“Müqaviləli ordu sisteminə gələcəkdə keçə bilərik”

“Müqaviləli ordu sisteminə gələcəkdə keçə bilərik”
  28 Fevral 2014    Oxunub:916
“Hazırda Azərbaycanın müqaviləli ordu sisteminə keçidini, çağırış sisteminin ləğvi məsələsini ciddi müzakirə etmək lazımdır. Bu indiki şəraitdə bizə nə verə bilər?”.
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc YAP-ın saytına verdiyi müsahibəsində bildirib.

Millət vəkilinin sözlərinə görə, bu, elə bir sistemdir ki, kimlərsə ordudan kənarda qalırsa, kimlərsə yüksək təminat əsasında silahlı qüvvələrdə 25 illik xidmət göstərir.

“Əlbəttə ki, müqaviləli ordunun öz üstünlükəri var. Məsələn, NATO ordularında bir briqadanın 1500 nəfərlik heyətinin gördüyü işi keçmiş sovet respublikalarının ordu quruluşlarına malik olan ölkələrdə 4 mindən artıq bir kontingent yerinə yetirir. Yəni bu sistemlərin funksiyaları da, təminat şərtləri, üzərində daşınan öhdəliklər də tamamilə fərqlidir. Bütün bunların fonunda müqaviləli ordunun başqa bir üstünlüyü mobil bir orduya malik olmasıdır. Bu sistemə keçid öyrənilir. Bunun üstünlükləri ilə bərabər ilk vaxtlar problemlər də yaradır. Məsələn, bu problemlər qonşu Gürcüstanda da, eləcə də Şərqi Avropa ölkələrində də yaşanıb. Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Ona görə də, hesab edirəm ki, belə bir vəziyyətdə ölkəmizin müqaviləli ordu sisteminə tam keçidi hələ gələcəyin işidir”-deyə deputat qeyd edib.

Z.Oruc vurğulayıb ki, ordu qurulculuğunu qısa müddətdə həyata keçirmək mümkün deyil:

“Biz xeyli beynəlxalq tədbirlərdə oluruq, eləcə də, başqa ölkələrin təcrübəsi öyrənilir. Ordu quruculuğu 1-5 ilin işi deyil. Bu, uzunmüddətli strateji bir fəaliyyətdir. Digər tərəfdən, burada təkmilləşmə, yeniləşmə və islahatlar daim tələb olunur. Müqaviləli ordu modeli hazırki dövrdə xüsusilə NATO ölkələrində tətbiq edilir. Bu, artıq peşəkar iş səviyyəsində gerçəkləşdilir. Həmin ölkələrdə alternativ hərbi xidmət insanların həyat tərzi, iş yeridir, peşəkar həyatını sərf etdiyi məkandır. Belə olan təqdirdə biz nəzərə almalıyıq ki, Azərbaycanda müqaviləli qaydada minlərlə insan orduda çalışır. Onların müəyyən bir dövrlə bağlı müvafiq strukturlarla hüquqi razılaşmaları var. Amma bu, bütövlükdə müqaviləli ordu anlamına gəlməməlidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti