Bayden “soyqırımı” tanısa cavabı nə olacaq? - ŞƏRH

  22 Aprel 2021    Oxunub : 2512
 Bayden “soyqırımı” tanısa cavabı nə olacaq? -  ŞƏRH
“The Wall Street Journal” nəşri ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımağı planlaşdırdığı barədə məlumat yayıb. Nəşrin yazdığına görə, Bayden bu il səsləndirəcəyi müraciətində 1915-ci ildə baş verən hadisələri “soyqırımı” adlandıracaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə buna cavab olaraq bəyan edib ki, Baydenin soyqırımına dair mümkün bəyanatı iki ölkənin münasibətlərinə xələl gətirə bilər.

Mütəxəssislərin fikrincə, bu cür arzuolunmaz hal yaşanarsa, bu, nəinki ABŞ-Türkiyə, eləcə də Vaşinqtonun rəsmi Bakı ilə əlaqələrinə ciddi zərbə vuracaq.

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyir ki, Co Bayden soyqırımı ifadəsini işlətsə, ciddi siyasi səhvə yol vermiş olacaq. Uydurma soyqırımı ilə bağlı ABŞ prezidenti səviyyəsində səslənəcək açıq fikirlər bu ölkənin Türkiyə və Azərbaycanla olan münasibətlərini zədələyə bilər.



“Soyqırımı ilə bağlı Co Bayden xoşagəlməz addım atarsa, bu hadisə ABŞ-ın hər iki ölkə ilə olan əlaqələrini ciddi şəkildə dəyişəcək. Çünki Bayden barmaqdan sorulmuş faktlara əsaslanaraq belə bir siyasi qərar və ya bəyanat verəcəksə, o, tarixə sözün əsl mənasında rüsvayçı bir prezident kimi düşəcək. Reyqan da hakimiyyətə gələn zaman erməni lobbisinin təsiri altında məlum qərara baxmaq istəmişdi. O, 250 nəfərdən ibarət tarixçilər heyəti hazırladı. Tarixçilər sənədlərin üzərində düz 3 ay işlədilər. 3 aydan sonra müfəssəl bir arayış hazırlamışdılar ki, buradan da başqa, tam fərqli nəticələr hasil oldu. Məlum olmuşdu ki, 1915-ci ildə ermənilərə qarşı soyqırımı olmayıb. Əksinə, ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Həmin vaxtdan ABŞ hakimiyyət orqanları o dövrdə baş vermiş hadisələr haqqında qəti fikir bildirməkdən çəkinir və tarixin bu mərhələsinin qarışıq, mürəkkəb olduğunu, xüsusən də ermənilərin Çar Rusiyasının təsiri altında fəaliyyət göstərdiyini qeyd edirlər”.

Politoloqun fikrincə, indi də Bayden sələflərindən fərqli addım atacaqsa, özünə damğa vurmuş olacaq. Rüsvay olmuş prezident kimi tarixə keçmək isə Baydenin komandasına sərf etməz. Türkiyənin də ABŞ-ın böyük siyasi oyunlarına susqun qalmayacağı dəqiqdir:

“Bayden belə ağılsız hərəkətə yol versə, Türkiyə ABŞ ilə olan əzəli münasibətlərində soyuqluq yaradacaq. Sözün həqiqi mənasında ciddi diplomatik problemlər yaranacaq. Soyqırımı ifadəsi işlənsə, əməkdaşlıqla bağlı bir çox sahələrdə axsamalar yaranacaq. ABŞ-ın Türkiyə ilə iqtisadi və siyasi əlaqələri daha genişdir, nəinki Avropada olan digər müttəfiqləri ilə. Düzdür, Azərbaycanın ABŞ-la olan əlaqələri, əməkdaşlığı o qədər sıx tellərlə bir-birinə bağlı deyil. Ancaq Vaşinqtonda da yaxşı anlayırlar ki, Azərbaycan hazırda region üçün nə deməkdir. Bölgədə öz maraqlarının qorunub saxlanması üçün rəsmi Bakıya qarşı getmək ağılsızlıq olardı. Bir daha qeyd edirəm ki, Türkiyə ABŞ üçün mühüm müttəfiq sayılır. Əgər qondarma soyqırımı ilə bağlı ortaya atılmış siyasi oyunlar Ankaranın maraqlarına uyğun sonlanmasa, bu iki ölkə arasında böhran yaradacaq. Türkiyə ABŞ ilə eyni hərbi-siyasi blokun üzvü olsa da, Baydenin ata biləcəyi ən pis addım Ankaranı sərt davranmağa vadar edəcək. ABŞ qardaş ölkə üçün dost olmayan ölkələr sırasına düşə bilər. Bu isə Vaşinqtonda arzuolunmaz vəziyyət yaradacaq”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Bayden   ABŞ   Türkiyə