Paşinyan niyə “sülh göyərçinini” qabağa verir?

   Paşinyan niyə “sülh göyərçinini” qabağa verir?
  04 Sentyabr 2020    Oxunub:13761
Ermənistan Azərbaycana qarşı intensiv şəkildə təxribat xarakterli addımlar atmaqda davam edir. Ən son təxribatçı davranış bir müddət öncə “sülh göyərçini” kimi görünməyə çalışan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan tərəfindən sərgilənib. Belə ki, Nikolun həyat yoldaşı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində bir həftəlik döyüş hazırlığı kursu keçib.
Avqustun 25-31-də reallaşan döyüş hazırlığında Akobyan və Qarabağda yaşayan daha 15 qadın iştirak edib. Erməni qadınlarına təlimi Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun” zabitləri keçib.

Onu da qeyd edək ki, döyüş hazırlığı kursu Akobyanın "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində baş tutub.

Quyruğu qapı arasında qalanda azərbaycanlı anaları sülhə çağıran Akobyanın birdən-birə əli avtomatlı, hərbi formada işğal olunmuş torpaqlarda peyda olması nələrə hesablanıb? Ümumiyyətlə, belə bir həssas dönəmdə bu cür ucuz siyasi şoular hansı ehtiyacdan yaranıb?



Politoloq Rasim Musabəyov Azvision.az -a açıqlamasında deyib ki, Ermənistanın təşkil etdiyi gülməli hərbi şoular müharibə hazırlığından çox orduda yaranmış müəyyən boşluqları qadınların da hərbi xidmətə cəlb edilməsi ilə doldurmağa hesablanıb:

“İlk dəfə deyil ki, Ermənistandan populist çıxışların və buna bənzər ucuz siyasi şouların şahidi oluruq. Son vaxtlar isə işğalçı ölkənin rəhbərləri populist davranışları ilə daha çox seçilirlər. Bir qədər kobud səslənsə də deyim. Sabah hərbi geyim yox, lüt formada küçəyə çıxıb xalq arasında gəzmək indiki erməni rəhbərlərə reytinq verəcəksə, inanın ki, onlar bu yola da asan şəkildə getməyə hazırdırlar. Bu gün həyat yoldaşını işğal altındakı ərazilərə göndərib hərbi forma geyindirən saqqallı Nikol Paşinyanın özü də sabah lazım gələrsə, imic üçün millətçi dazbaşlar kimi gəzməyə hazır olar. Bu adamlar bütün davranışlarında populist olduqlarını dəfələrlə göstəriblər və onların bu gün bir məqsədi var ki, nə olursa olsun, təki hakimiyyətdə qalsınlar”.



Rasim Musabəyov onu da bildirib ki, Paşinyan hakimiyyəti əvvəlkiləri təpiklə kürsüdən aşırıb deyə, indi istənilən uğursuz fəaliyyət özlərinin də inqilabla iqtidardan atılmasına səbəb ola bilər. Ona görə hər cür populist çıxış və yollara getməyə hazırdırlar ki, təki xalqın başı qarışsın. “Sülh göyərçininin” qabağa verilməsi isə yalnız xalqın başını qatmağa hesablanmayıb, burada müəyyən hərbi nüanslar da var: “İndiki iqtidarın ərli-arvadlı atdıqları hər bir addım kürsüdə qalmağa hesablanıb. Amma kürsünü qoruyub saxlamağın bir yolu da güclü ordudan keçir. Hər kəsə bəllidir ki, Ermənistanda ordunu çağırışlarla tam şəkildə komplektləşdirə bilmirlər. Bu yaxınlarda hətta özünümüdafiə və ya könüllü batalyonları və s. yaratmaq istəklərini aşkar şəkildə ortaya qoydular. Amma gündəlikdə qadınların da hərbi çağırışlara cəlb edilməsi məsələsi qalır. Əvvəlcə bunu könüllülər kimi reallaşdıracaqlar. Ola bilər ki, Paşinyanın arvadı da belə ucuz şouya getsin. Yəni əlinə avtomat götürüb bir neçə erməni qadının ətrafında pozalar verərək fotolar çəkdirdi ki, bunu cəmiyyətin müzakirəsinə ötürsün. Təbii ki, burada həm də müharibə ilə bağlı mesajlar da mövcuddur.

Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, hazırda müharibə ritorikasının artmasının mühüm səbəblərindən biri Ermənistanda cəmiyyətin yalnız siyasi anlamda deyil, həm də iqtisadi anlamda boğulmasıdır. Əvvəllər erməni rəhbərlərin, elə cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduqları siyasi xətt ondan ibarət idi ki, məsələ dinc yolla həllini tapa bilərsə, bunun üçün onların şərti həyata keçirilməlidir. Bu da Dağlıq Qarabağdan əlavə iki rayonun bizdən qoparılması idi. Yəni bu minimum istək idi - Dağlıq Qarabağ və Laçınla Kəlbəcər bizə verilməsin. Biz buna razılıq versəydik, sülh olacaqdı, yollar açılacaqdı, gediş-gəliş bərpa olunacaq, iqtisadi əlaqələr qurulacaqdı. Əks halda, erməni tərəfi aşkar deyirdi ki, münaqişəni, hazırkı vəziyyəti dondurulmuş şəkildə saxlayaq. Ancaq indiki vəziyyət, problemin yenidən uzadılması, dondurulmuş münaqişənin saxlanılmasına cəhdlər ona gətirib çıxarıb ki, Ermənistan həqiqətən boğulma həddinə çatıb”.



Ermənistanın iqtisadi çətinliklər burulğanında geriləməsinə baxmayaraq, hələlik özünü saxlamaq imkanlarının qaldığını deyən politoloq burada Rusiya amilinin xüsusi rol oynadığını vurğulayıb: “Hazırkı mənfi iqtisadi göstəricilərin fonunda cəmiyyətin, ümumilikdə ölkənin “boğulmaması” rusların köməyi ilə reallaşır. Əslində Rusiya üçün fərq etmir ki, bu ölkədə iqtisadi və ya siyasi durum geri gedir, cəmiyyət boğulur, ya da proseslər əksinə istiqamət götürür. Onlara öz bazalarını regionda saxlamaq və öz geopolitik maraqlarını təmin etmək lazımdır. Bunun üçün Ermənistanda yarım milyon əhali qalsa belə, bu amilə fikir verməyəcəklər. Ancaq Ermənistan həqiqətən region ölkələrindən fərqli olaraq irəli deyil, əksər iqtisadi və sosial göstəricilərdə geri gedir. Bunu erməni cəmiyyəti gözəl anlayır ki, insanlar sözdə Paşinyana dəstək olur, onun əlini sıxaraq işğalçı siyasətinə “hə” desələr də, öz ayaqları ilə məqam düşdükcə ölkədən qaçırlar. Bu dağınıq cəmiyyət, yaxşı həyat axtarışı ilə Ermənistanı tərk edən kütlə uzun illərdir ki, ölkədən canını qurtarmağın yollarını axtarıb. Amma gedə bilməyib ölkədə qalanlar isə, hazırda o fikrə köklənir ki, sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır. Müharibə başlasa, əlbəttə ki, Rusiya və Ermənistanın müttəfiqi olan başqa ölkələr müxtəlif formalarda hərbi əməliyyatlara qarışacaqlar. Ermənilər də buna ümidlidirlər və hesab edirlər ki, bu cür dəstəklərlə müharibədən qazanclı çıxacaqlar. Ona görə də, göstərməyə çalışırlar ki, hazırda müharibəyə hazırlaşırlar. Bəlkə də bu yaxınlarda olması real görünməyən ikinci Qarabağ müharibəsini öz provakativ addımları ilə yaxınlaşdırırlar. Düşünürəm ki, bizim istəyimizdən asılı olmayaraq, müharibəyə başlamalı olacağıq və bu torpaqların azad edilməsi əməliyyatlarına, döyüşlərə hər zaman hazır olmalıyıq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Müharibə  





Xəbər lenti