Doqquzqat çempionumuz: `Güllə başımı deşib keçmişdi`

Doqquzqat çempionumuz: `Güllə başımı deşib keçmişdi`
  22 Yanvar 2014    Oxunub:5755
Heç vaxt üzlərini görmədiyim övladlarımı görmək istərdim


İki dəfə paralimpiya oyunlarında, iki dəfə dünya çempionatında, 5 dəfə isə Avropa birinciliyində qızıl medal qazanmış İlham Zəkiyevlə müsahibə çoxdan planlarımıza daxil idi. Onun ötən ay Macarıstanda ardıcıl 5-ci dəfə Avropa çempionu olması isə bizim üçün əlavə stimul oldu. Cüdoçumuzla söhbət zamanı həm idmandakı uğurlarından danışdıq, həm də digər maraqlı məqamlara aydınlıq gətirdik.

- Neçə yaşınızdan idmanla məşğul olmağa başladınız? Ümumiyyətlə, bu sahəyə maraq hardan yaranmışdı?


- Mənim böyük qardaşım sərbəst güləşlə məşğul idi. On yaşım olanda onunla birgə məşq prosesinə qatıldım. Vaxt ötdükcə bu idman növündə müəyyən uğurlar qazandım. 15 yaşım olanda isə Sumqayıtda cüdo ilə məşğul olmağa başladım. 1998-ci ilə qədər məşğul olduğum bu idman növündə şəhərdaxili yarışlarda birincilik, respublika çempionatında mükafatlar qazandım. Hərbi xidmətə yollanmazdan əvvəlki sonuncu yarışda Azərbaycan kubokunun qalibi oldum.

- Bildiyimiz kimi, hərbi xidmətdə yaralandıqdan sonra görmə qabiliyyətinizi itirdiniz. Yaralandığınız anı necə xatırlayırsınız?

- Hərbi xidmətimi Beyləqan rayonunda kəşfiyyatçı kimi keçsəm də, Füzuli rayonunda gedən döyüşlər zamanı yaralanmışam. 1999-cu ilin fevral ayının 9-da gedən döyüş zamanı düşmənin atdığı snayper gülləsi sol gicgahımdan daxil olaraq sağ gicgahımdan çıxdı. Bu hadisədən sonra 5 gün komada qaldım. Artıq həm həkimlər, həm də yaxınlarım yaşayacağımdan ümidlərini kəsmişdilər. Həkimlər deyirdilər ki, idmançı olduğuna görə bu qədər müddət sağ qalıb, amma siz hazırlığınızı görün, yaşamaq ehtimalı yoxdur. Bununla belə, 5 gün sonra komadan anamın səsinə oyandım. Amma gözlərimi açanda hər yer qaranlıq idi. Beləcə, görmə qabiliyyətimi tamamilə itirdim və evimizə birinci qrup Qarabağ əlili kimi qayıtdım.

- Görmə qabiliyyətinizi itirdikdən sonra hansı hissləri keçirdiniz?

- Təbii, çox çətin anlar idi. Yəqin ki, 18 yaşlı bir gənc üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bütün planlarım alt-üst olmuşdu. Amma şükürlər olsun ki, yaxınlarımın, dostlarımın dəstəyi ilə həmin ağır günləri geridə qoydum.

- Bəs yenidən idmana qaydışınız necə baş tutdu?

- Düzü, yaralandıqdan sonra idmana qaydışım real görünmürdü. 2002-ci ildə ovaxtkı Gənclər və İdman naziri Əbülfəz Qarayevə müalicəmə köməklik olunması ilə bağlı müraciət etdim. Əbülfəz Qarayevin bu haqda o zaman Milli Olimpiya Komitəsinin prezidenti olan hazırkı ölkə başçısı hörmətli İlkam Əliyevə məruzə etməsinin ardından məni müayinədən keçmək üçün Rusiyanın paytaxtı Moskva şəhərinə göndərdilər. Amma Rusiyada həkimlər mənə indiki halda görmə qabiliyyətimin bərpasının mümkünsüz olduğunu dedilər. Ölkəyə qayıtdıqdan bir müddət sonra Paralimpiya hərəkatına qoşulmaq üçün Gənclər və İdman Nazirliyinə müraciət etdim. Açığı, bu da bir az təsadüf oldu, mən sadəcə, maraqlandırm və dedilər ki, gözdən əlillər üçün cüdo üzrə paralimpiya idman növü var. Məhz bundan sonra yenidən məşqlərə qayıtdım və gözdən əlil cüdoçuların qatıldığı Paralimpiya yarışlarında iştirak etməyə başladım.

- Paralimpiyaçı kimi ilk uğuru nə vaxt qazandınız?

- 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində Afina Olimpiadasına lisenziya verən dünya çempionatında bürünc medal qazanmaqla paralimpiyada ilk uğurumu qazandım. Onu da deyim ki, həmin dünya birinciliyinin ilk görüşündə mənə qalib gələn kubalı idmançının məşqçisi sonradan mənə yaxınlaşaraq mənim Afina Olimpiadasında qızıl medal qazanacağımı demişdi. İş elə gətirdi ki, Afina Olimpiadasında da ilk görüşümü məhz həmin kubalı idmançıya qarşı keçirdim. Ona tam üstünlüklə qalib gəldiyim görüşdən sonra kubalı idmançının məşqçisi mənə yaxınlaşaraq Kanadadakı dünya çempionatında dediyi sözləri xatırlatdı. Elə onun dediyi kimi də oldu və Afina Olimpiadasını qızıl medulla başa vurdum.

- Məhz bundan sonra davamlı uğurların əsası qoyuldu…

- Bəli, bundan bir il sonra Hollandiyada Avropa çempionu adını qazandım. Olimpiya çempionu olduqdan sonra həm mənim məsuliyyətim artmışdı, həm də rəqiblərim mənə qarşı daha ciddi hazırlaşırdı. 2005-ci ildə ilk dəfə Avropa çempionu olduqdan sonra qatıldığım bütün qitə birinciliklərində qalib olmuşam və hazırda 5 qat Avropa çempionuyam. Son çempionluq isə bu yaxınlarda Macarıstanda oldu – dekabrın əvvəllərində 5-ci dəfə Avropa çempionu oldum.

- Ən çətin görüşünüz bu vaxta qədər kimə qarşı olub?

- İdmanda asan rəqib olmur. Bütün idmançılarla qarşılaşmaq özü-özlüyündə çətindir. Amma bu baxımdan nisbətən Kuba idmançısı Ximenes Yanqalinini fərqləndirərdim. Onunla 2007-ci ildə Braziliyanın San-Paulu şəhərində təşkil olunan dünya çempionatının finalında qarşılaşmışdım. Güclü rəqib olduğundan görüş çətin keçdi və karyeramda ilk dəfə olaraq qələbə qazanmaq üçün əlavə vaxta ehtiyac duydum.

- Heç indiyə kimi tatami üzərində erməni idmançı ilə qarşılaşmısınız?

- Ermənilər sözün hər iki mənasında bizə rəqib olacaq səviyyədə deyillər. Ermənistan idmançıları ilə görüşə gəlincə, Paralimpiyanın cüdo növündə erməni idmançısı yoxdur. Digər idman növlərində isə Ermənistan idmançılarının bir medalı belə yoxdur.

- Bəs erməni idmançı ilə görüşə çıxmaq imkanınız olsaydı, o anda hansı hissləri keçirərdiniz?

- Şübhəsiz ki, psixoloji baxımdan çətin olardı. Yəqin ki, hər iki tərəf üçün bu görüşün asan olmaması normaldır. Mən erməni idmançıya uduzmaq istəmədiyim kimi, o da azərbaycanlı idmançıyla görüşdən məğlub ayrılmaq istəməzdi. Amma hər halda. belə bir qarşılaşma baş tutsaydı, mən ona qalib gələrdim. Yəqin ki, erməni idmançısına qarşı görüşüm xüsusi amansızlıqla keçərdi.

- Cüdodan başqa hansı məşğuliyyətləriniz var?

- Boş vaxtlarımda mütamadi məşğul olduğum bir şey yoxdur. Açığı asudə vaxtım çox olmur. Olanda da bu vaxtı ailəmə və dostlarıma həsr edirəm, musiqi dinləməyə və gəzməyi xoşlayıram.
- Görmə qabiliyyətiniz bərpa olunduqdan sonra ilk olaraq kimi görmək istərdiniz?

- Heç vaxt üzlərini görmədiyim övladlarımı görmək istərdim. Bundan başqa, uzun müddətdir görmədiyim anamı və dostlarımı da görməyi çox istərdim.

- Daha çox nələrdən təsirlənirsiniz?

- Ən çox haqsızlıq görəndə təsirlənirəm. Bu cür hallarla heç cür razılaşa bilmirəm, etiraz edirəm.

- Sizi qələbələrə, uğurlara ruhlandıran hansı gücdür?

- Mən hər şeyə görə ilk növbədə Allahıma borcluyam. Şübhəsiz ki, ailəm və dostlarım həmişə yanımda olub, məni ruhlandırıblar, mənə güc veriblər. Və bu qələbələrin arxasında ölkəmizdə idmana qayğı da dayanır. Biz idmançıların yaxın dostu cənab prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı da bizi stimullaşdırır. Eyni zamanda Milli Paralimpiya Komitəsinin, İlqar Rəhimovun, komitənin baş katibi Afiq Süleymanovun adlarını, “Neftçi” Sağlamlıq Mərkəzini və təbii ki, məşqçilərimiz – baş məşqçimiz İbrahim İbrahimovun, onun köməkçisi mənim şəxsi məşqçim Elxan Rəcəblinin əziyyətini qeyd etmək istərdim, eyni zamanda fürsətdən istifadə edib bir daha onlara dərin minnətdarlığımı bildirmək istərdim. Biz də həmişə çalışacağıq ki, bizim üçün əziyyət çəkənləri daim qələbələrimizlə sevindirək.

Tural Məmmədov
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti