AzVision: Həftənin real təhlili - VİDEO

      AzVision:    Həftənin real təhlili -    VİDEO
  31 Avqust 2020    Oxunub:24952
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Sizi verilişin şənbə günü efirə gedən buraxılışına baxmağa dəvət edirik:



Xoş gördük. AzVisionun həftəlik təhlil buraxılışına baxırsınız. Bu verilişdə aydınlıq gətirməyə çalışacağıq ki:

- Birinci xanım ad gününü necə keçirdi və bunun anlamı nə idi?
- Dövlət başçısı məmurlara tapşırıq və öyüd-nəsihət verərkən niyə sahibkarlardan da danışmağı lazım bildi?
- Təxminən eyni gündə Şoyqunun Bakıya, Bayramovun Moskvaya getməsi Azərbaycanla Rusiya arasındakı hansı proseslərdən xəbər verir?
- Erməni təxribatçının məhz Bakı ilə Moskva arasında diplomatik trafikin sıxlaşması vaxtı əsir götürülməsi nə dərəcədə təsadüfdür?
- Navalnıya verilən zəhər daha çox siyasi, yoxsa geosiyasi xarakterlidir?
- Necə oldu ki, bir Qəddafini devirən Liviyada indi əhali ikisinə qarşı etirazlar üçün küçəyə çıxır?

Bu həftə eyni gündə - avqustun 26-da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yataqxananın, məktəbin və mədəniyyət evinin açılışında oldular. İlk baxışdan qeyri-adi heç nə yoxdur. Amma məsələ ondadır ki, bunlardan ikisi Heydər Əliyev Fondunun layihəsidir, avqustun 26-sı isə həmin fondun prezidenti, birinci xanım Mehriban Əliyevanın ad günü idi. Yəni Mehriban xanım öz ad günündə özü insanların ayağına gedir və onlara hədiyyə verir. Bu rəmzi davranışı biz hər zaman dövlət başçımız cənab İlham Əliyevdən də görmüşük. O da bir qayda olaraq, ad günlərini sadə insanlarla görürşərək, özü onlara nəsə hədiyyə edərək keçirir – bu, qaçqınlar üçün bina da ola bilər, məktəb də, başqa bir obyekt də... Belə rəmzi davranışla onlar sanki deyirlər ki, “Bizim üçün vətəndaşa xidmət etmək imkanı, onların necə məmnun qaldığını görmək elə ən böyük hədiyyədir. Məhz buna görə doğum günlərimizi əvvəl xalqın, sonra ailə üzvlərimizin arasında qeyd edirik. Çünki bizim üçün əsas ailə, birinci ailə, böyük ailə - xalqdır”. Ad günü insanın şəxsi bayramıdır; prezident və birinci xanım isə hər il onu göstərirlər ki, onlar üçün şəxsi bayram günü – insanlara xidmət göstərdikləri, ünsiyyətdə olduqları gündür.

***

İnsanlara xidmət etmək Prezident və birinci xanımın əsas amalı olduğu kimi, yenili-köhnəli bütün məmurlardan da istisnasız olaraq bu tələb edilir. Dövlət başçısı bunu hər dəfə xatırladır, təkrarlayır, dönüb-dönüb vurğulayır. Həftənin əvvəlində Biləsuvar və Saatlı rayonlarının icra hakimiyyətlərinin yeni təyin olunan başçıları Faiq Qürbətov ilə Elmir Bağırovu videoformatda qəbul edərkən dövlər başçısı bir daha bu məsələnin üstünə gəldi.
Daha dəqiqiq, dövlət başçısının həmin çıxşında iki zümrəyə müraciət vardı: həm məmurlara, həm də sahibkarlara. Çünki sadə əhalinin dolanışıq səviyyəsinin yüksəlməsində bu zümrələrin hər ikisinin rolu var. İcra başçıları rəhbərlik etdikləri rayonda top-menecer olmalı, oranın iqtisadi inkişafı, investisiyaların cəlb edilməsi üçün çalışmalıdırlar; eyni zamanda da, əhalinin dövlətə münasibətinin formalaşmasında onların üzərinə böyük iş düşür.

Prezident İlham Əliyev: - Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

Sahibkarlara gəlincə, cənab Prezidentin sözlərindən çıxan anlam bu idi ki, onlar dövlətin yaratdığı imkanlardan istifadə edib biznes qurub, pul qazananda iki amili daim yadda saxlamalıdırlar. Birincisi, təmiz işləmək tələbi təkcə məmura aid deyil. Sahibkar da eyni dərəcədə vicdanlı və dürüst olmalı, fəaliyətini iqtisadiyyatın kölgəsində qurmamalı, “qara mühasibatlığa” getməməli, dövlətə vergini vicdanla ödəməlidir. İkincisi isə, sahibkar özünün sosial məsuliyyətini də başa düşüb, imkan daxilində həyata keçirməlidir.

Prezident İlham Əliyev: - Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər.

Yəni dövlət sahibkara həm də buna görə qayğı göstərir ki, o, sadə insanların həyat şəraitinin, rifahının yaxşılaşdırlmasına yönəlmiş siyasətin reallaşmasında öz rolunu oynasın. Belə də deyə bilrik ki, dövlər sahibkara öz sosial siyasətinin qeyri-rəsmi, qeyri-inzibati iştirakçısı kimi baxır. Sahibkar dövlətin rifah siyasətinin vətəndaş cəmiyyətindən olan təmsilçisidir. Məhz bu cür tamlıq Azərbaycanı daxili əsasları güclü olan dövlətə çevirə bilər.
Dövlətin gücünün xarici əsaslarına gəlincə isə, o istiqamətdə də intensiv iş aparılır.
Bu həftə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıda idi. Onun səfərinin rəsmi məqsədi Ordu Oyunlarının bir hissəsi olan, bu il də ənənəvi qaydada Bakıda keçirilən Dəniz Kubokunun açılışına qatılmaq idi. Yada salaq ki, keçən həftə Bakı buxtasına yan alan Rusiya hərbi gəmisi də məhz həmin oyunlarda iştirak etmək üçün gəlmiş və sosial şəbəkədə müəyyən səs-küyə, versiyalara səbəb olmuşdu. Elə Şoyqunun səfəri də ondan geri qalmadı. Çünki Tovuz döyüşlərinin ardınca genişmiqyaslı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilirsə, Moskvanın Ermənistana silah ötürməsi faktı aşkarlanırsa, rəsmi Bakı buna görə etirazını bildirirsə, sonra Rusiyanın hərbi gəmisi və naziri Bakıya gəlirsə, əvvəlcədən planlaşdırılmış təqvim hadisəsi olsa belə, bu səfər adi qarşılana bilməz. Hər şeydən əvvəl ona görə ki, Şoyqu kimi yüksək çinli fiqurun gəlişi bütün hallarda münasibətlərdə yaranmış problemlərin müzakirəsi və narazılıqların hamarlanması üçün yaxşı imkandır. Bundan daha üstün imkan ancaq Putinin öz səfəri ola bilərdi. Ordu oyunlarının peşəkar hərbi ustalıq üzrə bir epizodu da Ermənistanda keçirilir, amma Şoyqu Yerevana getməmişdi. Əksinə, o, Ermənistanın müdafiə naziri David Tonoyanla Moskvada görüşmüşdü; bunu “Tonoyan Moskvaya çağırılmışdı kimi” də təqdim edə bilərik. Yəni Şoyqu Bakıya özü gəlir, Ermənistanın müdafiə nazirini isə Moskvaya çağırır. Belə münasibətin hərbi diplomatiya dilində maraqlı açması var.
Bu halda, hətta əvvəlcədən planlaşdırılmış təqvim hadisəsi olsa belə, Şoyqunun Bakıya səfərini başqa bir maraqlı bucaqan da şərh etmək mümkündür. Amma əvvəlcə gəlin görək, ümumiyyətlə, Ordu Oyunları nədir və Şoyqunun gəlişi sırf onunla bağlı ola bilərdimi?

* * *

Göründüymüz kimi, Ordu Oyunları həqiqətən də, maraqlı yarışdır; onun Bakı epizodu da həmçinin. Amma sırf buna görə Rusiyanın müdafə nazirinin durub gəlməsinə xüsusi bir zərurətin olduğunu da söyləmək olmaz. Demək, bütün hallarda, Şoyqunun səfərində əsas məqsəd Tovuz döyüşlərindən sonra Bakı ilə Moskvanın arasında yaranmış anlaşımazlıqlara aydınlıq gətirmək olub. Nəzərə alsaq ki, Şoyqunun səfərindən bir gün sonra Azərbaycanın yeni xarici işlər naziri ikinci səfərini Moskvaya etdi – birincisi isə birgə hərbi təlimlərlə bağlı Ankaraya olmuşdu,- demək, həqiqətən də, iki ölkə arasında hərbi intizamlı sıx diplomatik trafik başlayıb.

Prezident İlham Əliyev: - Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz.

Sergey Şoyqu Putinin öz komandasında ən çox etibar etdiyi şəxslərdən biridir. Onun Bakıya gəlməsi dövlətlər arasında yaranmış sualların kifayət qədər yüksək səviyyədə müzakirəsindən xəbər verir. Başqa cür ola da bilməz, çünki xarici işlər narizi Ceyhun Bayramovun Rusiyaya bu həftə baş tutan səfəri də göstərdi ki, Bakı ilə Moskvanın xeyli önəmli birgə layihələri, görüləsi kifayət qədər işlər var. Ötən ilin noyabrında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində onlara toxunulmuş, iki ölkənin gedəcəyi yolun xəritəsi dəqiqləşdirilmişdi. İndi həmin yolla birlikdə hərəkətə davam etmək vaxtıdır. Ortada Şimal-Cənub nəqliyyat dəhlizi kimi böyük magistral layihəsi varsa, başqa yollara dönməyin mənası yoxdur. Birlikdə görüləcək böyük işlərin sadanması fonunda Tovuz hadisələrinin Azərbaycanın xarici işlər nazirinin dili ilə Moskvada pislənməsi isə daha çox diplomatik öyüd-nəsihət təəssüratı da doğururdu. Həm də sərt formada. Ceyhun Byramovun seçdiyi tonun xələfindən ciddi şəkildə fərqləndiyini usə Rusiya mətbuatı da qeyd edir.

* * *

Ermənistanın Bakıda və Moskvada pislənmiş təxribat cəhdləri isə təəssüf ki, davam edir və bu həftə daha birinin üstü Qurgen Alaverdiyanın simasında açıldı. Bu məsələdə bir neçə maraqlı məqam vardı.
Əvvəla, Qurgen Alaverdiyan Rusiyanın müdafiə nazirinin Bakıya, Ermənistanın müdafiə nazirinin isə Moskvaya getdiyi əsnada əsir düşmüşdü. Belə bir həssas məqamda ermənilər nə etmək istəyirmişlər? Güman ki, məqsəd hansısa bir təxribatı elə şəkildə törətmək imiş ki, o, məhz Azərbaycanın təxribatı kimi görünsün. Bununla da Tonoyanın Moskvada deməyə sözü olsun, Şoyqunun Bakıya səfəri isə istənilən səviyyədə alınmasın, ən azı sərhəddən gələn qanqaraldıcı xəbərlərlə ləkələnsin. Erməni mediası hay-küy salsın ki, “Gördünüz, Azərbaycan təxribatları davam etdirdiyi halda, Bakıda Şoyuquya yalanlar danışırlar, Bayramov isə Moskvada rusları aldadır”. Amma alınmadı.
Təbii ki, detallarını bilmirik, fəqət belə görünür ki, ermənilərin bu planının pozulmasında Azərbaycanın hərbi kəşfiyyatının xidməti olmamış deyil.
Ermənistanın müdafiə nazirliyinin Tovuz döyüşləri zamanı çevik açıqlamaları ilə fərqlənən sözçüsü Şuşan Stepanyanın bu dəfə tamamilə özünü biabır edib, dolaşıq, naşı açıqlamalar verməsi də maraqlı məqam idi. Əvvəlcə məlumatı inkar etməsi göstərirdi ki, baş verənlər onu qəfil yaxalayıb. Əgər müdafiə nazirliyinin sözçüsü - əlavə edək, əvvəlki hadisələr vaxtı heç də işində naşı olmadığını göstərmiş sözçüsü,- belə qəfil yaxalanır, çaşıb-dolaşırsa, demək, söhbət həqiqətən də hansısa gizli əməliyyatdan gedir. Kim bilir, o, baş tutsaydı, indi biz nələri müzakirə edir, nələrdən danışırdıq.

* * *

Qurgen Alaverdiyanın açıqlamaları bir neçə baxımdan önəmlidir. Əvvəla, Tovuz təxribatından sonra cavablarını alan və burnu ovulan ermənilər normal halda bundan nəticə çıxarıb, ən azı bir müddət dinc oturmalı idilər. Əksinə, əgər Tovuzun ardınca ermənilər bu dəfə də Goranboyda təxribat törətmək istəyiblərsə, demək, Azərbaycan ərazisində ardıcıl hərbi təxribatlar törətməklə bağlı uzunmüddətli fəliyyət planları mövcuddur. Bunun məqsədi haqda indidən müxtəlif versiyaları müzakirə etmək olar, amma bütün hallarda hazır olmaq lazımdır. Əsgərimiz əsgər, vətəndaşımız vətəndaş kimi. Tovuz döyüşləri göstərdi ki, vətəndaşların da düşmən təxribatlarına hazır olmaları nə qədər önəmlidir.
İkincisi, Nikol Paşinyanım bütün beynlxalq çıxşlarında özünəxas utanmazlıq və həyasızlıqla Azərbaycan ərzisində Erməni Ordusunun yox, guya Qarabağ ermənilərinin özünümüdafiə qüvvələrinin olduğunu deməsinə Qurgen Alaverdiyan çox yaxşı, canlı, ətli-qanlı bir cavabdır. Demək ki, bunu mümkün qədər çox yaymaq, xüsusilə də Paşinyan növbəti dəfə o sözü deyəndə əks arqument kimi sosial şəbəkədə xarici dillərdə paylaşmaq lazımdır. Çünki döyüş cəbhəsindəki hər təxribat informasiya cəbhəsində də daha geniş hücumlarla müşayiət olunur. Və əgər cəbhədə düşmən hücumunun qarşısını almaq Ordumuzun işidirsə, informasiya cəbhəsində bunu etmək hamımızın işi olmalıdır. Azərbaycanda xarici dilləri bilən, dünya mediasını izləyən xeyli insanlar, savadlı gənclər var. Düşmənlə savaşmaq üçün səfərbərlik xidmətinə müraciət etmək yaxşıdır, amma vacib şərt deyil. Bu gün savaş təkcə əldə silahla aparılmır. Daha doğrusu, bugünkü savaşın silahları təkcə avtomat, raket, dron deyillər. O cümlədən, smartfon da qorxulu bir silah ola bilər və onu düşmənə tərəf çevirməyimizə heç kim mane olmur.
Smartfonun və informasiyanın silaha çevrilməsindən söz düşəndə hazırda dünyada ağla gələn ilk ölkə Belarus olur. Orada maraqlı vəziyyət yaranıb: Lukaşenkoya həm etiraz, həm də dəstək məqsədilə keçirilən aksiyaların hər ikisinin iştirakçı sayı artıb. Bir növ pat vəziyyəti yaranıb və bu vəziyyətdə üçüncü tərəf – Avropa Birliyi Lukaşenkoya təzyiq etməyə, Batka isə öz növbəsində ondan qorunmağa hazırlıq görür. O cümlədən də, hərbi yolla. Bəli, bu məqsədlə ölkənin Qərbində, Polşa və Litva sərhədləri yaxınlığında hərbi təlimlər başlayıb.
Bütün bunlar Belarusdakı seçkisonrası vəziyyəti daxili siyasət məsələsi olmaqdan çıxarır və beynəlxalq qarşıdurmanın növbəti poliqonuna çevirir. İndi əsas suallardan biri budur: Xaricdən müdaxilə yolu ilə bəzi ölkələrdə hakimiyyətlərin devrilməsi zənciri Əsəd və Maduro ilə qırılmışdı. İndi həmin zəncir bərpa olunacaqmı?
Məsələyə bu aspektdən baxanda istər-istəməz Belorusdakı hadisələrlə bu həftə Liviyada baş qaldıran etirazlar arasında paralelər aparmaq istəyirsən.

* * *

Əlbəttə, bugünkü Liviya ilə Belorusun gələcəyi arasında birmənalı paralel aparmaq mümkün deyil. Liviya traybalizmin hökm sürdüyü bir Afrika, Belorus isə heç nəyə baxmayaraq, mədəni bir xalqın yaşadığı Avropa ölkəsidir. Amma bu paralel xaricdən inyeksiya edilən məcburi demokratiyanın nə ilə nəticələnəcəyi haqda fikirləşmək üçün material verir.
Hərçənd, Belorus mövzusuna diqqətlə baxanda onun yavaş-yavaş Avropa-Rusiya qarşıdurmasına keçdiyi də sezilir. Hələ ki, asimmetrik formada olsa belə. Bloger Aleksey Navalnının ətrafında yaranan qalmaqalda məhz bunun izlərini sezmək mümkündür. Avropa ölkələri onun zəhərlənməsinə görə artıq indidən açıq formada Moskvanı ittiham edir və bildirirlər ki, əgər bu məlumatlar təsdiqləsə, Rusiyaya sanksiyalar qoyulacaq. Bu, əgər baş verərsə, şübhəsiz, həmin sanksiyaların əsas səbəbi Navalnıya görə deyil, Rusiyanın Belorusdakı proseslərə müdaxiləsi olacaq. Yəni Navalnı deyirik, Belorus yadda.
Aydın məsələdir ki, Kreml heç bir halda Navalnı kimi fiquru bu şəkildə zəhərləməklə aradan götürmək istəməzdi. Əvvəla ona görə ki, Navalnıya nə olsa, lap otağında elektrik vursa, çöldə əqrəb sancsa belə, şübhələr istər-istəməz Rusiya hakimiyyətin üstünə yönələcəkdi. Navalnı isə Kreml üçün o dərəcədə ciddi bir təhlükə deyildi ki, onu aradan götürmək üçün belə riskə gedilsin. Tam əksinə, gəlirik işin ikinci tərəfinə. “İnsanı öldürməyən şey daha da güclü edir” fəlsəfəsi bu halda belə işləyir ki, əgər Navalnı sağalsa, o, əvvəkindən qat-qat ciddi bir fiqura, özünün ikinci, yenilənmiş Navalnı 2.0 versiyasına, bütün dünyanın gözündə rəsmən Putinin əsas rəqibinə çevriləcək. Qərbin Rusiyaya qarşı mübarizəsi onun şəxsində personlaşdırılacaq. Daha doğrusu, bu, artıq baş verib: ABŞ dövlət katibinin birinci müavini Stiven Biqanın bu həftə Moskvaya baş tutan iki günlük səfərində əsas mövzulardan biri də Navalnı idi belə görünür ki, xəmir hələ çox su aparacaq. İstisna deyil ki, məsələ Rusiyaya qarşı yeni sanksiyalara qədər də dərinləşə bilər.
Hələlik isə Avropada yaşanan və Rusiyadakı yox, Azərbaycandakı hadisələrlə səsləşən başqa bir qalmaqala da diqqət yetirək.

* * *

Əlbəttə, bizim üçün məsələnin ən çox maraq doğuran tərəfi bu hadisənin Azərbaycanda baş verən toy məclisi isə bənzərliyidir. Çıxarılan nəticə odur ki, dünyanın hər yerində sadə əhali siyasi elitadan, onu idarə edən insanlardan təvazökar olmağı, özünü xalqdan üstün tutmamağı tələb edir. Buna əməl etməyənləri isə sadə üzrxahlığa görə bağışlamaq istəmir. Fərqi yoxdur harada – İrlandiyada, yoxsa Azərbaycanda; insan hər yerdə insandır, onun hakimiyyətdən umduğu da təxminən eynidir.
Bizdə baş verən hadisəni bəlkə də çoxları ayrı mənalarda yoza bilərdilər, necə ki yozurlar da; amma o boyda Avropa Birliyinin ən nüfuzlu komissarlarından birinin məclisdə iştirak etdiyi üçün karyerası tükdən asılıdırsa, buradan daha ciddi nəticələr çıxarmaq lazımdır. Azərbaycanda siyasi elitanın, ümumiyyətlə, elitanın digər təmsilçiləri, məmurlar, geniş mənada isə, bütün imkanlı insanlar anlamalıdırlar ki, sadə xalq çox vaxt çox şeyi onlara bağışlamağa hazıdır, amma özünü nümayişkəranə şəkildə başqalarından üstün tutub, təkəbbürlü davranmağı yox. İnsanlara sosial fərqləri hər zaman başa salmaq olar, onlar da bunu qəbul edirlər, amma sosial fərqin insanlar arasında hüquq bərabərsizliyinə səbəb olması həmişə hər yerdə qəzəb doğuracaq. Bu isə bizə lazım deyil. Bizə o lazımdır ki, sözün hər mənasında yaxşı vətəndaş olaq. Həm dövlətimizə, həm də bir-birimizə qarşı.
Bu məsələlərdən danışmağa hələ vaxtımız olacaq. Görüşərik.


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti