VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib

 VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib
  03 Noyabr 2020    Oxunub:2368
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən gətirilmiş muzdlular var. VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var: "Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur. Ermənistan bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub. Ermənistan müxtəlif səhnəciklər təşkil etməklə guya Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edir. Ermənistan döyüş meydanında məğlubiyyətini gizlətmək üçün fantaziyalar irəli sürür və öz uğursuzluqlarını gizlətmək istəyir. Azərbaycanın hər hansı muzdlulara ehtiyac yoxdur. Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını rəşadətlə yerinə yetirir”.

Prezidentin köməkçisi qeyd edib ki, “7-ci günün adventistləri” qrupuna daxil olan şəxs də Ermənistan tərəfindən Azərbaycana keçib və müvafiq açıqlamalarla çıxış edib: “7-ci günün adventistləri” digər dini azlıqlar kimi Ermənistan ərazisində sıxışdırılır. Azərbaycan ərazisində bu icma ilk dəfə əsrin əvvəlində Şuşada fəaliyyətə başlayıb. Azərbaycanda digər dini icmalara olan kimi bu icmaya da dözümlü münasibət göstərilib. Hazırda Gəncə və Bakıda bu icmanın nümayəndəlikləri fəaliyyət göstərir, öz ibadətlərini həyata keçirir. Ermənistan silahlı qüvvələrinin sıralarına da bu cür şəxslər məcburi daxil edilirlər”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti