Qarabağdan daşınan silahlar kimə tuşlanacaq? - İrəvanda qiyam hazırlığı

 Qarabağdan daşınan silahlar kimə tuşlanacaq? -  İrəvanda qiyam hazırlığı
  05 Noyabr 2020    Oxunub:9471
Nikol Paşinyanın Ermənistanı hazırda təkcə hərb sahəsində deyil, bütün sferalarda Azərbaycana uduzur. İşğal olunmuş ərazilərdən qaçan erməni hərbçiləri kimi ölkənin siyasi elitası və ümumilikdə erməni cəmiyyəti də başını itirib.
Hakimiyyət daxilində gərginlik o həddə çatıb ki, idarəçilər arasında münaqişə ilə bağlı bir-birinə zidd fikirlər səslənir.

Baş nazir Türkiyənin münaqişənin nizamlanması prosesinə mane olduğunu və destruktiv rol oynadığını iddia etdiyi halda, prezident Aram Sarkisyan deyib ki, Moskva ilə Ankara arasında birgə əməkdaşlıq Qarabağ nizamlamasına kömək edə bilər. Bu, Ermənistan hakimiyyətində vahid mövqeyin olmadığı, Nikol Paşinyanın ölkədə idarəçiliyə, vəziyyətə nəzarəti itirdiyindən xəbər verir.

Sorosun oyuncağı kimi Ermənistan siyasətinə atılan Nikolun Qarabağ klanı ilə də ulduzu barışmır. İnqilabla hakimiyyətə yiyələnəndən sonra klanın hücumlarına məruz qalan Nikol indi bu çətin günlərdə çəkici separatçılarla eyni nöqtəyə vura bilmir.

Siyasi proseslər göstərir ki, Ermənistan və Qarabağ separatçıları arasında uçurum getdikcə dərinləşir. Ermənistan tərəfi Azərbaycanın cəbhədə ciddi uğurlar əldə etdiyini gizlətməyə çalışır, separatçılar isə əksinə Azərbaycan Ordusunun kifayət qədər irəlilədiyini etiraf edir və Yerevanda bu haqda məlumatların gizlədildiyinə eyham vurur.

Məsələn, bu gün “Şuşa şəhər administrasiyası”nın aparat rəhbəri Qrişa Ohanesyan müsahibə verərək Ordumuzun Şuşaya bir nəfəs qədər yaxın olmasından giley-güzar edib... Halbuki Ermənistanda hələ də “bir- iki rayon əldən gedib” tipli nağıllar danışılır.

Bundan başqa, hər kəsin Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağını gözlədiyi halda, son günlər bunun əksi baş verir. Dağlıq Qarabağdan Ermənistana silah daşınır, artıq onlarla belə fakt aşkarlanıb. Hətta bir neçə şəhərdə keçirilən reydlər zamanı Qarabağdan gələn avtomobillərdə sursatların olması halları üzə çıxıb. Ardıcıl silah tədarükü adi bir təsadüf yox, yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir.

Bu gün İrəvan yalnız silahlı qiyam təhlükəsi ilə deyil, Şuşa və Xankəndidə mövqelərin zəifləməsi, eləcə də daxili gərginliyin pik həddə çatması kimi ciddi başağrıları ilə yanaşı, sosial partlayışlarla da üz-üzə qalıb. Heç kimə sirr deyil ki, Ermənistan vətəndaşları döyüşmək üçün könüllü şəkildə Qarabağa getməkdən imtina edirlər. Erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb ki, doğum evlərində ataları döyüşə getməkdən imtina edən körpələrə doğum haqqında şəhadətnamə verilmir və faktiki olaraq “uşaqları və anaları girov götürürlər”. Bəlkə də dünyada ikinci bir ölkə yoxdur ki, bu kimi biabırçı metodlara əl atsın...

Erməni cəmiyyəti, erməni valideynlər gənc əsgərlərin, övladlarının talelərinin müəmmalı qalmasından da ciddi şəkildə əndişələnirlər. Ermənistan tərəfi artıq 3-4 gündür döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edir. Paşinyan hakimiyyəti real rəqəmləri açıqlamır, çünki xalqın qəzəbindən qorxur. Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyinin hər gün yaydığı videogörüntülərdə xeyli sayda düşmən əsgərinin məhv edilməsi aşkar görünür, Nikolun komandası isə gündəlik itkilərdən xəbər verməkdən boyun qaçırır. Guya ki, hər şey rəvanmış kimi davranırlar...

Gərginlik yalnız Nikolun uğursuz komandasında deyil, Qarabağdakı qondarma rejim daxilində də müşahidə edilir. Xaotik durumun hansı həddə çatmasını görmək üçün son günlər baş verən bəzi prosesləri analiz etmək kifayətdir. “Lider” Araik Arutunyanın sağ olub-olmadığı bilinmir, keçmiş müdafiə nazirinin taleyindən xəbər yoxdur, müdafiə nazirinin müavini məhv edilib, az qala hər gün bir təyinat xəbəri gəlir. “Yüksək vəzifəli” ermənilərsə döyüşdən qorxaraq Qarabağdan qaçıblar.

Təbii ki, yaranmış xaosdan çıxış yolu tapmaq üçün müxtəlif variantlara da əl atırlar. Amma ən gülməli vəziyyəti xaotik durumu gizlətməyə hesablanmış feyk xəbərlərin gündəmə atılmasıdır. Artıq bu proses o qədər qarışıq xarakter alıb ki, ermənilər özləri öz feykəri arasında çaş-baş qalıblar. Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan Qarabağda “sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını və hətta, artıq dindirildiyini bəyan edir, daha sonra üzr istəyərək xəbərin təsdiqlənmədiyini söyləyir. Görünən odur ki, indiki Ermənistanı və onun illərlə əlinin altında saxladığı qondarma qurumunu nə Nikol, nə də başqa bir kənar güc xilas edə bilməyəcək. Ermənistanda siyasi partlayış artıq qaçılmazdır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti