Məhəbbət Kazımovun oğlu: “Atam son nəfəsinə kimi Laçın dedi”

Məhəbbət Kazımovun oğlu:  “Atam son nəfəsinə kimi Laçın dedi”
  01 Dekabr 2020    Oxunub:2473
“Atam son nəfəsinə kimi Laçın dedi. Orada dəfn olunmağını arzulayırdı”.
Bunu Azvision.az -a Laçından olan mərhum müğənni Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov ata yurdunun işğaldan azad olunmasından danışarkən deyib. O, bildirib ki, doğma kəndlərinə qayıdıb orada yaşayacaq.

“Bir gözümüz gülür, bir gözümüz ağlayır. Torpaqlarımız qayıdır deyə sevinirik, eyni zamanda şəhidlərimiz var deyə ürəyimiz yanır. Qarışıq hislərdir. Bütün yaralar kimi bu da sağalacaq. Öz yerini sevincə verəcək. Biz yurdumuza dönürük. Ora köçüb yaşamalıyıq, gələcək nəsillərə göstərməliyik ki, bizim belə qəhrəmanlarımız olub, onlar Şuşanı, Kəlbəcəri, Laçını belə geri alıblar. Bu igidlər analarımızın şah əsəridir. Mən qadınlarımıza belə övladlar böyütdükləri üçün təşəkkür edirəm. Azərbaycanda 10 milyon əhali yaşayır. Bu 10 milyonluq ordu deməkdir. Biz yumruq kimi birləşdik. Varalığımız sübut etdik. Allahın köməkliyi ilə Laçına qayıdıb orada yaşayacağıq”.



Əməkdar artistin övladı bildirib ki, atası Laçından olan kadrlara baxanda kövrəlib, gözləri yaşla dolub: “Doğma Laçınıma gedəndə oradan bir ovuc torpaq gətirib atamın qəbrinin üstünə səpəcəyəm. Onun da ruhu şad olsun. Son nəfəsinə kimi Laçın dedi. Oranı görmək arzusu ürəyində qaldı. Doğrudur, vətənin o başı, bu başı yoxdur. Amma doğulub boya- başa çatdığın yer insana daha əziz olur. Hətta arzusu var idi , deyirdi, mən ölsəm, mənim qəbrimi ora aparın. Ömür vəfat etmədi, Laçının azad olunmasını görə bilmədi. “Google map”də kəndimizi gəzirdim, atama göstərirdim. Tanıdığı yerləri görəndə sevinirdi, həm də kövrəlirdi, xatirələrini bizimlə bölüşürdü. “Laçınım” mahnısının sözlərini kitabdakı kimi oxumayıb, şeiri müəyyən qədər dəyişdirib. Musiqisini özü yazmışdı. Yanğı ilə oxuyurdu. O mahnısını daha çox sevirdi”.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: MəhəbbətKazımov   Laçın  





Xəbər lenti