“Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir” - İlham Əliyev

   “Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir” -    İlham Əliyev
  19 Sentyabr 2020    Oxunub:5481
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Azvision.az Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:

“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir”.

“Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib”.
Fon der Leyen Prezidentimizi təbrik edib

“Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü”.

“Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti