Bu gün Ağdam işğaldan azad olunur

      Bu gün Ağdam işğaldan azad olunur
  20 Noyabr 2020    Oxunub:2869
Bu gün Azərbaycanın Ağdam rayonu 27 ildən sonra erməni işğalından azad edilir.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam Azərbaycana qaytarılır.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.İşğal nəticəsində rayonun 1154 kvadrat kilometr ərazisi düşmənin nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətində qalıb.

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar.

Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon sakinləri ölkənin müxtəlif bölgələrində yaşayır.

İşğaldan əvvəl Ağdamda 1898 sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.

BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb olunsa da, beynəlxalq sənəddən irəli gələn öhdəliklər yerinə yetirilməyib. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib.

Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata müvafiq olaraq, dekabrın 1-dək mərhələli şəkildə Kəlbəcər, Laçın və Ağdam rayonlarında da erməni işğalına son qoyulur.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti