“Murov yolu olmasaydı, Kəlbəcərdə ikinci Xocalı faciəsi yaşanacaqdı”

“Murov yolu olmasaydı, Kəlbəcərdə ikinci Xocalı faciəsi yaşanacaqdı”
  27 Noyabr 2020    Oxunub:13356
"Əsgərlərimizin keçdiyi torpaqlara, dağlara qurban olum. Onlar bizim sınmış qürurumuzu geri qaytardılar"
Bunu Azvision.az -a Kəlbəcər sakini Orxan Nadirov 7 yaşında tərk etməyə məcbur olduğu yurdunun işğaldan azad olunmasından danışarkən deyib.

Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açan həmsöhbətimiz müəllim ailəsində böyüyüb. 1993- cü ildən valideynləri ilə birgə Mingəçevirdə məskunlaşıb. İxtisasca ingilis dili müəllimidir. Eyni zamanda İT sahəsində çalışır.

"Bizim kənd Qoturlu dərəsi deyilən ərazidə yerləşir. Orada çoxlu bulaqlar var idi. "Kiçik isti su" ilə bizim evin arasında 3-4 km məsafə olardı. Baxmayaraq ki, Kəlbəcərdən çıxanda 7 yaşım var idi, ancaq hər şey bugünki kimi gözümün önündədir. Bu mövzuda çox həssasam. Mənim üçün Kəlbəcərin azad olunmasından gözəl xəbər ola bilməz. Uşaq ikən qoyub çıxdığım evimə 34 yaşımda geri qayıdıram. Oranı tərk edəndə valideynlərimin dediyi sözlər hələ də yadımdadır. Atam meşədə qalacağımızı söyləyəndə böyük qardaşımla pis olduq ki, niyə belə deyir. Balaca idik, nə baş verdiyini anlamırdıq.

Ailədə 4 uşaq olmuşuq. Atam demişdi ki, əgər girov düşsək, hərə öz əlindəki uşağı boğsun ki, onlar əzab görməsin. Sonra böyüklər özlərini öldürsünlər.



Doğma ata yurdum Zülfüqarlı kəndində evimizin önündə böyük qardaşımla birgə..

Mart ayının son günləri idi. Uşaqları, qadınları kənddən çıxarırdılar. Əli silah tutanlar son günlərə kimi döyüşürdü. Babam Kəlbəcərdə girov düşmüşdü. Sonra onu Qızıl Xaç Cəmiyyətinin vasitəsi ilə qaytara bildik. Burada rəhmətə getdi. Atam deyir, Murov yolu olmasaydı, Kəlbəcərdə ikinci Xocalı faciəsi yaşanacaqdı. Ermənilərin bizi oradan sağ buraxmaq niyyəti yox idi. Çıxmaq üçün 10 saat vaxt verdiklərini desələr də, ilk saatlardan insanları güllələməyə başladılar. Təslim olanlara da rəhm etmədilər. Uşaqları da girov götürürdülər. Onların sonrakı taleyi bugünə kimi məlum deyil. 7 yaşlı uşaq üçün bunlar ağır travma idi. Mən toylarda heç vaxt ürəklə qol qaldırıb oynamamışam. Həmişə şadlanıb oynamaq istəyəndə qarın üstündə əsir aparılan qadınlarımızın şəkli gözümün önündə canlanır".

Müsahibimiz Vətən Mühribəsi zamanı döyüşlərə qatıla bilməsə də, əsgərlərimizə yardım aparılmasında fəal iştirak edib.

"Torpaqlarımızın qaytarılmasında əməyi olan bütün şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizin canı sağ olsun. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə sınmış qürurumuzu geri qaytardılar. Sözlə ifadə edilməyəcək hisslərdir. Əsgərlərimizin getdiyi o daşa, dağa qurban olum. Müharibə yaxşı bir şey deyil. İtkidir, qandır, qadadır. Amma görün mən nələr yaşamışam ki, döyüşməyi azrulamışam. Snayper kimi qulluq etmək istəyirdim. Könüllü müraciət etmişdim, ancaq aparmadılar. Dedilər, yer yoxdur. Çox pis oldum, 3 gün özümə gələ bilmədim.

Ondan sonra, oktyabrın 3-dən etibarən həftədə bir dəfə cəbhə bölgəsinə yardım aparıram. Rayonumuzun təhvil verildiyi gecə bir saat da yata bilmədim. Çox həyacanlı idim. Torpağıma qayıtsam, sevincdən bəlkə ürəyim partlayar.



Mən həmişə qayıdacağımıza inamım olub. Tez-tez "Google map" vasitəsilə yurdumuza baxırdım. Evimiz salamatdır. Bildiyiniz kimi, dövlət tərəfindən məcburi köçkünlərə evlər verilir. O evlərdən imtina etmişdim ki, Kəlbəcərə qayıdacağıq. Bilirdim ki, gec-tez bu baş verəcək.

Bu günlərdə təsirləndiyim məqamlardan biri əsgərlərimizə təminat aparanda oldu. 2- ci, 3- cü sinif şagirdləri olan övladlarım yığdıqları qəpik pulları gətirib mənə verdilər ki, ata, bu pullarla əsgərlərimizə papaq alarsan, onlar üşüməsin. Çox duyğulandım ki, mənim uşaqlarım belə ruhda böyüyüblər, insan, vətən sevən olublar.

Kəlbəcərdən çıxanda onlardan da balaca idim. Onlar Kəlbəcəri görmədən sevirlər, çox bağlıdırlar. Həvəslə soruşurlar ki, bizi ora nə zaman aparacaqsan. Söhbət edə- edə kəklikotu, quşəppəyi yığmağım, Tutqu çayından balıq tutmağım gözümdə canlanır. İnşAllah yenə o günləri yaşayarıq".















Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti