Demokratiyanın müasir alternativləri: Epistokratiya nədir?
Demokratiyanın ikinci böyük boşluğu isə çoxluğun ictimai, siyasi, hüquqi şüur səviyyəsini nəzərə almaması, idarəetməyə cəlb olunan vətəndaşın siyasi cəhətdən yetkin olub-olmamasına önəm verməməsidir. Məsələn, siyasi hazırlıqsız cəmiyyətdə demokratiyanın ən ciddi problemi kimi milli yazarımız Murad Köhnəqalanın irəli sürdüyü “Pərviz Bülbülə sindromu”nu göstərmək olar. Murad bəyin proqnozuna görə hazırkı Azərbaycan cəmiyyətində demokratik seçkilər namizədliyini verəcəyi təqdirdə meyxanaçı Pərviz Bülbülənin parlament spikeri, yaxud hökumət rəhbəri (baş nazir) səviyyəsinə qaldıra bilər.
Demokratiyanın boşluqları haqqında Platondan Brennona qədər tənqidi fikirdə olan bir çox görkəmli nəzəriyyəçidən sitat gətirmək mümkündür. Lakin bu, heç də sözügedən fikir adamlarının monarxiyanı, yaxud, totalitarizmin hər hansı formasını müdafiə etdikləri anlamına gəlmir. Məsələn, Platonun siyasi idarəetmə nəzəriyyəsi filosofların idarə etdiyi ideal dövlət tipi – utopiyaya, Aristotelinki aristokratiyaya, Hegelinki isə konstitusiyalı monarxiyaya uyğun gəlir. Əlbəttə, hər bir idarəetmə formasının da cəmiyyətin inkişafına uyğun müxtəlif tipləri mövcuddur. Hazırda müasir Qərbin siyasi cərəyanları arasında demokratiyanın ən güclü rəqibi epistokratiya hesab olunur.
Epistokratiya – konkret ifadə etsək, məhdud səsvermə sistemidir. Bu sistemdə siyasi hazırlığı olmayan vətəndaşların səsləri ya məhdudlaşdırılır, ya da həlledici əhəmiyyətə malik olmur. Epistokratiya modelinin tərəfdarları bu halda vətəndaşların hüquqlarının pozulmasına dair ittihamı belə cavablandırırlar: Necə ki 18 yaşı tamam olmuş bütün şəxslərə ucdantutma avtomobil idarə etmək hüququ verilmir, bu hüquq yalnız sürücülük kursunu bitirmiş və sertifikat almış şəxslərə məxsusdur, eləcə də cəmiyyətin həyatında avtomobil sürməkdən az əhəmiyyətli olmayan siyasətin yönətimi, qanunvericilik aktlarının qəbulu, parlamentin formalaşdırılması, deputatların seçilməsi və s. ilə bağlı qərarlar da ucdantutma bütün vətəndaşların öhdəsinə buraxıla bilməz. Burada mütləq müvafiq senzlər tətbiq olunmalıdır. Qısaca, siyasi yetkinliyi yetərsiz olan vətəndaşın səsvermə hüququ bu və ya digər formada məhdudlaşdırılmalıdır.
Bu düşüncə üzərində formalaşan epistokratik idarəetmənin üç tipi mövcuddur:
- məhdud səsvermə sistemi;
- çoxsaylı səsvermə sistemi;
- səsvermə üstünlüyü sistemi;
Məhdud səsvermə sistemi – bu model seçkilərdə vətəndaşların siyasi bilik və bacarıqlarını göstərməklə iştirakını (seçici və ya seçilən olaraq) nəzərdə tutur. Məhdud səsvermə sistemində seçicilərin hazırlıq səviyyəsi bilik testləri və ya digər üsullarla öyrənilir. Testlərin göstəricilərinə əsasən, hansı bilik səviyyəsinə malik qrupun hansı namizədə, yaxud, hansı qərara səs verdiyi müəyyənləşdirilir.
Çoxsaylı səsvermə sistemi – bu epistokratiya modelində bütün vətəndaşlar səsvermə hüququna malik olsalar da, siyasi biliyi, peşə bacarığı səviyyəsi yüksək olanların səsi daha üstün sayılır. Məsələn, orta təhsillilərin səsinin 5, ali təhsillilərin səsinin 10 balla ölçülməsi kimi.
