13 minədək şagird buraxılış imtahanı verdi - YENİLƏNİB

  29 Aprel 2021    Oxunub : 3351
13 minədək şagird buraxılış imtahanı verdi -  YENİLƏNİB
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.
DİM-dən Azvision.az-a verilən məlumata görə, Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Bu gün, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahan keçirilib.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 12 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Azvision.az

Teqlər: İmtahan   DİM