AzVision-10 I Aşkar qoyunlar və gizli çobanlar - VİDEO

      AzVision-10 I    Aşkar qoyunlar və gizli çobanlar -    VİDEO
  13 Avqust 2020    Oxunub:37407
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Bugünlərdə sosial şəbəkənin Azərbaycan seqmentində əsas mövzularan biri Belorusda keçirilən prezident seçkisi və onun ardınca baş verənlərdir. Başqa dövlətdə yaşanmasına baxmayaraq, həmin hadisələr bizdə də xeyli müzakirələr və bəzən hətta ağır şəkil alan mübahisələrə səbəb oldu. Yerli radikallar Lukaşenkonu pisləyir, qalanları isə Batkanın Azərbaycanın dostu olmasına diqət çəkirdilər. Doğrudan da, bir azərbaycanlının prizmasından baxanda, başqa ölkədə şübhəli müxalifətin hakimiyyətə gəlməyindənsə, hərbidən tutmuş, kənd təsərrüfatına qədər müxtəlif sahələrdə bizimlə sıx işbirliyi quran Lukaşenko iqtidarının davam etməsi daha yaxşıdır. Elə isə nədir bütün bu mübahisələrin, söz duellərinin səbəbi?! Səbəb odur ki, radikallar bir növ Belorus ilə Azərbaycanın arasında paralellər qurmağa çalışırdılar. Nə eybi var, gəlin, quraq.

1. Xaricdən səpilən toxumlar

Əvvəlcə məsələyə bir qədər başqa aspektdən baxaq və sualı belə qoyaq: Belarusda baş verənlərdən hansı nəticələr çıxır və ya, çıxarılmalıdır?
Birincisi, Belorus müxalifəti sünidir, xaricdən yaradılıb və xaricdən də idarə olunur. Ona görə, müxalifətin qadın triumviratının üzvlərindən biri – Tsepkalo vəziyyət dəyişən kimi Moskvaya, o biri – Tixanovskaya Varşavaya qaçdı. Ümumiyyətlə, Belorus müxalifətinin formalaşmasında, maliyyələşməsində, media resursları ilə təmin olunmasında Polşanın rolu çox böyük və açıqdır. O dərəcədə ki, hətta Belorus müxalifəti vaxtilə Polşadakı “Solidarnost” hərəkatının himni olmuş «Муры» («Divarlar») mahnısını özünə qeyri-rəsmi himn seçib. Belorusuya ərazisinə də yayımlanan “Belsat” müxalif kanalı Polşa büdcəsindən maliyyələşir. Digər istiqaməti isə Lukaşenkonun özü göstərdi.

İkincisi, həmin müxalifət “liderləri” xalqa verdikləri vədlərin heç birini tutmadılar. Məsələn, demişdilər ki, əgər etirazlar olsa, qabağa düşəcəklər. Amma qabağa düşmək bir yana qalsın, heç ortaya çıxmadılar. Tixanovskaya sonda bildirdi ki:
- Anlayıram ki, çoxları məni başa düşəcək, çoxları mühakimə edəcək, çoxları nifrət bəcləyəcəklər. Hamınız özünüzü qoruyun. Heç bir həyat indi baş verənlərə dəymir. Bizim həyatımızda olan ən vacib şey uşaqlarımızdır.
Prinsipcə əlbəttə, düz deyil, biz də razıyıq. İnsanın həyatında ən vacib olan şey uşaqlarıdır. Amma bu “liderlərin” çıxışlarına, vədlərinə aldanıb, özünü OMON-un üstünə atanların uşaqları yoxdurmu, onların uşaqları vacib deyilmi?
“Lider” deyəndə ilk növbədə ona inanların, arxasınca gələnlərin maraqlarını düşünən bir şəxs nəzərdə tutulmalıdır. Amma postsovet ölkələrindəki müxalifət liderləri təəssüf ki, bu kriteriyadan çoxdan uzaqlaşıblar. Onlar siyasətə biznes kimi yanaşır, ancaq öz faydalarını düşünür, arxalarınca gəlməyə hazır olanların maraqlarını və hisslərini isə asanlıqla sata bilirlər.
Belorus müxalifətinin davranışı sübut etdi ki, müxalifət liderlərinin populizminə aldanıb, küyə getmək lazım deyil. Bu, yadda saxlanılası son dərəcə lazımlı olan vacib bir dərsdir. Xaricdən maliyyə və təlimat alanların həmişə qaçmağa yeri var. Onların təsirinə düşənlərin isə olmaya da bilər.

