlə görüşüb.

Xidmətin kollektivini salamlayan Prezident deyib ki, Gəncədə də “ASAN xidmət”in fəaliyyət göstərməsi çox gözəl hadisədir:

- Artıq bu iş regionlarda başlayıb. İndi bu xidmət Bakı, Sumqayıt, Gəncə şəhərlərində vardır və vətəndaşlar böyük maraq göstərirlər. Bir il ərzində 1 milyona yaxın müraciət olmuşdur və hamı razıdır. Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Həm insanlara yüksək səviyyəli xidmət göstərilir, eyni zamanda, bütün xoşagəlməz halların qarşısının alınması üçün “ASAN xidmət”in böyük əhəmiyyəti var. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin. İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir. Mən hesab edirəm ki, “ASAN xidmət”in yaradılması nəinki ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu, müasir inkişafı üçün öz rolunu oynayacaq. Bilirəm ki, artıq digər qurumlarda da “ASAN xidmət”də göstərilən xidmətlərin səviyyəsində iş qurulması prosesi gedir.

Biz müasir, güclü dövlət qururuq. Azərbaycan dövlətində heç bir xoşagəlməz hala rast gəlinməməlidir və mövcud problemlər aradan qaldırılmalıdır. “ASAN xidmət”in fəaliyyəti bu istiqamətdə bizim işimizə böyük dayaqdır. Mən çox şadam ki, Azərbaycan vətəndaşları tərəfindən bu xidmətin fəaliyyətinə böyük dəstək, rəğbət vardır və bu addım yüksək qiymətləndirilir. Dəfələrlə dediyim kimi, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin fəaliyyətinə böyük maraq vardır.

İlham Əliyev deyib ki, ASAN-ın birillik fəaliyyət özlüyündə gözəl göstəricidir: “Çünki hamımız bilirik ki, bəzi hallarda yeni yaradılan hansısa bir layihə, yaxud da ki, irəli sürülən təşəbbüs ilk mərhələdə uğurlu olur, sonra bəzi çətinliklər ortaya çıxır, səviyyə aşağı düşür. “ASAN xidmət”də belə deyil. Mən hesab edirəm ki, xidmət il ərzində öz işini daha da yüksək səviyyəyə qaldıra bilmişdir, səyyar xidmət göstərilir, bölgələrə xüsusi təchiz edilmiş avtobuslar ezam edilir və bu il Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni “ASAN xidmət” mərkəzi yaradılacaq.

Bütün bölgələrdə, ondan sonra hər bir şəhərdə belə xidmət olmalıdır. Bu xidmətin bir əlamətdar tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Bu da sizin üçün, cəmiyyət üçün çox gözəl hadisədir. Sizin üçün ona görə ki, artıq gənc yaşlarınızdan çox mühüm bir dövlət işində özünüzü göstərəcəksiniz. Cəmiyyət üçün ona görə ki, könüllülük hərəkatı, ümumiyyətlə, çox böyük təqdirəlayiq hərəkətdir, xoş niyyətin, vətənpərvərliyin təzahürüdür, öz xalqına, dövlətinə olan bağlılığın əlamətidir. Əgər hər bir insan ümumi işə könüllü şəkildə öz töhfəsini vermək istəyirsə, bu, ancaq alqışlanır. Könüllülər qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı üçün də öz rolunu oynayacaq”.

Qalereya




Teqlər:  





Xəbər lenti