“Vacib və təhlükəsiz yol peyvəndləmədir” - Vasif Əliyev

 “Vacib və təhlükəsiz yol peyvəndləmədir” -  Vasif Əliyev
  08 Aprel 2021    Oxunub:2137
"COVID-19 pandemiyasını sonlandırmaq üçün əhalinin vaksinasiyasını kütləvi şəkildə və qısa müddətdə həyata keçirməliyik. Lakin bu, peyvənd olunan şəxsin heç də bu xəstəlikdən tamam uzaq olmağı demək deyil. Peyvənd vurulması infeksiyaya yoluxma zamanı xəstəliyi assimptomatik və ya yüngül formada keçirməyi təmin edir. Eyni zamanda vaksin nəticəsində orqanizmdə anticisimlərin yaranması şəxsin reanimasiyada yatmaq ehtimalını minimuma endirir".
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib. O bildirib ki, peyvənd iki dozada vurulmalıdır və inyeksiya edilənlərdə anticisimlərin yaranması 90 faizdən yuxarıdır.

“Bəzən peyvənd vurulandan dərhal sonra tələsərək anticisimlərin miqdarını yoxlatdırırlar. Bunu ikinci doza vurulandan iki həftə sonra yoxlatmaq daha düzgündür. Bu gün COVID-19 xəstəliyinin müalicəsində spesifik dərman olmadığı üçün təhlükəli infeksiyanın qarşısını ala biləcək yeganə üsul vaksinləşmədir. Biz beləliklə yayılma zəncirini qıra bilərik”.

Həkim-infeksionist hesab edir ki, virusdan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur: “Peyvənd aparılmadan virusdan qurtulmağın digər yolu təbii yoldur. Yəni virusun yoluxduruculuğu azalmalıdır, belə olanda hansısa vaksinə ehtiyac da qalmayacaq. Lakin bunun nə vaxt baş verəcəyi heç kəsə məlum deyil və ona bel bağlamaq olmaz. Ona görə də yeganə yol kütləvi surətdə peyvəndlənmənin aparılmasıdır. Hazırda ölkəmizdə həmin proses yaxşı gedir və onu sürətləndirməklə daha uğurlu nəticələr əldə etmək olar”.

V.Əliyev onu da qeyd edib ki, normal həyata dönmək üçün dünyanın hər yerində pandemiyanın bitməsi lazımdır:

“Hazırda bu sahədə ən əhəmiyyətli, vacib və təhlükəsiz yol peyvəndləmədir. Təbii ki, gələcəkdə yeni mutasiyaların yaranma ehtimalı da var və onlara qarşı mübarizədə indi istifadə edilən peyvəndlərin səmərəsi az ola bilər, lakin bütün bunlara rəğmən peyvənd strategiyası yeganə yoldur. Gələcəkdə meydana çıxan mutasiyaları əhatə edən peyvəndlərin də hazırlanması mümkündür və onun tətbiq edilməsi xəstəliyi yüngülləşdirə, fəsadları azalda və ölüm hallarını minimuma endirə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Peyvənd   Koronavirus  





Xəbər lenti