Tarixə Paşinyansayağı yanaşma - Ermənistandan Yaponiyaya qarşı böyük təxribat

Tarixə Paşinyansayağı yanaşma  - Ermənistandan Yaponiyaya qarşı böyük təxribat
  04 Sentyabr 2020    Oxunub:5262
Ermənilərin dünyanı bürüyən yalanları, uydurma tarix və gülünc iddiaları səngimək bilmir. İşğalçı ölkənin ağılasığmaz şər maşını bu dəfə başqa bir xalqa – yaponlara qarşı yönəlib. Belə ki, Ermənistanın diaspor məsələləri üzrə komissarı Zare Sinanyan “Azatutyan”ın efirində yapon xalqının milli identikliyini şübhə altına alan bəyanatlar səsləndirib. O iddia edib ki, guya yaponlar koreyalılarla çinlilərin sintezindən yaranıb və 2 min il sonra yapon xalqına çevriliblər.
Sinanyanın heç bir fakta əsaslanmayan fikirləri Ermənistanın dövlət səviyyəsində irqi ayrı-seçkilik siyasəti yürütməsinin növbəti təzahürü sayıla bilər. Qeyri-ciddi və məsuliyyətsiz bəyanatın sadə erməni vətəndaşın deyil, məhz Ermənistanın diaspor məsələləri üzrə komissarının dilindən səslənməsi həm də onu göstərir ki, bu ölkənin irqçilik və uydurma tarix əsasında xalqlar arasında nifaq salmaq siyasəti təkcə Azərbaycana qarşı yönəlməyib, digər ölkələr və xalqlar da hədəfdədir.

Sözügedən məsələ ilə bağlı Yaponiyanın etirazını bildirməsindən sonra Ermənistan Xarici İşlər Nazirliyi yapon xalqından və dövlətindən üzr istəmək əvəzinə, Sinanyanın absurd iddialarına özünəməxsus şəkildə don geyindirməyə çalışıb. Növbəti yalanlarının ifşa olunduğunu görən rəsmi İrəvan Sinanyanın ikrah doğuran fikirlərini onun şəxsi mülahizələri kimi qələmə verməyə cəhd edib.



Məlum məsələdir ki, Zare Sinanyan sıradan bir erməni deyil, o, Ermənistanın diaspor məsələləri üzrə komissarı vəzifəsini daşıyır. Bu mənada onun faktoloji əsas olmadan yapon xalqı haqqında iddia yürütməsi təmsil etdiyi dövlətin irqi ayrı-seçkilik siyasətini və bu kursu davam etdirən Nikol Paşinyan hakimiyyətinin iç üzünü göstərir.

Siyasi ekspertlər və tarixçilərin fikrincə, Ermənistanın hazırkı rəhbərliyi üçün bu cür məsuliyyətsiz fikir və bəyanatların səsləndirilməsi artıq adi hala çevrilib. Həm də ilk dəfə deyil ki, erməni rəhbəri tərəfindən həm tarixi baxımdan, həm də siyasi nöqteyi-nəzərdən məntiqə və etikaya sığmayan yalan informasiyalar dövriyyəyə buraxılır. Dəfələlər bu kimi halların şahidi olmuşuq.

Bu dəfə isə Ermənistan rəhbərliyi Sinanyanın timsalında həddini aşaraq Yaponiya xalqını təhqir etməkdən belə çəkinmir, onların tarixini şübhə altına alır. Diaspor məsələləri üzrə komissar kimi yüksək ranqlı məmurun qalmaqallı açıqlaması bütövlükdə Ermənistan rəhbərliyinin hansı maraq və mövqelərə xidmət etdiyini nümayiş etdirir.

Maraqlıdır, ermənilər yaponlarla çinliləri niyə üz-üzə qoymağa çalışır? Sözün əsl mənasında bu ermənisayaq yanaşmanın arxasında hansı amillər dayanır?



Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov Azvision.az-a açıqlamasında deyib ki, ciddi bir tarixi iddianı ortaya qoymamışdan əvvəl onu əsaslı şəkildə sübut və ya izah etmək üçün faktlar olmalıdır. İndiki halda söhbət ermənilərin ortaya atdığı anormal iddiadan gedirsə, buna qeyri-ciddi yanaşmaq lazımdır. Amma belə bir fikir yüksək vəzifəli məmurun dilindən səslənirsə, bu çox ciddi siyasi səhv sayılmalıdır:

“Ermənistanın diaspor məsələləri üzrə komissarının yapon xalqı haqqında söylədiyi bəyanat, əsassız fikirləri təbii ki, yanlış düşüncədir. Ümumiyyətlə, tarixdə xalqların yaranması və formalaşması ilə bağlı elə bir dəqiq fikir yoxdur. Çünki hansısa xalqın yaranması və ya formalaşması üçün on minlərlə il lazım gəlir. Konkret olaraq qədim çinlilər və ya koreyalılarla bağlı məsələyə gəldikdə, onların törəməsi kimi yaponların meydana çıxması kimi düşüncə anormal yanaşmadır. Çünki ortada belə bir tarixi yanaşma yoxdur. Uydurma tarix kimi bunu kimsə ortaya ata bilər, amma faktlara əsaslanan hansısa yanaşmanın şahidi olmamışıq. Onsuz da özlərinin keçmişi, dili, əlifbası şübhə doğuran erməni xalqından eşitmədiyimiz iddia və uydurma tarix qalmadı. Onlara tarixi yazmaq imkanı verilsəydi, indi bir xalq kimi formalaşmasını şübhə altına aldıqları yaponların da əcdadının erməni olduğunu yazmışdılar. Ermənilər dünyanın yaranışını, Nuh peyğəmbəri, onun gəmisini belə öz adlarına, tarixlərinə bağlayan xalqdır. Yəni onların nəinki siyasətçi və hərbçiləri, qəhrəmanları, elə tarixçiləri də saxtakar və irqi ayrı-seçkilikləri ilə seçiliblər”.

Azərbaycanlılar kimi yapon xalqının da qəribə və anormal situasiya ilə qarşılaşdığını deyən Anar İsgəndərov dünyanın üzdəniraq qonşularımızın uydurma tarixi və ya iddiaları özlərinə ayıb bilməmələrinə bir daha şahid olduğunu söyləyib: “Bəlkə də yeganə xalqdır ki, göz yaşı tökə-tökə yazıq görkəmində digər dövlətin torpağını işğal edib, hələ soyqırım da törədiblər. Bu da azmış kimi başqa qonşularının torpaqlarına iddialarını aşkar şəkildə ortaya qoyurlar. Bu iddia indiki özünə “demokrat” deyən Paşinyan hakimiyyətinin dönəmində də davam edir. Belə bir xalq və dövlət kimdən və nədən utanacaqdı axı? İndi gözləməyin rəsmilərdən birinin uydurma iddiasından sonra ermənilər Yaponiya dövlətindən, ya xalqındanmı utanacaq və üzr istəyəcəklər. Bu tarixən belə olub ki, erməni xalqı utanc verən heç bir hərəkət və addımına görə xəcalət çəkməyib, əksinə, daim ağıllarına nə gəlibsə, onu ediblər. Döyüş meydanlarında da, sənədlər üzərində də, danışıqlarda və tarixlərin yazılmasında da bunu görmüşük. Bir daha deyirəm ki, məsələyə tarixi aspektdən baxanda erməni rəsmisinin bu yanaşması formasında heç bir xalq formalaşmayıb. Bu sadəcə tarixə erməni yanaşmasıdır”.



Yaponlar haqqında belə yüksək ranqlı məmurun ortaya anormal iddia atmasının nəyə hesablandığını zamanın göstərəcəyini deyən deputat, bu “sərxoş sayıqlamanı” indiki hakimiyyətin əsl siması kimi qiymətləndirib: “Bu dəqiqdir ki, tarixdə o cür yanaşma - hansısa xalqın başqa xalqdan yaranması faktı olmayıb. Kimlərinsə eyni soy-kökdən olması mümkündür. Amma mənim xalqımla qonşu xalqın törəməsi kimi filan xalq meydana çıxıb iddiası gülünc doğurur. Dünyada xalqların tarixdən silinməsi, sonradan haradasa məskunlaşması faktları var. Amma belə fikir yoxdur ki, bu xalqdan digər biri xalq yarana bilər. Heç çinli və ya koreyalıların özləri belə bu iddiada bulunmurlar ki, bizdən başqa bir xalq yaranıb. Çünki bilirlər ki, bu mümkün deyil. Bundan ötrü tarixçinin fikrinə ehtiyac yoxdur. Bu axı sadə bir məntiqdir. Yəni bir daha deyirəm - bir xalq başqa bir tanıdığımız, gördüyümüz xalqa necə çevrilə bilər axı? Hansı elmi və tarixi əsaslarla baş verə bilər? Sadəcə olaraq indiki Ermənistan rəhbərliyi bütün məsələlərə yanaşmalarında olduğu kimi dünyanın ayrı-ayrı xalqlarına yanaşmalarında da erməni düşüncəsini, erməni yanaşmasını ortaya qoyublar. Bir xalqın tarixçiləri ki, dünyanın yaranışını öz adları ilə bağlayıb, az qala hamını inandırmağa çalışa ki, həqiqətən də bu bir reallıqdır, onların siyasətçilərindən də belə anormallıqlar gözləməyə dəyərdi. İndiki halda isə heç bir elmi, tarixi əsası olmayan iddianı ortaya atdılar və bu dəfə region xalqlarının deyil, tamam başqa bir qitə və ərazinin xalqının bostanını daşladılar. Bəlkə də bu onların hanısasa maraqlarına hesablanmış bir böhtandır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Yaponiya  





Xəbər lenti