Səsvermə hüququ mükafatı - Claudio Lopez-Guerranın təklif etdiyi bu modeldə öncədən heç kimin səs vermək hüququ yoxdur; lakin seçkilərdən əvvəl minlərlə vətəndaş sırf təsadüfi olaraq, (püşkatma yolu ilə də ola bilər) "səs mükafatı"na namizəd seçilir. Bunlar arasında bacarıq və biliklərin artırılmasına yönəlmiş proqramlara (siyasi və sosial biliklər, tənqidi düşünmə bacarığı, mühakimə yürütmə qabiliyyəti və s. kurslar) qatılmağa razı olanlar və həmin kursları bitirənlər səsvermə hüququna malikdirlər. Proses hər seçki dövründə təkrarlandığına görə eyni insanlar ardıcıl səsvermə hüququna malik olmur. Bu modelin digər epistokratiya formalarından fərqi budur ki, seçki prosesinə təkcə bilikliləri və bacarıqlıları cəlb etməklə yekunlaşmır, bu sistem eyni zamanda savadlı elektorat formalaşdırır.
Bəs epistokratiya sisteminin əleyhdarları bu nəzəriyyəni hansı arqumentlə laxlatmağa çalışırlar?
Lopez Guerranın modelini istisna etsək, epistokratik sistemin qalan hər iki modelində səsvermə hüququ azaldılan təbəqənin seçkilərin nəticələrinə təsiretmə qabiliyyəti aşağı düşür və nəticədə qəbul edilən qərarlarda onların səsi (rəyi) ya nəzərə alınmır ya da çox məhdud şəkildə hesablanır.
Epistokratiya tənqidçilərinə görə siyasi idarəetmədə bu metodun tətbiqi vətəndaş cəmiyyətini parçalayaraq, təbəqələşməni dərinləşdirəcək. Siyasi yetkinliyi aşağı səviyyədə olan kütlənin hakimiyyət idarəçiliyində hüquqi cəhətdən iştirakının məhdulaşdırılması isə gələcəkdə üsyan, anarxiya, inqilab kimi anomaliyalarla nəticələnə bilər.
Bütün bunlardan əlavə, demokratiyanı azlığın hüququ problemini həll etməməkdə ittiham edən epistokratlar, nəticə etibarilə, yenə də eyni problemin əlində aciz qalacaqlar. Epistokratiyada loru dillə desək, savadsızların hüququ pozulacaq. Lakin nəzəriyyənin səsvermə mükafatı modelində sözügedən məsələnin həlli qismən də olsa, çözülür.
Ümumi götürdükdə, epistokratiya mahiyyətcə, yeni bir ideya deyil, qədim dövrlərdən nəzəriyyə kimi mövcud olan aristokratiyanın sadəcə, “əli smartfonlu” versiyasıdır. Bu paralellərdə demokratiya ilə epistokratiyanın oxşar cəhətlərini də vurğulamalıyıq. Məsələn, demokratik sistemdə seçicilərə yaş və əqli normallıq senzinin tətbiqi seçkilərdə iştirak üçün vətəndaşın müəyyən fiziki və mənəvi qabiliyyətlərə malik olmasını tələb edir. Epistokratiya sadəcə olaraq, bu tələblərin siyahısını bir qədər ciddiləşdirir, yəni, seçkiyə qatılan vətəndaşın ümumi zəkasını, siyasi şüurunun dərəcəsini də nəzərə almağı vacib sayır.
Son olaraq, demək istəyirəm ki, siyasi idarəetmənin formasından, tipindən asılı olmayaraq, inkişaf xəttini tutan, elmə, bilgiyə üstünlük verən cəmiyyət, doğru ilə yanlışı asanlıqla ayırd edəcək, müxtəlif təkliflər arasında öz xeyrinə olan optimal variantı seçəcək qədər üstün zəkaya malik olacaq. Hələliksə, bəşəriyyətin ideal dövlət axtarışları davam edir.
Şəlalə Göytürk
Azvision.az üçün
Teqlər: Epistokratiya