Ermənilər "ideoloji iflic" keçirirlər

Ermənilər "ideoloji iflic" keçirirlər
  01 İyul 2021    Oxunub:1010
Erməni ekspert dairələri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan prezidentinin çıxışlarının detallarını tam şəkildə analiz edərək, onun hər kəlməsini erməni hakimiyyətinin qaşısına böyük sual kimi qoymaqla məşğuldurlar.
Silahlı Qüvvələr günü Prezident İlham Əliyev MN rəhbərliyinin qarşısında çıxışında Vətən Müharibəsinin nəticələri və Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə yazdığı səhifədən danışdı. Qarabağ münaqişəsi ətrafında gedən siyasi oyunlar, Azərbaycanın qələbəyə köklənmiş strategiyasını şərh edən Prezident onsuz da şokda olan erməni cəmiyyətini yenidən iflic edəcək bəyanatlar verdi. Ermənilərin Azərbaycan Prezidentinin çıxışından götürdükləri ən populyar fraza budur: "İkinci Qarabağ müharibəsi ermənilərə elə bir dərs oldu ki, onlar bu dərsi heç vaxt yaddan çıxarmayacaqlar".

Erməni KİV-ləri bu frazanı sual olaraq öz siyasətçilərinə yönəldərək, şərh etmələrini istəyiblər. Seçkini uduzan müxalifət liderlərinin heç biri son zamanlar onsuz da Ermənistan və ərtafında baş verənlərə açıq münasibət bildirməyiblər. Seçkiqabağı kampaniya zamanı Paşinyanı və ətrafını satqınlıqda ittiham edərək bəzi populist çıxışlar xaric, Köçəryan-Sərkisyan cütlüyü ermənilərin alt-üst olmuş əsrlik illüziya və xülyalarını "bərpa" edə bilmələri üçün heç bir gurultulu vəd verə bilmədi. Azərbaycanın qələbəsindən keçən hər gün, hər ay erməni ictimai şüurunda bir sindroma, özünəinamı sındıran kompleksə çevrilməkdədir.

Daşnak ideologiyasının öyrətdiyi nağıllarla böyüyən ermənilər hazırda içinə düşdükləri reallığın təsirilə mənəvi və əqli iflic keçirirlər. Bu vəziyyətdən çıxmağın yollarını axtaran erməni elitası isə ənənəvi havadarlarının real zamana uyğun həyata keçirdikləri regional siyasətdən şoka düşüb. Seçki kampaniyası dövründə Paşinyanın rəqiblərinin çıxışının ana xəttini təşkil edən "Rusiya ilə daha sıx münasibətlər qurulucaq, yeni hərbi əməkdaşlıq müqaviləsi imzalanacaq" bəyanatlarını elə erməni ictimaiyyətinin özü də rədd edilərək, məsxərəyə qoydu. Axı Rusiya ilə "daha yaxın" əlaqə necə ola bilər? Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür, Rüsiya ilə gömrük birliyindədir. Bundan başqa, Ermənistan Rusiyanın başında durduğu KTMT hərbi blokunun üzvüdür və ərazisində Rusiyanın bir neçə iri hərbi bazası var.

Digər tərəfdən, Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədini Rusiya qoşunları qoruyur. Bundan "daha sıx" əlaqə yalnız və yalnız Rusiyanın subyektinə çevrilmək ola bilər! Erməni cəmiyyətinin sağlam düşüncə tərzini itirməmiş hissəsinın Köçəryan blokunun demoqoqlarına cavabı məhz belə oldu və bu, müharibəni uduzan Paşinyanın seçkidə keçmiş terrorçular üzərində əzici qələbəsiylə nəticələndi.

Ermənilər doğrudan da onları içindən çıxılması demək olar ki, mümkün olmayan bir bataqlığa sürükləmiş Qarabağ separatçılarını heç vaxt unutmayıblarmış. Ermənilər bundan sonra onlara "Dənizdən dənizə böyük erməni imperiyası" vədləri verən heç kəsə inanmayacaqlar. Çünki Prezidentin dediyi kimi, onlar bu vədlərə inanaraq etdikləri səhvlərin nəticəsində aldıqları dərsi qiyamətə qədər unutmayacaqlar.

Ömər Şahin
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti