Düşmən dağıda bilmədiyi abidlərimizi erməniləşdirməyə çalışıb - FOTO

  07 Noyabr 2020    Oxunub : 1617
Düşmən dağıda bilmədiyi abidlərimizi erməniləşdirməyə çalışıb -    FOTO
Ermənistanın hərbi təcavüzü nəticəsində 2 min 645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey dağıdılıb. Bədnam qonşularımız tam dağıda bilmədikləri abidələrimizin memarlıq quruluşunu dəyişdirərək erməniləşdirməyə çalışıblar.
Azvision.az verir ki, bu fikirləri Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü Faiq İsmayılov deyib. O bildirib ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid abidələri dağıtması və dəyişdirərək özününküləşdirməyə çalışmasında məqsədi Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin erməni torpaqları olması barədə iddiasını əsaslandırmaq idi.



Onların dağıdaraq dəyişikliyə uğratdığı tarixi Azərbaycan abidələrindən biri də Şahbulaq qalasıdır. Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir saray kompleksi tikdirib. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa olunub. Onu “Kilid-qıfıl” da adlandırırdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı “Kilid-qıfıl” olub. Kompleks burada inşa edilən zaman onun adı da bulağın adından götürülüb. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikinti iki ilə (1750-1752) başa çatıb. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilib. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunub. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulub. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və külafirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilib.



Faiq İsmayılov məlumat verib ki, Şahbulaq qalası bir müddət Qarabağ xanlığının inzibati mərkəzi olub. Müdafiə tipli tikili olan qalanın coğrafi mövqeyi əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qala sıldırım qayalarla hərtərəfli örtülmüşdü, təhlükəsiz yer idi. Lakin bir müddət sonra yaxınları Pənahəli xana daha təhlükəsiz yerdə yeni qalanın inşasını məsləhət görürlər: “Beləliklə Şuşa qalasının inşasına qərar verilir. Yeni qalanın tikintisində Şahbulaq qalasının memarlığından istifadə olunub. Şuşa qalası bütün qaladaxili qəsrlərinin memarlıq-planlaşdırma və strukturu baxımından, demək olar ki, Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. Şuşa qalası əbədi keçilməz, əlçatmaz yer idi, hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Mərkəz Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrilir”.



1993-cü il iyulun 23-dən Ermənistanın işğalı altına düşən abidə başıpozuq erməni əsgərləri tərəfindən nişangah kimi istifadə olunub, ağır artilleriya və tank atəşlərinə məruz qalıb. Nəticədə abidənin mühafizə divarlarına ciddi zərər dəyib. Şahbulaq qalasının memarlıq quruluşu ermənilər tərəfindən dəyişdirilib, mətbuata erməni abidəsi kimi təqdim edilir. 2016-cı ildə abidənin giriş qapısının önünə sağ və sol tərəfi oval xarakterli tikinti quraşdırılıb. Bu isə abidənin keçən əsrin əvvəllərində çəkilən layihə-smeta sənədlərində öz əksini tapmır. 2017-ci ildə bu abidə Ermənistanın Qarabağda keçirdiyi hərbi manevrlər zamanı yenidən atəş altına düşüb və abidəyə edilən əlavənin sol küncü uçurdulub. Abidənin divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.



“Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarixi ata-baba torpaqlarımızı işğaldan azad edir. Əminəm ki, Ermənistan dövləti işğal etdiyi ərazilərimizdə törətdiyi bütün vandal aktlara görə yaxın vaxtlarda beynəlxalq hüquq qarşısında cavab verəcək. Azərbaycan öz tarixi torpaqlarında erməni vandalizminə məruz qalan bütün tarixi-mədəni abidələrini ilkin memarlıq quruluşuna uyğun bərpa edəcək”, - deyə Faiq İsmayılov qeyd edib.

Azvision.az

Teqlər: Düşmən   Qarabağ