“Şəhid övladları bu günü çoxdan gözləyirdi” - “Topçu İsgəndər”in qızı

  02 Noyabr 2020    Oxunub : 8966
 “Şəhid övladları bu günü çoxdan gözləyirdi” -  “Topçu İsgəndər”in qızı
“Atamı qonaqlıqlara çağıranda getmirdi. Deyirdi, ki, Qarabağ azad ediləndən sonra o torpaqlarda yeyib-içərik”.

Bunu Azvision.az -a “Topçu İsgəndər” kimi tanınan, Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi İsgəndər Aznaurovun qızı Ədalət Aznaurova deyib.
Şəhid qızı bildirib ki, Türkiyədə yaşasa da, ürəyi daim Azərbaycanla döyünür: “Hər gün hadisələri yaxından izləyirik. Nə oldu, nə bitdi deyə maraqlanırıq. Mən Türkiyədə yaşayıram. Burada olsaq belə qəlbimiz Azərbaycandadır. Ermənistanın sivil vətəndaşlarımızı öldürməsinə görə çox üzülürük. Ümumilikdə isə Azərbaycan Ordusunun uğurlu döyüşü bizi xoşbəxt edir. Atam Qarabağ uğrunda şəhid olub. Bizim də orada qanımız var. Buna görə də Qarabağda gedən döyüşlər bizim üçün önəmlidir, çox həyəcanlıyıq. Hər dəfə sevinc göz yaşı axıdırıq. İndi sizinlə danışanda belə duyğulanıram. Özümü ağlamaqdan saxlaya bilmirəm.

Bir çoxları deyir ki, döyüşlər sürpriz oldu. Mən isə Azərbaycan Ordusuna, Prezidentə güvənirdim. Bölgədə nələrinsə baş verəcəyini hiss edirdim. Təkcə şəhid övladları, şəhid ailələri deyil, xalq bunu istəyirdi. Çox xoşbəxt olduq. Yaxşı ki, döyüşlər baş verdi. Əlbəttə, şəhidlərin olması, sivil insanların ölümü çox kədərlidir. Amma torpaq asanlıqla qazanılmır, qan axıdılır”.



Ə. Aznaurova bildirib ki, Birinci Qarabağ müharibəsində xalqımızın yaşadığı faciələr ruh düşkünlüyü yaratmışdı: “Bilirəm ki, onda da ordumuz cəsur idi. Ancaq xalq Xocalı kimi faciə yaşamışdı. Kədərli günlər idi. Toparlama müddəti uzun çəkdi. İndi isə düzən dəyişib. Xalqın ruhu toparlanıb, güclənib. Əvəllər Xocalı, Kəlbəcər deyəndə içimdən bir gizilti keçirdi. Çünki pis xatirəsi qalmışdı. Şəhidlər gözümün önünə gəlirdi, içim ürpənirdi. Daha bu hissləri duymuram. İndi oraların qazanılma ümidi həyacanlandırır, qürurlandırır. Bu duyğular izah oluna bilməz. Dərin hisslərdir.

Atam şəhid olanda 9 yaşım olub. Onu çox görə bilmirdim. Cəbhədə olurdu. Üzünə həsrət idik. Onu qonaqlıqlara çağıranda deyirdi, Qarabağ azad ediləndən sonra o torpaqlarda yeyib-içərik, mən indi gələ bilmərəm. Ümidini itirmirdi. Daha çoxunu istəyirdi. Sağ olsaydı, sevinci heç yerə sığmazdı. Kimsəyə baxmadan cəbhəyə gedərdi. Buna şübhəm yoxdur. Yuxu görmüşdüm. Mənə elə gəlir ki, atam hüzurludur. Anam da sevinir. Toy, bayram ab -havasındadır. Həyat yoldaşının savaşdığı bölgələrə gedir. Ona deyirəm ki, hər an təhlükə var, diqqət et. Deyir, mən qorxmuram, şəhid yoldaşıyam, gərəkirsə, mən də şəhid olaram.

Böyük bacım Dünya Axısqa Türkləri Birliyində (DATÜB) çalışır. Hər bir mövzuda bizə çox dəstək olurlar. Onların köməkliyi ilə atamın adını Ərzurumda ya parka, ya da küçəyə verəcəklər”.












İsgəndər Aznaurovun həyat yoldaşı Gülxanım xanım


Milli Qəhrəmanın övladları


Ədalət Aznaurovanın uşaqları


Kiçik qızının övladları


İsgəndər Aznaurovun anası Kamilə xanım və Ziyatdin Kassanov



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Milli-Qəhrəman   Şəhid