“Uzun illər ərzində əlillik məsələsindən sui-istifadə edilib” - Agentlik rəsmisi

“Uzun illər ərzində əlillik məsələsindən sui-istifadə edilib” - Agentlik rəsmisi
  01 May 2021    Oxunub:7727
Azərbaycanda əlilliyin ümumi göstəricisi əhalinin 6%-ni təşkil etsə də, pensiya sistemində əlilliyi olan şəxslərin payı 30%-dir. Digər ölkələrdəki müvafiq göstəricilərlə (12-20%) müqayisədə xeyli yüksək olan bu rəqəmlər əslində uzun illər ərzində əlillik məsələsindən sui-istifadə edildiyini, haqqı çatmaya-çatmaya dövlətdən hər ay ödəniş almaq üçün saxta yollarla əlilliyin rəsmiləşdirildiyini göstərir.
Bunu Azvision.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib:

"Bu gün sirr deyil ki, sağlamlıq durumu qaydasında olsa da, vaxtilə saxta tərtib edilmiş tibbi sənədlər əsasında əlillik təyin edilənlər, “əlilliyi olan şəxs” adını daşıyanlar, dövlətin əlilliyi olan şəxslər üçün ayırdığı qayğıya haqqı çatmayaraq ortaq olanlar var. Belələri əlilliyi olan şəxslərin, ümumən cəmiyyətin qınaq hədəfinə çevrilir" .



T.Qurbanov bildirib ki, son illərdə aparılan islahatlar bu məqsədə - əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılmasına, əsassız əlillik təyinatlarına yol verilməməsinə, saxta təyinatların aşkar edilərək ləğv olunmasına yönəlib:

"7000-dən çox saxta əlillik təyinatları – onların böyük hissəsi aylıq pensiya məbləği 1000 manatdan yuxarı olanlardır - aşkarlanaraq ləğv edilib. Bu da illik 30 milyon, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısının alınması deməkdir.

Reabilitasiya olunan əlilliyi olan şəxslərin pensiya işlərinin sayında 16 min azalma olub. Bu da illik 71 milyon, uzunmüddətli dövrdə isə 1,5 milyard manatlıq qənaət deməkdir.

Onu da bildirim ki, saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsait həssas əhali qruplarının, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir".

T.Qurbanov qeyd edib ki, saxta əlillik təyinatlarına yol verənlər, bunun təqsirkarları Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə görülən tədbirlər nəticəsində ifşa olunaraq məsuliyyətə cəlb edilir:

"Son illərdə bununla bağlı mediada dəfələrlə məlumatlar yayımlanıb. Saxta əlillik təyinatlarına yol verilməməsi üçün hazırda şəffaf mexanizmlər fəaliyyət göstərir və bu istiqamətdə ciddi nəzarət təmin olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əlillik   DSMF  





Xəbər lenti