Milli Qəhrəmanın xanımı: “Suqovuşan alınanda ürəyimə su səpildi”

Milli Qəhrəmanın xanımı:  “Suqovuşan alınanda ürəyimə su səpildi”
  22 Oktyabr 2020    Oxunub:22783
“Talış kəndinin azad olunduğunu eşidəndə hönkürtü ilə ağladım. Həyat yoldaşım o istiqamətdə gedən döyüşlərdə şəhid olmuşdu. Bu qələbə ilə yarama su səpildi”.
Bunu Azvision.az -a Milli Qəhrəman, Aprel şəhidi Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva Ordumuzun qələbələrindən danışarkən deyib. O, bildirib ki, Suqovuşanda Milli Qəhrəmanın adının əbədiləşdirilməsini istəyir.

“Qürur, nikbinlik, sevinc hisslərini yaşayırıq. Bir gözümüz ağlayırsa, bir gözümüz sevinir. Biz Azərbaycan xalqı az zülm görmədik. Qarabağ uğrunda az qəhrəmanlarımızı, şəhidlərimizi vermədik. Allah əsgərlərimizə, zabitlərimizə arxa, dirək olsun. Bu cür qələbələri hər zaman gözləmişəm. Hər şeyin əvvəli olduğu kimi sonu da olmalı idi. O torpaqlar bizim haqqımızdır. Qəhrəmanlarımız çoxdur. Muradlar, Samidlər bitmədi. Biz bir ölürüksə, min dirilirik. Biz belə insan, millətik.

Hazırda oğlumun 11, qızımın 10 yaşı var. 2016-cı ildə körpə idilər. Dərk etmirdilər. İndi tamam başqa cür baxırlar. Məndən daha çox qələbə sevincini yaşayırlar. Xəritəni izləyirlər. Onların sevincini görmək lazımdır.



Döyüşlər başlayan gündən özümü sıxıb tutmuşdum. Füzulinin alınan kəndlərinin adı çəkiləndə o qədər ağladım. Sanki şokdan ayılmışdım. Mənim üçün fərqi yoxdur. Qarabağ torpağının hamısı qaytarılmalıdır.

Həyat yoldaşımın uğrunda şəhid olduğu Suqovuşan, Talış istiqaməti xüsusi ilə əzizdir. Ora alınanda ürəyimə, yarama su səpildi. Videolarına baxanda hönkürtümü saxlaya bilmirdim. Ayaq basacağımız torpaqlar müqəddəsdir. Oğullarımız orada can, qan verib, ailəsindən, övladlarından olublar. Hər bir şəhidin o torpaqda heykəli olmalı, adı əbədiləşdirilməlidir. Bu dəyər, qiymət olar. Muradın Suqovuşanda adının əbədiləşdirilməsini istəyərdim. Çünki ora ilk cığırı, yolu açan Murad Mirzəyev və komanadası oldu. Silahdaşları zəng edib deyirlər ki, onların həm fatihələrini verdik ,həm də adını çəkə-çəkə irəli getdik. Qismət olsun, övladlarımla birgə ora gedəcəyəm”.



Bundan əlavə, Milli Qəhrəmanın xanımı vətəndaşları təmkinli olmağa çağırıb.

“30 il gözləmək asan deyil. Hamı qələbəni tez istəyir. Ancaq Prezidentimiz gözəl qeyd etdi ki, biz 27 il orada istehkam qurmuş düşmənlə yanaşı, təbiətin relyefi ilə də mübarizə aparırıq. Özümüz də bilirik ki, Qarabağ necə relyefə malik yerdir. Qarış-qarış alırıq. Bir kəndin belə azad olunması uğurdur”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Murad-Mirzəyev  





Xəbər lenti