Laçının biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək

  01 Dekabr 2020    Oxunub : 1403
Laçının biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək
İşğaldan azad olunmuş Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir. Füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu rayonun ərazisində yerləşir.
Azvision.az xəbər verir ki, e Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğunun vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə etdiyini bildirib. O qeyd edib ki, bu göl nadir qızılxallı forel balıqları ilə məhşurdur.

“1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı”.

A.Səmədova qeyd edib ki, işğaldan azad olunmuş Laçın rayonu ərazisində aidiyyəti qurumlarla birgə, beynəxalq ekspertlərin iştirakı ilə monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyan hərtərəfli qiymətləndiriləcək.

Azvision.az

Teqlər: Laçın   Təbiət   Qoruq