Komitə sədri: Vətən naminə həmrəy olmalıyıq

  27 Sentyabr 2020    Oxunub : 1204
   Komitə sədri:    Vətən naminə həmrəy olmalıyıq
Sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alıb. Ağır döyüşlər gedir. Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturdub və bütün cəbhəboyu əks-hücuma keçib. Artıq Müdafiə Nazirliyinin məlumatına görə düşmən ordusu ciddi itki verərək geri çəkilir və bəzi kəndlərimiz nəzarətimiz altına keçib. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejimi cəbhədə təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışır. Bu, Ermənistan rəhbərliyinin əsl faşist mahiyyətindən xəbər verir.
Azvision.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bütün dünyada sülhün carçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq ictimaiyyətə meydan oxumaq, sülhə xəyanət etməkdir:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirilən BMT-nin sessiyasında Ermənistanın bu təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi.

Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib. Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onunla birdir. Bir daha xalqımıza, ziyalılarımıza, seçicilərimə, xaricdə yaşayan soydaşlarımıza müraciət edərək bildirirəm ki, belə bir ərəfədə Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik, xalq olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə Vətən naminə həmrəy olmalı, ehtiyac yarandığı halda hər birimiz yaşımızdan və tutduğumuz vəzifədən asılı olmayaraq cəbhəyə getməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq. Allah Ordumuzu qorusun!”.

Azvision.az

Teqlər: Deputat   Milli-Məclis