“Onlar ölümləri ilə qəhrəmanlar yetişdirdilər” - Aprel şəhidinin xanımı

 “Onlar ölümləri ilə qəhrəmanlar yetişdirdilər” -  Aprel şəhidinin xanımı
  02 Aprel 2021    Oxunub:4059
“Vətən müharibəsində döyüşən əsgərlər Aprel şəhidlərinin yaratdığı qəhrəmanlar idi”

Bunu Azvision.az -a açıqlamasında Aprel döyüşlərində şəhid olmuş "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova (Alızadə) deyib.
Şəhid xanımı bildirib ki, Aprel döyüşləri 26 illik fasilədən sonra Azərbaycan Ordusunun və Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinin başlanğıcı idi.



“Aprel döyüşləri sübut etdi ki, xalqımız heç nəyi unutmayıb. Torpaqların bir qarışından da vaz keçməyib. Azərbaycan xalqı daim torpaqlarına geri dönmək barədə düşünür, yeni nəsil Qarabağ sevdası ilə böyüyür. Aprel döyüşlərində şəhid olan hər bir azərbaycan igidi bir dastan yazıb. Az qüvvə ilə hücuma keçib, illərlə qorunan mənfur erməni sədlərini dağıdıblar. Düşmənə dörd gün ərzində başa saldılar ki, bu torpağın əsl sahibləri var, gün gələcək onlar geri dönəcək. Apreldə döyüşən zabitlərimizin, əsgərlərimizin arxasından 44 günlük müharibədə böyük bir ordu hücuma keçdi. Bu şəhidlər nümunə yaratdılar. Vətən Müharibəsində döyüşən əsgərlər Aprel qəhrəmanlarının yaratdığı əsərlər idi. Onlar ölümləri ilə indiki qəhrəmanları yetişdirdilər. Qanları ilə tarix yazdılar, Zəfər yürüşünün başlanğıcını qoydular, onlardan sonra yeni bir nəsil Qarabağı azad etdi, Şuşaya bayrağımızı sancdı.

Mən hərdən Vətən Müharibəsi şəhidlərinin həyat tarixçəsini oxuyuram. Qürurla yazılır ki, Aprel döyüşlərinin də iştirakçısı olub. O, döyüşlərdə bərkimiş bir qəhrəmandır. Aprel döyüşünün iştirakçısı gəlib Vətən Müharibəsində şəhid olur. Bu, o deməkdir ki, igidlərimiz canından keçir, amma inadından vaz keçmir. Bu, Azərbaycan əsgərinin, oğlunun iradəsidir. Onları yetişdirən anaların qarşısında baş əyirik. İllər keçəcək, hamımız dünyadan köçəcəyik. Amma onlar unudulmayacaq. Onlar tarixə düşdülər. Şərəflə xatırlanacaqlar”.



S. Orucova hər zaman şəhidlərimizin xatirələrini andıqlarını bildirib:

“Biz "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq hər il Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçiririk. Adətən bunu Gənclər fondu, "ASAN xidmət", ASAN könüllüləri, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə edirdik. Bu ilə pandemiya səbəbindən tədbirlərimiz videokonfrans formatında baş tutdu. Tədbirə şəhid ailələri, qazilərimiz, "ASAN xidmət"in rəhbəri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qatıldı. Şəhid anaları gənclərə çağırışlar etdilər”.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Raquforucov  





Xəbər lenti