“Şahdağa həftəsonu 6 min nəfər gedirdi, bu da təhlükəlidir” - AÇIQLAMA

 “Şahdağa həftəsonu 6 min nəfər gedirdi, bu da təhlükəlidir” -  AÇIQLAMA
  18 Fevral 2021    Oxunub:2042
Sərt karantin rejimi qaydaları müəyyən qədər yumşaldıqdan sonra Azərbaycanda rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunub. Bununla da faktiki olaraq daxili turizmin bərpası üçün şərait yaranıb. Son həftələrin tendensiyası göstərir ki, insanlar daha çox dağ rayonlarına səfər edirlər.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. O bildirib ki, yerli turistlər əsasən Şimal və Şimal-Qərb istiqamətində qış turizmi ilə bağlı səfərlərə üstünlük veriblər.

"Belə səfərlər qış komplekslərində sıxlıq yaradırdı. Bu səbəbdən məhdudiyyətlər tətbiq etməyə başladıq. Məsələn, Şahdağda ancaq rezervasiyası və ya mövsümlük abunəsi olan şəxslərə xidmət göstərilməyə başlanıldı ki, sıxlığın qarşısı alınsın. Şahdağda otellərdə 1200 nəfər qala bildiyi halda, həftəsonu ora hər gün 6000 nəfər səfər edirdi. Bu da insanların sağlamlığı üçün təhlükə yaradırdı. Bilməliyik ki, karantin rejimi qalır və onun elementar qaydaları var, açıq və qapalı məkanlarda turistlər və personal maskadan istifadə etməli, dezinfeksiya məsələlərinə riayət edilməlidir. Turistlərin əksər çoxluğu tərəfindən qaydalara riayət olunurdu, lakin bəzi insanlar tərəfindən buna riayət olunmurdu".



K.Quluzadə qeyd edib ki, daxili turizm bərpa olunursa, Dövlət Turizm Agentliyinin əsas vəzifəsi vətəndaşların sağlamlıqlarını, daxili turizmin təhlükəsizliyini təmin etməkdir.
"Bununla bağlı ötən ildən başlayaraq otellərdə monitorinqlər aparılır, xəbərdarlıq olunur, elementar qaydaları əməl etməyənlərə cərimələr tətbiq edilir. Proses bundan sonra da davam etdiriləcək. Biz indiki yumşalmaları qoruyub saxlamalıyıq ki, yenidən qapanma olmasın. Ötən il daxili turizm bərpa olundu və yenidən sərt karantin rejimi tətbiq edildi. Qapanmanı nə turistlər, nə turizm şirkətləri, nə otellər, nə də dövlət istəyir. Heç kəs bunu istəmir. Ona görə əsas vəzifəmiz bu prosesi qoruyub saxlamaqdır ki, müsbət tendensiya davam etsin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Daxili-turizm  





Xəbər lenti