Əfsanəvi Fred Asifin oğlu: “Çox keçməz, Ağdamı geri alarıq”

 Əfsanəvi Fred Asifin oğlu:  “Çox keçməz, Ağdamı geri alarıq”
  22 Oktyabr 2020    Oxunub:21817
“Gələcək nəsillərə Ağdamın qəhrəman şəhər kimi necə döyüşdüyünü göstərməliyik”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, Fred Asif ləqəbi ilə tanınan Birinci Qarabağ müharibəsinin şəhidi Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov deyib. O, döyüşmək üçün orduya könüllü yazıldığını bildirib.

“Döyüşü və qələbəni çoxdan gözləyirdik. Müharibənin ilk günlərindən Ağdama gedib orduya könüllü yazıldım. Bizim nəsildən ordumuzda xeyli döyüşçü var. Ağdama, Füzuliyə 3 dəfə yardım aparmışıq. Ordumuza həmişə inanmışam. Amma belə sürətli və uğurlu olacağını ağlıma gətirməmişdim. Məni ən çox sevindirən xalqımız arasında ruh yüksəkliyinin yerinə qayıtmasıdır. Hamımız yumruq kimi bir nəfərik. İlk günlərdə Şəhidlər xiyabanına, rəhmətlik atamın məzarına getdim. Dedim, ata, çox keçməz, bir aya kimi Ağdamı geri alarıq. Mənə elə gəlir ki, heç bir ay da çəkməyəcək. Ordumuzdakı inam məni heyrətləndirir”.

Milli Qəhrəmanın övladı Ağdam şəhidlərinin adının əbədiləşdirilməsini istəyir: “Ağdam azad olunandan sonra ilk işim evlərimizi bərpa etmək olacaq. Rayonumuzda idman zalı açacağam, Ağdamın qəhrəman oğullarını yetişdirəcəyəm. Birinci Qarabağ müharibəsi zamanı şəhərin girəcəyindən çıxacağına kimi bir metrdən bir şəhid vermişik. İndi isə onların ruhu şad olsun deyə orada büstlərini qoymalıyıq. Ağdam qəhrəman, ən çox şəhid verən rayonlarımızdan biridir. Gələcək nəsillərə bu insanların qəhrəmanlığı çatdırılmalıdır”.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fred-Asif  





Xəbər lenti