2. Bildirçinin bəyliyi

Üçüncü məqam kimi, müxalifətin ritorikasına diqqət etməliyik. Bu da demək olar ki, bütün postsovet ölkələrinə eynidir.
Tixanovskaya: - Biz dinc dəyişiklik istəyirik. Və indi iqtidar hakimiyyəti dinc yolla necə təhvil vermək haqqında düşünməlidir.
Lukaşenko: - Xaricdən bizim müxalifətdən tələb edirlər ki, hakimiyyətin könüllü şəkildə təhvil verilməsi haqqında iqtidarla danışıqlar aparın. Yəni, hakimiyyət vertikalının, dövlətin başında duran Lukaşeno 80 faiz səs yığdığı halda, könüllü şəkildə hakimiyyəti təhvil verməlidir. Bu komanda oradan gəlir.
Yəni müxalifət zəifdir, uduzur, ortaya çıxarmağa heç nəyi yoxdur, di gəl, iqtidara meydan oxuyaraq deyir ki, hakimiyyəti dinc yolla təhvil ver. Eyni absurd ritorikanı bizim müxalifətdə də vaxtaşırı müşahidə edirik. Onlar məsələni “biz güclənək” yox, “hakimiyyət zəifləsin” şəklində qoyurlar. Bu isə bir daha göstərir ki, postsovet ölkələrində müxalifətlərin çoxu eyni mərkəzlərə bağlıdırlar.

Dördüncüsü daha bir vacib və aktual məsələdir: Minskdəki aksiyaları müxalifət liderləri yox, blogerlər idarə edirdilər. Bu, milli təhlükəsizliyə yeni dövrdə ortaya çıxan hədələri vaxtında qabaqlamaq baxımından çox vacib məqamdır. Demək, blogerlər artıq sabitliyi poza bilən faktora çevriliblər və onların fəaliyyətini radikal siyasətçilər qədər, bəzən isə hətta daha sərt şəkildə qanunla tənzimləməyin zamanıdır.

Beşincisi, Minskdəki proseslər Telegram-kanallar vasitəsilə idarə olunurdu. Son illərdə dünyadakı hər iğtişaşın təşklilinin özünəməxsus informasiya platforması olurdu. Məsələn, Misirdə bu, Tvitter idi. Sonradan Feysbuk önə çıxdı. İndi isə, Minsk hadisələri göstrərdi ki, Telegramın erası başlayıb.

Altıncısı, əvvəllər Çində tətbiq olunan iğtişaş anında interneti söndürmək və mobil rabitəni bloklamaq təcrübəsi artıq standart protokol təlimatına çevirilir. Bunu xüsusən blogerlər və insanların şüuruna internet vasitəsilə təsir etməyə çalışanlar nəzərə almalıdırlar ki, kritik anda internet zəiflədilən kimi onlar heç kimdirlər və ortada əl-ayağa dolaşmaqdan başqa heç nəyə yaramayacaqlar. Yəni bildirçinin bəyliyi darı sovrulana qədərdir. Öz profillərinə, youtube və telegram kanallarına ümid olub, insanları idarə etməyə çalışanlar kritik anda yarı yolda qalacaqlar.

3. Çıxarılmalı nəticələr

Bütün bunları bilmək nə üçün lazımdır? Çünki bu il hələ daha bir neçə postsovet ölkəsində seçki keçiriləcək. Moldovada prezident, Qırğızıstanda və qonşu Gürcüstanda isə parlament seçkiləri. Və biz onları diqqətlə izləyib, Belorusdakı seçkilərlə tutuşdurmalı, tətbiq olunan siyasi texnologiyaları müqayisə etməlyik. Bu ölkələrin hər birində müxalifət hazırkı iqtidarları devirməyə çalışır. Əgər Belorus hadisələrilə eynilik olsa, demək, postsovet məkanında müəyyən mərkəzlərdə hazırlanmış siyasi texnologiyaların yeni modifikasiyası sınaqdan keçirilir. Onları bilməli və hazır olmalıyıq.
Hərçənd, ayrı-ayrı ölkələrdə gedən proseslərin arasında elə indidən oxşarlıqlar var. Məsələn, Belorusda hadisələri qızışdıran blogerlərin çoxu xaricdə yaşayırlar. Eynilə bizdəki kimi. Tutaq ki, Əli Kərimlinin feysuk səhifəsində istinadla video paylaşdığı “Nexta” telegram-kanalının müəllifi, bloger Stepan Putilo bir neçə il əvvəldən Polşaya yerləşib, oradan hadisələri körükləyir, informasiyalar və dezinformasiyalar yayır. Tanış mənzərədir, deyilmi? Bizdə də ölkədəki siyasi proseslərlə müdaxilə edən blogerlərin çoxu əvvəlcədən xarici ölkələrdə yerləşib, yaxud, yerləşdiriliblər.


4. Revenons à nos moutons

Bu həftə Azərbaycanda xaricdən idarə olunan bloger ŞƏRbəkəsinə daxil olanlar iki çox xoşagəlməz dezinformasiya yaydılar. Onların ikisi də güc orqanları haqqında idi – biri müdafiə, digəri daxili işlər nazirliyinin.
Bu, necə olur ki, Azərbaycanın müdafiə nazirinin Türkiyədə səfərdə olduğu, qardaş ölkənin prezidenti ilə birgə şəkli yayılan gün sosial şəbəkədə guya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıxovun Türkiyəyə olan sevgiyə görə zabitlərimizi ağır təhqir etməsi haqqında dezinformasiya buraxılır? Belə təsadüf ola bilərmi? Əlbəttə, yox. Aydındır ki, bu dezinformasiyanı həmin görüşü, geniş mənada isə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini gözdən salmaq istəyənlər təşkil ediblər. Deməli, biz açıq şəkildə görürük ki, həmin qüvvələrin sosial şəbəkənin Azərbaycan seqmentinə necə də rahatlıqla əlləri girir. Tükürpədicidir. Bir ölkənin informasiya məkanı düşmən üçün bu qədər açıq və əlgirən olmamalıdır.
Amma ən dəhşətlisi bu da deyildi. Praktik olaraq eyni vaxtda – ki, bu da son dərəcə şübhəli görünür,- Əli Kərimlinin xaricdəki yalan maşınınını başında duranlardan biri, “dezolar kralı” ləqəbli Qənimət Zahid ikinci bir dezonu da buraxaraq, haradasa işgəncəyə məruz qalmış, bəlkə də qalmamış – kim bilir,- insanların şəkillərini yayıb, bunun Azərbaycanın polis idarələrində baş verdiyini iddia etdi.
Bu, o Qənimət Zahiddir ki, baş redaktoru olduğu “Azadlıq” qəzeti bir gün əvvəl Seulda çəkilmiş kütləvi mitinq şəklini yayaraq, Minsk adı ilə cəmiyyətə sırımağa çalışmışdı. Bu adamların nəfəsi də dezo ilə gedib-gəlir.

Məsələ ondadır ki, ortada heç bir fakt yoxdur axı. Bu, fakt yox, kütlə emosiyaları ilə həyasızcasına manipulyasiya idi. Aydındır ki, o cür şəkillər harada çəkilməsindən asılı olmayaraq, görən insanlarda emosiyaları qabardacaq, isteriyaya yaxın hal yaradacaqdı. Biz, məsələn, Quantanomada çəkilmiş işgəncə şəkillərini görəndə də qəzəblənir və nifrət püskürürdük. Bu dəfə də təxminən elə də oldu. Amma bu şəkillər harada çəkilib? Oradakı şəxslər kimlərdirlər? Xarici görünüşünə görə azərbaycanlıya bənzəmirlər. Yerdə uzananlardan birinin kürəyində böyük məscid günbəzinin tatuirovkasının görürük. Bunun oğru aləmində xüsusi mənası var. Yəni heç kim sadəcə kefi istədiyi üçün gedib kürəyinə o boyda məscid günbəzinin şəklini döydürmür. Oğru aləminin qayda-qanunlarına çox da girmədən, bu döymənin Şimali Qafqazın kriminal çevrələrində daha çox yayıldığını deyə bilərik.
Şəkillərin arasına onlara heç bir dəxli olmayan bir azərbaycanılın çöldəki fotosunu əlavə etmək isə sadəcə, psixoloji tryukdur: Bu yolla bütün əhvalat süni yolla Azərbaycanla bağlanmış olur.
Şəkillərdə seyfin üstündə olan Azərbaycann bayrağına və Daxili İşlər Nazirliyinin embleminə gəlincə, məsələn, tutaq ki, bu şəkilləri erməni kəşfiyyatı təşkil etsə, bayrağı və emblemi ora qoymaq çoxmu çətin işdir?
Əsl sual isə başqadır: Əgər doğrudan da bu şəkillər Azərbaycanda çəkilibsə, onlar Qənimət Zahidin əlinə haradan düşüblər? Hansı polis özünü ifşa edən əməli telefona çəkib, sonra xaricdəki ŞƏRbəkəyə ötürərdi axı?

5. Paralellər və nəticə

Bir daha xatırlayaq: Qənimət Zahid o şəxsdir ki, hakimiyyət əleyhinə ən absurd xəbərləri yayır, dezolar tutanda tutur, tutmayanda isə o, çıxıb açıqlama verir ki, “Mən eksperiment aparırdım, görüm, insanlar inanacaqlar ya yox”. Təəssüf ki, kütlənin yaddaşı həmişə qısa olur, əks təqdirdə, belə bir insanın dediklərinə heç vaxt heç kim inanmazdı. Mən əminəm, həmin şəkillərdəki şəxslərin azərbaycanlı olmadığı üzə çıxan kimi Qənimət Zahid açıqlama verib deyəcək ki, bu dezonu yaymaqda məqsədi AXCP üzvlərininin həbsinə görə Daxili İşlər Nazirliyindən qisas almaq olub. Ya da nəsə təxminən buna oxşar bir şey.

Hələlik isə xaricdə bəslənilən bloger ŞƏRbəkəsi komanda alıbmışlar kimi həmin mövzunun üstünə tökülüşüblər və onların qara-qışqırığı təəssüf ki, ölkədə də bəzilərinin fikrinə təsir göstərə bilir. Belorusda da təxminən belə olmuşdu. Orada da hər şeyi xaricdəki bloger dəstəsi və informasiya resursları yönəldirdi. Üstəlik, xarici təsir cəhdləri bir yox, bir neçə istiqamətdən idi. Amma nəticə onu göstərdi ki, hakimiyyət qətiyyətli və iradəlidirsə, bu oyunların heç bir faydası olmayacaq. Boş yerə özünü yormaq və başqalarının beynini zəhərləmək, vətəndaşlarda dölətinə qarşı kin-küdurət yaratmaq lazım deyil.

6. Vaksin müharibəsi olacaqmı?

Bu mövzulara başımızı qatıb, günün əsas məsələsini diqqətdən qaçırmaq düz olmaz. Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, ölkəsində koronavirusa qarşı ilk peyvəndi yaradıblar və qeydiyyata da alınıb.
- Bu vaksin adenavirus vektorlarının bazasında hazırlanıb. Özü də məhz insan adenovirusunun. Və o, daha dəqiq işləyir, daha dayanıqlı anticism və hüceyrə immuniteti formalaşdırır. Mən bunu çox yaxşı bilirəm, çüki qızlarımdan biri özünə peyvənd vurdurub. Bu mənada o da eksperimentdə işitirak edib. Əsas vaksinin təhlükəsizliyini və efektivliyini təmin etməkdir ki, bu da olacaq.
Peyvəndin Putinin qızlarının üzərində sınaqdan keçirilməsi o deməkdir ki, oyunda rəqabət çox yüksəkdir. Aydın idi ki, Amerikanın əsas iradı həmin peyvəndin kifayət qədər test edilməməsi ilə bağlı olacaqdı. Ona görə bir növ qabaqgəlmişlik edilərək deyilir ki, “Nə danışırsınız? Bizdə Putinin qızında test edil e!” Belə də oldu. ABŞ prezidentinin köməkçisi Kellian Konuey bildirdi ki, Rusiyanın koronavirus peyvəndi çox az sınaqlardan keçirilib və Amerikanın vaksini ilə müqayisədə geri qalır. Amerikanın artıq üçüncü mərhələdə olan altı potensial vaksini var və yəqin ki, yaxın bir neçə ay ərzində artıq yüz milyonlarla doza hazır peyvənd olacaq.
Belə görünür ki, bir müharibə artıq bitmək, digəri başlamaq üzrədir. İndi “kimin vaksini daha yaxşıdıq” savaşı başlayacaq. Hər bir tərəf çalışacaq ki, koronovirus üzərindəki qələbədən daha çox siyasi və maddi faydanı məhz özü götürsün. Güman ki, başqa dövlətlərə “Onun vaksinini alma, mənim vaksinimi al” şəklində təzyiqlər də ediləcək. Əgər koronovirusla müharibə anologiyasını davam etdirsək, onda vaksin bir silahdır və dünya silah bazarında gedənlərə bənzər oyunları burada da müşahidə edəcəyik. Bu, işin pis tərəfidir. Yaxşı tərəfi isə odur ki, bütün hallarda artıq koronovirus pandemiyasının sonu görünür. Ona görə də, bu həftə Saatlıda, Qubada, Yevlaxda qanunsuz ad günü, toy etmək kimi mənasız işlərə görə cərimələnmiş vətəndaşlarımıza demək isəyirik ki, bir azca da səbrli olun. Əsas odur, sağlıq olsun. Özünüzdən muğayat və möhkəm olun.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti